Qarabağ döyüşçüsü ölümdən qurtardığı ana-qızdan danışdı: Həmin an məndən soruşdu ki… — VİDEO

Publika.az-ın və İtv-nin üzvümüz Pyotr Kuvşinov haqqında yayınladığı materialları diqqətinizə çatdırırıq.

“Uşağın səsi gəldi. “Kömək edin, kömək edin” deyə qışqırırdı. Mən tez üzərək getdim. 3 nəfər idilər. Atası, anası və uşaq. Azyaşlını tutdum. Gətirib sahilə təhvil verdim. Çevrilib baxdım ki, atası ilə anasını artıq su 100 metrdən çox aparıb”.

Publika.az xəbər verir ki, bu sözləri Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının Baş müəllimi Pyotr Anatolyeviç Kuvşinov Xəzər dənizinin sahilində, Şimali GRES bölgəsindəki Mayak çimərliyindən bir qədər aralıda batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfəri xilas etməsindən danışarkən deyib.

“Qadına yaxınlaşanda gördüm ki, üzüstə suda qalıb. Ondan yapışdım və sahilə doğru çəkdim. Həmin an gözünü açıb məndən soruşdu ki, qızım haradadır. Dedim ki, artıq onu sudan çıxarmışam”, — Kuvşinov bildirib.

63 yaşlı müəllimin həyat yoldaşı İnna Smaqina da həyat yoldaşına kömək etmək üçün onun ardınca suya girib: “Dalğalar çox yüksəlirdi. Ona görə həyat yoldaşım batan qadının harada olduğunu tam görə bilmirdi. Mən ona əllərimlə istiqaməti göstərib kömək etmişəm”.

Qeyd edək ki, Pyotr Anatolyeviç Kuvşinov professional üzgüçüdür. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında Su polosu üzrə yığma komandamızın baş məşqçliyini edib. Qarabağ müharibəsi iştirakçısıdır.

P.S. Pyotr Anatolyeviç Kuvşinov AVMVİB-nin üzvüdür və onunla fəxr etməyə dəyər…Sağ ol, Azərbaycanskiy Pyotr!

Bu xəbəri paylaşın: