AVMVİB Azərbaycana-Türkiyə birgə hərbi təlimlərini alqışlayır

«Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Türkiyə Silahlı Qüvvələrinin bizim orduyla birgə təlimlərini alqışlayır və rəğbətlə qarşılayır.»

Bu sözləri AVMVİB sədri Füzuli Rzaquliyev, həm İdarə Heyətinin yığıncağında, həm də AVMVİB-də təmsil olunan yüksək rütbəli müharibə veteranları olan zabit üzvlərlə görüşdə söyləyib. «Ulu öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» ideyası reallaşır. Müharibə veteranları birgə təlimlərdə iştirak edən əsgər və zabitlərimizi bir daha salamlayır və təlimlərdə uğurlu nəticələr arzulayırlar.

AVMVİB-də bu gün yüksək rütbəli Birlik üzvləri ilə keçirilən görüşdə keçirilən təlimlərin davamlı olması və birgəlik prinsiplərinin bundan sonra da dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Ali Baş Komandanlarımız Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin uzaqgörənliklə həyata keçirdikləri siyasi-hərbi strategiya hər iki ölkəni daha da yaxınlaşdırdığı görüşdə qeyd olunub. Polkovniklər Salman Musayev, Elmar Hüseynov və İlham Rüstəmov görüş zamanı bu birliyi alqışladıqlarını bildirdilər.

Xatırladaq ki, Türkiyə və Azərbaycan ordusunun birgə genişmiqyaslı hərbi təlimlərinə start verilib.

Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, eləcə də hərbi aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Bu təlimlər Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun keçirilir. Lakin təlimlərin son dövrlər bölgədə baş verənlər, xüsusilə Tovuz döyüşlərindən sonraya təsadüf etməsi düşmənləri ciddi surətdə narahat edir.

Ən maraqlı məqam hərmi təlimlərin keçirildiyi tarixdir: 29 iyul – 10 avaqust.

100 il öncə — 1920-ci ilin 10 avqustunda Osmanlı imperiyasının torpaqlarının bölüşdürüldüyü Sevr müqaviləsi imzalandı.

Müqavilənin 88-93 maddələrində Osmanlının Ermənistan respublikasını tanıması, Türkiyə torpaqları olan Trabzon, Ərzurum, Van və Bitlis əyalətlərinin Ermənistana verilməsi yer alırdı.

I Dünya müharibəsindən sonra dünyanın yenidən qurulması üçün məşhur “14 bənd” tezisinin müəllifi olan ABŞ prezidenti Vudro Vilson “yeni dünya xəritəsində” Azərbaycana yer ayırmamışdı. Əvəzində, kağız üzərində də olsa “böyük Ermənistan” yaradılmışdı. Atatürkün Qurtuluş savaşı bu planları pozdu, 1923-cü ildə imzalanan Lozanna müqaviləsi Sevri sıradan çıxardı.

Lakin 100 ildir ermənilər Sevrin nostaljisi ilə yaşayır, “böyük Ermənistan” xəyallarının gerçəkləşməsi üçün hər şeyə əl atırlar. Hətta son bir ildə Ermənistan mediası beynəlxalq güclərə xatırlatmaq üçün Sevr müqaviləsini geniş şəkildə təbliğ edir.

Azərbaycan-Türkiyə hərbi təlimlərinin avqustun 10-da – Sevrin 100 illiyində bitdiyinə tarix kontekstindən baxsaq, bunu ermənilərə və onların arxasındakı güclərə (həm bölgədə, həm də Qərb yarımkürəsində) “Bakı və Ankara ittifaqı regionda əsas gücdür və bu güc ermənilərin ərazi iddialarının gerçəkləşməsinə imkan verməyəcək” mesajı kimi qiymətləndirmək olar.

Qafqaza işğalçı və quldur kimi soxulan yığnaqlar buradan gec-tez dəf olub getməlidirlər. Bu dağlar xəyanətkarları sevməz. Rusiya öz köpəyini öz qapısında yallamağa məcbur edilməlidir və Rusiyanın Ermənistan adlı forpostunda keçirdiyi qanunsuz hərbi təlimlər qınanmalıdır. Görüşdə iştirak edən müharibə veteranları beynəlxalq güclərin Rusiyanın bu hərbi müdaxilələrinə ciddi reaksiya verməyə çağırıblar.

Elnur Səlim

Bu xəbəri paylaşın: