Xabarovskda qubernatora dəstək mitinqi: Furqal kimdir və etirazçılar nə istəyir?

Rusiyanın Uzaq şərqində qubernator Sergey Furqalın həbsiylə bağlı üç həftədir ki, arası kəsilməyən kütləvi etirazlardan sonra, yeni izdihamlı nümayiş keçirilib.

Şənbə günü Moskva da daxil, Rusiyanın təxminən 15 şəhərində Xabarovsk ilə həmrəylik aksiyaları keçirilib. Aksiya gedişatında bəzi nümayiş iştirakçıları saxlanılaraq, polis bölmələrinə aparılıb.

Etirazçıların tələbi nədir?

Xabarovsk şəhərində keçirilən aksiya iştirakçıları həbs olunandan sonra Moskvaya aparılan sabiq qubernatorun sərbəst buraxılmasını tələb edirlər.

Onlar həmçinin Sergey Furqalın yerinə təyin edilən rəsminin geri çağırılmasını istəyirlər.

Furqal
Şəklin alt yazısı,Sergey Furqal iyulun 9-da həbs olunub

Sergey Furqal kimdir?

Xabarovsk diyarının qubernatoru Sergey Furqal iyulun 9-da həbs olunub.

O, təxminən 15 il əvvəl baş verdiyi deyilən cinayətlərdə ittiham olunur. Sabiq qubernator ittihamları rədd edib və günahsız olduğunu bildirir.

Sergey Furqal Liberal Demokrat Partiyasının üzvüdür.

O, 2018-ci ildəki seçkilərdə Kremlin namizədinə qarşı mübarizədə qələbə qazanmağa müvəffəq olub.

Bir çoxları hesab edir ki, siyasətçinin həbsi həmin qələbəyə görə siyasi intiqamın nəticəsidir.

Etiraz aksiyası

Etirazlar nə zaman başlayıb?

Xabarovsk şəhərində kütləvi nümayişlər iyulun 11-də başlayıb.

Şənbə günləri aksiyalar daha izdihamlı keçir. Belə ki, iyulun 18-də 30 dərəcəlik istilərə baxmayaraq, nümayişə 10 mindən (şəhər rəhbərliyinin rəqəmləri) 85 minədək (bölgə mediasına görə) insanın qatıldığı bildirilir.

İyulun 25-də keçirilən mitinqə 6,5 min insan (rəsmi məlumatlara görə) gəlib. Mediada bu rəqəmin 50 min civarlarında olduğu göstərilir.

Şənbə günü axşam saatlarında Xabarovskda daha kiçik aksiya keçirilib

Şərhçilər bu etirazların bölgə tarixində ən izdihamlı olduğunu qeyd edirlər.(BBC)

Bu xəbəri paylaşın: