Qardaş Türkiyə Xocalı Soyqırımını niyə dövlət səviyyəsində tanımır? — Türkiyə dövlət rəsmisindən AÇIQLAMA

Ermənistan tərəfindən Xocalıda Azərbaycan Türklərinə qarşı vəhşicəsinə törədilən soyqırımdan 28 il keçməsinə baxmayaraq, Türkiyə Xocalı Soyqırımını dövlət səviyyəsində tanımayıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhəri üzərinə ağır hərbi texnika yeridərək 613 həmvətənimizi vəhşicəsinə öldürüb. 106 qadın, 63 uşaq və 70 qoca Xocalı Soyqırımında əzab içində öldürülüb. 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. Girovluqda olan həmvətənlərimizin çəkdiyi əzab ifadə edilə bilməz.

Unutmaq olmaz ki, Ermənistan silahlı qüvvələri ilə birlikdə Sovet ordusunun 366-cı motoatıcı alayı (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən) Xocalı şəhərində törədilmiş cinayətin əsas iştirakçısıdır. Həmin motoatıcı alay Şuşa və Xocalının atəşə tutulmasında dəfələrlə iştirak edib. 

Eurasia Diary Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala Türkiyənin Xocalı Soyqırımını dövlət səviyyəsində tanımaması ilə bağlı sual ünvanlayıb:

— Cənab səfir, sizə Azərbaycanda çox insanı düşündürən bir sual vermək istəyirəm. Türkiyə və Azərbaycanın qardaş ölkələr olmasına baxmayaraq Türkiyə Xocalı Soyqırımını dövlət səviyyəsində tanımır. Türkiyə Böyük Millət Məclisində Xocalı Soyqırımının tanınması bir neçə dəfə müzakirə olunub, amma yekun nəticədə tanınmayıb. Bu barədə nə deyə bilərsiniz?

«Baxın, Dağlıq Qarabağ Azərbaycanın olduğu qədər bizim də problemimizdir. Xocalıda baş vermiş qətliam bizim üçün də Azərbaycanda hiss edilən kədəri yaratmışdır. Xocalı hər il 26 fevralda Türkiyə Böyük Millət Məclisində təşkil olunan xüsusi bir iclasda yad edilir. Türkiyədə Xocalı ilə əlaqədar parklar açılıb, anma mərasimləri keçirilir. Xocalını yad etmək üçün müxtəlif tədbirlər təşkil olunur. 

Xocalıda qətl edilən bütün qardaş və bacılarımız bizim də soydaşlarımızdır. Belə ki, biz Xocalı haqqında heç vaxt Azərbaycandan fərqli düşünmürük. Xocalıda yaşanmış əzab bizim üçün də eyni dərəcədə ağırdır. Düşünürük ki, bu ağrıları ən qısa zamanda azaltmaq üçün mümkün qədər tez lazımi addımlar atılmalıdır. Bizim bu mövzuda Azərbaycandan heç bir fərqimiz yoxdur.»

Danılmaz faktdır ki, Türkiyə Xocalı soyqırımı, habelə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı ən çox dəstəkləyən ölkədir. Türklər dərin hüzn ilə soydaşları olan Azərbaycan Türklərinin dərdini paylaşır. 

Türkiyə Dağlıq Qarabağ münaqişəsinə görə 1993-cü ildə Ermənistanla sərhədləri bağlayıb. Bu, Türkiyənin Azərbaycanla həmrəyliyinin ən bariz nümunələrindəndir.

Erkan Özoral bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri həqiqətən də çox yüksək səviyyəyə çatıb. O, Azərbaycanın Türkiyə Respublikasına ən çox investisiya yatıran və Türkiyənin isə Azərbaycana qeyri-neft sektorunda ən çox investisiya yatıran ölkə olduğunu qeyd edib. Cənab səfir Türkiyə və Azərbaycanın birlikdə Bakı-Tiflis-Ceyhan neft boru xətti, Bakı-Tiflis-Ərzurum qaz boru xətti, Bakı-Tiflis-Qars dəmir yolu xətti, Trans-Anadolu qaz kəməri (TANAP) kimi dünyanın enerji xəritəsini dəyişən böyük layihələr həyata keçirdiyini vurğulayıb.

Ümid edirik ki, qardaş ölkə Türkiyə Azərbaycanın qanayan yarası olan Xocalı Soyqırımını dövlət səviyyəsində tanıyacaq.

Türkiyə Respublikasında Xocalı soyqırımına həsr edilmiş abidələrin şəkillərini təqdim edirik:

İzmit şəhəri

Sakarya şəhəri

İstanbul şəhəri

İzmir şəhəri

Ankara şəhəri

Uşak şəhəri

Kocaeli şəhəri

Təbriz Abbasov

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •