“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

Bir neçə gün əvvəl təhsil eksperti Kamran Əsədov yeni tədris ilinin nə vaxt və hansı formada başlaması ilə bağlı təklif irəli sürüb. Ekspert bildirib ki, Yeni tədris ili 1 sentyabrda başlaya və bu ay yalnız əvvəlki ildə keçirilməli olan mövzulara həsr oluna bilər.

Tədrisin formasına gəldikdə isə mütəxəssis prosesin ənənəvi, onlayn və həm ənənəvi, həm də onlayn qaydada həyata keçirilə biləcəyini deyib. Əgər həm onlayn, həm ənənəvi qayda tətbiq edilsə, bu zaman sıxlığı minimuma endirmək üçün Kamran Əsədov dərslərin hər gün olmamalı olduğunu vurğulayıb. Belə ki, o, mövcud vəziyyətdə üç günlük tədris prosesinin effektli ola biləcəyindən bəhs edib.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Yenisabah.az-a açıqlamasında bildirib ki, tədrisin 3 günlük olması mürəkkəb məsələdir:

“Bu məsələ ilə bağlı Təhsil İnstitutu, Təhsil Nazirliyi, Baş nazir fikir səsləndirməlidir. Təhsil ekspertlərinin hərəsi bir söz deyə, çoxlu variantlar irəli sürə bilərlər, amma bunlar nə qədər real olub-olmaması sual altındadır. Ənənəvi təhsil də, onlayn təhsil də bizə məlumdur. Burada yenilik o ola bilər ki, dərslər siniflər üzrə günləri bölünsün. Bu isə olduqca mürəkkəb məsələdir. Mən bunun əvəzinə daha real təklif irəli sürərdim. Məlumdur ki, pandemiya yer kürəsində təkcə Azərbaycanı tutmayıb. Bu, ümumbəşəri bir xəstəlikdir və burada təhsilə diqqət yetirən çoxlu sayda dövlət var. Ona görə də biz bəşəri təcrübəni öyrənməliyik. Mənin hazırda yanaşmam budur. İlk növbədə yaxın dövlətlərə baxılsın, əhalisi bizim əhaliyə yaxın olan dövlətlərin bu problemi necə həll etdiyi nəzərdən keçirilsin və onların praktikası tətbiq edilsin. Fikrimcə, təzədən təkərli velosiped ixtira etməyə ehtiyac yoxdur. Təhsil ekspertinin sözünü yox, təhsilin özünü müzakirə etməliyik”. 

Şahlar Əsgərov qeyd edib ki, hazırda tədqiqatda özünü təsdiqləyən nəticələri tətbiq etmək lazımdır:

“Yoxsa mən də bu təklifə 2-3-nü əlavə edə bilərəm. Məsələn, gecə məktəbləri də əlavə edək və tədrisi üç növbə edək, bilirsiz, bunların bir o qədər də əhəmiyyəti yoxdur. Əgər gənclərin məktəbə toplaşması qorxuludursa, 2 növbə etmək olar. Səhər aşağı siniflər gəlsin, günorta isə 6-cı sinifdən yuxarı olanlar… Mən təsdiqini tapmayan yeniliklərin tərəfdarı deyiləm. Çünki bu məsuliyyətli işdir və bu məsuliyyəti lazımi orqanlar öz üzərinə götürməlidir”. 

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •