Jurnalistdən Mətbuat gününə söz ardı…

Aydın Canıyev

Ehtiyyatda olan jurnalist…

bağışlayın, üzrlü sayın — tez durmuşam yuxudan (hesabnan günorta oyanmalıydım): üzrlü səbəblərdən!

bu gün də bizim o biri günlərdən biri kimidi, yəni, təxminən belə: «mənim günüm qaradı, sən necəsən, bacanaq?»

Day ölkənin 20 faiz torpağının işğalda olması ümummilli faciədi, mənimki bir az da faciənin tündündəndir!

«Bacanaq» dediyin… səni kimi… dul ola

Bu yaşa çatasan qaynanan olmaya

hələ bu azmış kimi, dədən də qoyub gedə!

nə arvad ola, nə sevgili, «sevirəm» dediklərinlə ömrü yola verəsən!

bütün bunları rəhmətlik Arif demişkən, Ağa Mircavad ağaya göstərsən, «yox» deməyə bəlkə üzü gəlməyəcək bir dənə servis olunmuş «»sveji» xiyar, iki dənə göy alça, 100 qram araq»la… «nəəə gedəər!!! nəəə ged…d…dəər!» deyib ötüşdürmək olardı, fəqət…

Elman Nəsirovun analoqsuz inkişaf haqqındakı çıxışlarında yer alan yeni yaradılan 2 milyon iş yerindən heç birində işləməyəsən, hələ öz işində heç işləməyəsən!

Və… gələ çata sənin peşə bayramın, sən də işsiz olasan — bu, qaynanasızlıq dərdindən də ağır dərddi e!

bu dul dostların zarafata salıb, bir-birini təsəlli üçün «bacanaq» çağırmağından da ağır dərddi e!

bu… evsizlikdən, atasızlıqdan, arvadsızlıqdan da lap ağır dərddi e!

və… təsəlli üçün bir kimsə də köhnə iş yoldaşlarından çıxıb «Qaynana»dakı Qaynana bacıoğlu Əliyə «sən arvad saxlayan kopayoğlusan?» dediyi kimi, adama da demir ki, sən işləyən kopayoğlusan?

Döyüşə, ad gününə, sünnət və böyük toya çağırış vərəqi kimi ölümə də dəvətnamə yaşına çatasan, həm arvad saxlayan, həm işləyən kopayoğlu ola bilməyəsən… bir o sadə səbəbdən ki, sənin ixtisasın sahəviləşib!

Var…
CURnalistlər — o «kruq» üçün yaradılmış holdinqlərdə ancaq özləri işləyə bilərlər, sən özlərindən deyilsən,

Var…

ZURnalistlər — muğam triosunda, xor kapellasında, nəfəsli alətlər orkestrində züy tutanlar, çalanlar ştatında olasan gərək: yazmağı öyrənməyə bir ömür getdi, indi çalmağı haçana öyrənəsən?

Var…
VURnalistlər — vurmaq üçün gərəkən bütün arsenalı, aksessuarı əldə etmək üçün ya gərək bizim civilər kimi həci sponsorun ola, ya da reketlik məharətin!

Var…

HÜRnalistlər — ya it nəslindən olmağın, ya da it nəslinə calanmağın birinci şərtdir! Sümüyümü uşaq olub bilməyib qələt edib bir dəfə it sümüyünə calayıb 12 ilə qurtulan adamam, lazımdı mənə?

Var…

var da var… şeytanın şeytanlığının sayı-hesabı var, bizim bu yazarların sortunun-sifətinin hesabı yoxdur, kvartilyonu keçib tratilyona çatır: EHM tüstü verir saymağa başlayanda!

Əlqərəz…

Curnalistlər — sağa, zurnalistlər — sola, vurnalistlər — yuxarı, hürnalistlər — aşağı, qalanları — geri! Kİ…

hərəsini yiyələri təbrik etsin, təkcə…

HÜRRnalistlər-JURNAListlər — irəli! Onlara da mən təbriklər deyim!

Bu qədər həssas peşənin-sənətin bu günə düşməsi ürək dağlayır! Adının baş hərfi dəyişəndə belə nə bərbad günə qalır, bir hərflə cütləşəndə nə qədər şiddətlənir-güclənir, bunlar haçan bu qədər dəyişdilər? Bunlar bir hərf qədər niyə şiddətlənə bilmədilər, İlahi!?

«Yaz, Möhsün» dedik, güldük, Möhsün də dönüb oldu Möhsünov, indi o başlayıb danışmağa, biz yazırıq və… ağlar qalırıq!

Ağlar günə qalan «gün»ümüz… lay-lay, a lay-lay!

Bu xəbəri paylaşın: