İslam dünyası Qədir-Xum bayramını qeyd edir

Hicri-qəməri tarixi ilə bu gün-zilhiccə ayının 18-də İslam dünyasının əhəmiyyətli hadisələrindən olan Qədir-Xum bayramı qeyd edilir.

İnterAz-ın məlumatına görə, hicrətin 10-cu ili (miladi 632-ci ilin mart ayı) Həzrət Məhəmməd Peyğəmbər (s) Allahın buyurduğuna müvafiq olaraq Həzrət Əlini (ə) özünə canişin təyin edib. Həmin hadisə zilhiccənin 18-nə təsadüf edib.

Tarixi hədislərə əsasən, Həzrət Peyğəmbər (s) 100 min nəfərdən çox səhabə ilə birlikdə son həcc ziyarətini yerinə yetirdikdən sonra zilhiccə ayının 14-də Məkkəni tərk edib və Mədinə şəhərinə tərəf üz tutub. Məhz Məkkə ilə Mədinə arasında, Cühfə kəndi yaxınlığındakı Qədir-Xum vadisində bu tarixi hadisə baş verib.

Allah-təala Öz Peyğəmbərinə aşağıdakı ayəni vəhy edib: «Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!» («Maidə», 67).

Bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) karvana köç salmaq əmrini verib. Həzrət Məhəmməd Peyğəmbər (s) camaatla zöhr namazını qıldıqdan sonra hamı görsün deyə, bir qədər hündür yerə qalxaraq Həzrət Əlini (ə) öz xəlifəsi və canişini elan edib. Bundan sonra digər səhabələr Həzrət Əliyə (ə) yaxınlaşaraq, onu təbrik ediblər.

Belə bir hadisənin baş verməsini heç bir islam alimi (məzhəbindən və təriqətindən asılı olmayaraq) inkar etməyib. Bir çox İslam alimləri bu əlamətdar günün əsrlər boyu müsəlmanlar arasında bayram kimi qeyd edildiyini bildiriblər.

Bu xəbəri paylaşın: