Belarus Vladimir Putinin nəyinə lazımdır və plan “B” nədir?

Belarus və Rusiyanın inteqrasiyası Putini həmişəlik hakimiyyətdə saxlaya bilərdi. Amma prezident Lukaşenko dedi ki, “hətta əli qandallı da” buna razı olmayacaq. İndi yalnız plan “B” qalır

“A” və “B” planları

Yanvarın 15-də Vladimir Putin Rusiya hökumətini istefaya göndərib və ölkə konstitusiyasına dəyişikliklər ediləcəyini elan edib.

Bloomberg agentliyinin Kremldəki iki mənbəyə istinadən yazdığına görə, ola bilər ki, bu, “A” planı baş tutmayacağı təqdirdə işə salmaq üçün hazırlanan “B” planıdır.

“A” planı Rusiya ilə Belarusu birləşdirib, yeni dövlətin yaradılmasından ibarət idi.

Məqsəd və metodlar

Hər iki planın məqsədi eynidir – 2024-cü ildə qanuni yolla prezident kürsüsündə qalacağı müddət bitəndən sonra Vladimir Putini hakimiyyətdə saxlamaq.

Rusiya və Belarusun birləşdirilməsi belə bir imkan yaradırdı. Formal olaraq dünya xəritəsində yeni dövlət əmələ gələcəkdi və bu dövlətin yeni konstitusiyası qüvvəyə minəcəkdi və rəhbərlərini də “sıfırdan” seçmək mümkün olacaqdı.

Amma bu plan baş tutmadı – 25 ildir ki, Belarusu təkbaşına idarə edən keçmiş kolxoz sədri Aleksandr Lukaşenko qəti şəkildə etiraz etdi.

İndi o, güzəştə getmədiyi üçün bədəl ödəyir: inteqrasiyadan imtina edəndən sonra Rusiya Belarusun neft emalı zavodlarına çatdırılan xam neftin qiymətini kəskin qaldırıb (20 faiz). Neft emalı Belarus iqtisadiyyatının ən önəmli sahəsidir.

Dövlət katibi Pompeo niyə gəlmişdi?

Vladimir Putinin yürütdüyü aqressiv xarici siyasətin fonunda Rusiya və Belarus arasındakı münasibətlər mühüm geosiyasi mövzuya çevrilib.

Fevralın əvvəlində Minskə dövlət katibi Pompeo səfər edib. Bu, son 26 ildə belə yeksək səviyyəli Amerika məmurunun Belarusa ilk səfəridir.

Minskdə Pompeo Amerika şirkətlərinin Belarusun xam neftə olan tələbatını tam ödəməyə hazır olduğunu bəyan edib.

Biz ən böyük imperiya, dünyanın aparıcı ölkəsi ilə münasibətləri inkişaf etdiririk”, – Lukaşenko bu səfərdən sonra bildirib.

“Heç vaxt!”

Rusiyanın “Exo Moskvı” radiostansiyasına müsahibəsində Lukaşenko danışıb ki, Vladimir Putin ona iki ölkə birləşərsə Rusiya-Belarus ittifaq dövlətinin parlamentinə rəhbərlik etməyi təklif edib. Amma o, bu təklifi rədd edib.

“Vladimir Putini hakimiyyətdə saxlamaq planında özünün iştirakına necə münasibət bəsləyir” sualına Lukaşenko belə cavab verib:

“Mənə Rusiyada heç bir parlament vəzifəsi lazım deyil, hətta məni ora əli qandallı gətirsələr də. Heç vaxt!”

Bu xəbəri paylaşın: