20 Yanvar qatillərindən olan sonuncu Sovet marşalı öldü

Bu barədə BBC xəbər yayıb.

Moskavada 96 yaşında Dmitri Yazov vəfat edib. O, Sovet İttifaqının sonuncu marşalı və cəmi dörd il SSRİ müdafiə naziri vəzifəsini icra etmiş Yevgeni Şapoşhikov istisna olmaqla, SSRİ-nin sonuncu müdafiə naziri olub.

Dmitri Yazov 1990-cı ilin 20 yanvar hadisələri vaxtı Bakıya sovet qoşunlarının yeridilməsi ilə bağlı tənqid olunur. O, əməliyyata nəzarət etmək üçün Bakıya yanvarın 14-də, Siyasi Büronun nümayəndə heyəti ilə birlikdə gəlmişdi.

Sabiq müdafiə naziri həmçinin, 1991-ci ildə baş verən çevriliş cəhdində öz iştirakına görə yadda qalıb. Avqust hadisələrinə klassik hərbi çevrilişin bütün əlamətləri xas idi və belə təssürat yarana bilər ki, müdafiə naziri çevriliş cəhdinin əsas iştirakçısıdır.

Lakin Valentin Stepankov və Yevqeni Lisovdan ibarət istintaq komissiyasının materiallarına əsasən, Fövqəladə Komitənin digər üzvləri ilə müqayisədə Yazovun təqsiri nisbətən az olub: o, çevrilişin hazırlanmasında iştirak etməyib, ona son anda qoşulub və üç dramatik gün ərzində baş verənlərə şübhə ilə yanaşıb.

Üstəlik, məhz Dmitri Yazovun roluna görə, Krasnopresnenskaya küçəsi Tyananmenə çevrilmədi.

«Yazov küçəsində qarabasma!» — moskvalılar inqilab günü evlərin divarlarına yazmışdılar.

«Yaxşı icraçı»

Hərbi nomenklaturada müstəqilliyə yer yoxdur. «Bonapartizim»də şübhəli olmaq Sovet hərbi komandiri üçün ən qorxulu şeydir.

Mixail Frunze, Mixail Tuxaçevski, Georgi Jukov və Nikolay Oqarkov kimi qeyri-adi, dürüst və nisbətən azad olan şəxsiyyətlərin aqibəti yaxşı olmayıb. Sistemdə irəli gedənlər mahir icraçılar olub.

Dmitri Yazov də belələrindən biri idi.

Yoxsul ailənin oğlu

Dmitri Yazov 8 noyabr 1924-cu ildə Omsk vilayətinin Yazovo kəndində çoxuşaqlı, yoxsul ailədə dünyaya gəlib. Doqquz yaşında ikən yetim qalıb. Yazov həyatı boyunca onu boya-başa çatdıran sovet hakimiyyətinə sadiq olub.

O, 1941-ci ilin noyabrında könüllü olaraq orduya qoşulur. Bunun üçün o, doğum tarixini bir il azaldır. Bu, yarım əsr sonra, onun şəxsi məlumatları dəqiqləşdirilərkən üzə çıxıb.

O, dərhal zabit məktəbinə qəbul olunur və oranı 1943-cü ildə bitirir. Komandir olaraq Leninqrad və Baltikyanı bölgədə vuruşur. Orta təhsil attestatını 1953-cü ildə ala bilir. Müharibədən sonra, rota komandiri olan Yazovun karyerası irəliləyir. O, Çexoslovakiyadakı sovet ordu qruplaşmasının, Orta Asiya və Uzaq Şərq üzrə hərbi dairələrin komandanı olur.

Dmitri Yazov Karib böhranı zamanı raket və nüvə başlıqlarını qoruyan iki motoatıcı birlikdən birinə komandirlik edir.

1987-ci ildə Dmitri Yazov gözlənilmədən SSRİ-nin müdafiə naziri təyin edilir.

Dmitri Yazov müdafiə naziri vəzifəsinə 1987-ci ildə təyin olundu
Image captionDmitri Yazov müdafiə naziri vəzifəsinə 1987-ci ildə təyin olundu

O zaman Yazov, mühüm, lakin texniki sayılan vəzifədə xidmət edirdi. O kadrlar şöbəsinin rəhbəri idi və vəzifəcə ondan yuxarı pillələrdə olan səkkiz marşal və general vardı.

Lakin, tarixçilərin fikrinə görə, Qorbaçov, əsl sərkərdə və ya orduda yüksək nüfuza sahib olan şəxs axtarmırdı. Ona icraçı zabit lazım idi.

1990-cı ilin 28 aprelinədək Yazov müdafiə naziri vəzifəsində çalışır. O, 41 marşal arasında Sovet İttifaqı qəhrəmanı adına sahib olmayan yeganə hərbçi idi.

Göz qabağındakı qarışıqlıq

İctimai çıxışlarından birində Yazov, «Oqonyok» jurnalının ünvanına nalayiq ifadələr işlədir. Nəşrin baş redaktoru Vitali Korotiç Leninqradda oxucularla görüşü zamanı buna münasibət bildirir. O yarızarafatla deyib ki, ordudan ən böyük axmaqlar və raketlər xaric ediləcək.

Korotiç BBC Rusca Xidmətinə verdiyi müsahibəsində Qorbaçovun ona sual verdiyini deyir: «Kim ilə işləyib-işləməyəcəyimi sənmi mənə buyuracaqsan?»

1991-ci ilin 17 iyununda Baş Nazir Valentin Pavlov Ali Sovetin sessiyasında geniş səlahiyyətlər tələb etdi.

Yazov və DTK rəhbəri Vladimir Kryuçkov ona dəstəklədi.

Müdafiə naziri bəzən fərqli mövqeyini gizlətməsə də, tapşırıqları yerinə yetirirdi: Əfqanıstandan qoşunları geri çəkirdi, strateji silahların ixtisarı ilə bağlı amerikalılarla danışıqlar aparırdı.

1991-ci ildə fövqəladə vəziyyət elan olunmasa idi, Yazov, heç vaxt dövlətin siyasi rəhbərliyinə qarşı çıxmazdı, bu fikirlə demək olar ki, hamı razılaşır.

Qorbaçov, şifahi danışıqlara üstünlük verirdi. O, inanmırdı ki, təyin etdiyi şəxslər müstəqil addımlara qadir olsun.

Çevrilişin xronikası

Kryuçkov, Pavlov, Tizyakov və Baklanovdan ibarət qrup dövlət çevrilişinə hələ 1991-ci ilin fevralında hazırlaşmağa başlamışdı, Stepankov-Lisov komissiyası bu nəticəyə gəlib. Yazov bitərəf qalırdı. O, müzakirələrə məcbur edilərkən, sadəcə hərbçi olduğunu deyirdi.

1991-ci ilin yayında marşal yol ayrıcında idi. Dmitri Yazov, hərbi intizam, Qorbaçova qarşı sədaqət və vətənpərvərlik borcu arasında seçim edə bilmirdi.

İttifaq müqaviləsi layihəsi hazırlanarkən müdafiə naziri 12 yox — 15 respublika üçün döyüşdüyünü demişdi, Yazovun adyutantlarından biri xatırlayır.

Avqustun 6-da, Qorbaçovun Forosa yollanmasından iki gün sonra, Kryuçkov Yazovun müavinlərinə — Vladislav Açalova və hava-desant qüvvələrinin komandiri Pavel Qraçova fövqəladə vəziyyət rejimini təmin etmək üçün tədbirlər siyahısını hazırlamağı tapşırır.

Nazir öz müavinlərinin nə ilə məşğul olduğundan xəbərsiz ola bilməzdi.

Lakin, o, çevriliş hazırlayanlara yekun qərarını bildirməkdən yayınır. 17 avqustda Pavlov, Baklanov, Şenin və Qorbaçov-un köməkçisi, Valeri Boldinin iştirakı ilə «ABC obyektindəki» müşavirəyə gələn Yazov öz razılığını verir.

Tanklar
Image caption1991-ci ildə Moskvaya tanklar yeridildi

Kryuçkov, Qorbaçov, Yeltsin və Nazarbayev iyulun 29-u Novo-Oqarevoda baş tutan görüşdə DTK tərəfindən lentə alınan səsyazmanı təqdim edir. Siyasətçilər İttifaq müqaviləsi imzalandıqdan sonra, Yazov da daxil, bir sıra nazirləri daha liberal şəxslərlə əvəzləməyi planlaşdırırlar.

Şahidin sözlərinə görə, Yazov müşavirədən sonra evə gedərkən Qorbaçov haqqında gileylənir: «Müqaviləni imzalayıb məzuniyyətə getsəydin, hər şey yaxşı olardı».

Avqustun 18-i səhər saat 8-də o, müavini və Moskva hərbi dairəsinin komandanı Nikolay Kalininə fövqəladə vəziyyət haqqında məlumat verir, saat 3-dən 6-nın yarısına kimi Kryuçkov və daxili işlər naziri Boris Puqo ilə əməliyyatın detallarını müzakirə edir.

5-ə 15 dəqiqə qalmış Valdayda istirahət edən Ali Sovetin sədri Anatoli Lukyanovun arxasınca adyutantını göndərir. Saat 8-dən gecə yarıya qədər Pavlovun Kremldəki kabinetində Fövqəladə Hallar Komissiyasının ilk iclasında iştirak edir.

Növbəti gün səhər saat 5-in yarısında İkinci Tamansk motoatıcı, dördüncü Kantemirovsk tank və yüz altıncı Tula hava-desant bölmələri həyəcan siqnalı qaldırılır. Moskvaya 4 min hərbçi, 362 tank, 427 zirehli maşın və piyadaların döyüş nəqliyyatı vasitələri daxil olur.

Yazov silahlı qüvvələrı döyüşə hazır vəziyyətə gətirmək barədə əmr verir. Ancaq, generallar hərbi rəhbərliyin tərəddüd içində olduğunu görürlər. İstintaqa əsasən, inqilabçılar hərbi çevrilişə daxilən hazır deyildilər.

Onlar gözləyirdilər ki, Qorbaçov fövqəladə vəziyyəti təsdiqləyəcək, Yeltsin status və hakimiyyət üçün danışıqlara girəcək, xalq isə tanklardan qorxub dağılacaq.

20 avqustda Fövqəladə Vəziyyət Komitəsi Ağ Evə hücum haqqında qərara gəlir.

Saat 1-dən 4-ə qədər əməliyyatın detalları müzakirə olunur. Hücum avqustun 21-i səhər saat 3-ə təyin olunur. İştirakçılar arasında inamsızlıq yaşanır. Yazov burada iştirak etmir. O, qoşunlara yazılı əmr vermir.

Nəticədə «Alfa» qrupu mövqeləri tutmur və daxili qoşunlar diviziyası Moskvaya daxil olmur.

Taleyüklü qərar

21 avqustda Rusiyanın taleyi Dmitri Yazov-un əlində idi. Yazov, sonralar öz addımları barəsində şərh verməyib. O, ya qorxurdu ya da vicdanı buna yol vermirdi. Məlum deyil.

Səhər 1:30-da general Açalov nazirə çevriliş üçün heç nəyin hazır olmadığını deyir. O, deyir ki, Bağ Dairəsi ilə Yeni Arbatın kəsişdiyi tuneldə zirehli maşınların qarşısını kəsməyə cəhd edən Ağ Evin üç gənc müdafiəçisi həlak olub.

Yazov ona əmr edir: «Kabinetə qayıt və «Dayandırın» əmrini ver!»

Təhqiqatçıların sözlərinə görə, Dmitri Komar, İlya Kriçevski və Vladimir Usovun ölümü həlledici rol oynadı. Yazov qan tökmək istəmirdi və ya buna cürət etmədi.

Yəqin ki, DTK və DİN bölmələrinin irəliləməməsi də öz rolunu oynadı. Nazir düşünə bilərdi ki, əsas məsuliyyəti ordunun üzərinə atmaq istəyirlər.

Təxminən yarım saat — Kryuçkov ilə əlaqə saxladıqdan — sonra, o, Açalovu yanına çağırıb bildirir ki, Lubyankada az sonra müşavirə başlanacaq və orada hücumun başqa vaxta keçirilməsini təklif etmək lazımdır. Müdafiə Naziri əlavə edir: «Mən bir də onunla [Kryuçkov ilə] danışmayacağam!»

Səhər saat 3-də nazirin yanına gələn Hava Qüvvələri komandiri Yevgeni Şapoşnikov «yaranmış vəziyyətdən çıxış» yolunu tapmağı təklif edir.

Nə etmək istəyirsən sualına, o, belə cavab verir: «Qoşunları Moskvadan çıxarmaq, fövqəladə halı qeyri-qanuni elan edib ləğv etmək.»

Səhər saat 5-də Müdafiə Nazirliyinin kollegiyası toplanır. Generalların əksəriyyəti Şapoşnikovu dəstəkləyir. Nazir, qoşunların Moskvadan çıxarılmasına dair qərar verir.

Avqustun 21-i Fövqəladə Vəziyyət Komitəsinin son iclasında Baklanov və Tizyakov, Yazovu qınamağa başlayırlar. O, Forosa, Qorbaçovun yanına getməyi təklif edir. Son sözə sahib olan Kryuçkov da razılaşır: «O, [Qorbaçov] başa düşməlidir ki, bizsiz heç bir şeydir!»

Qorbaçov onlarla danışıqlar aparmaqdan imtina edir. Moskvaya dönən kimi Yazov, Kryuçkov və Tizyakov həbsə alınır.

«Matros sükutunda» saxlanılan nazir öz gündəliyində yazır: «Xalqdan nə qədər uzaq olduğumu anladım.»

Yazov telejurnalist Vladimir Molçanova müsahibədə özünü, qoca əfəl adlandırır. Daha sonralar isə Yazov iddia edirdi ki, Molçanova verdiyi müsahibədən qabaq günlərlə yatmayıb, təzyiq altında olub və dediklərini xatırlamayıb.

Son illəri

1990-cı illərin ikinci yarısında Yazovun keçmiş köməkçisi Leonid İvaşov öz sabiq rəhbərini Çin Xalq Respublikası ilə hərbi əlaqələr üzrə analitik vəzifəsinə dəvət edir. O zaman İvaşov, Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri idi.

Yazov həmçinin, Georgi Jukovun xatirəsini əbədiləşdirən ictimai komitənin sədri olur və müxtəlif yaradıcı tədbirlərdə çıxış edir.

Nazirliyin işçilərinə əsasən, Yazov, bu yarı-reabilitasiya xarakterli addımı yüksək qiymətləndirirdi. Müsahibələrinin birində o bildirir ki, SSRİ dövründə Çin sərhədində 30 diviziya dayanırdısa, indi 27 batalyon yerləşir.

Yazov öz həmkarlarından fərqli olaraq «böyük vətəni xilas etmək cəhdində» iştirak etməsi ilə övünməyib.

O, avqust hadisələri vaxtı Qorbaçovun qeyri-aydın mövqeyinin çaşqınlıq yaratdığını deyirdi. Boris Yeltsin haqqında nə pis, nə də yaxşı bir söz demirdi.

Yazov Serqey Şoyqunu ordunun döyüşə hazırlığına görə, Vladimir Putini isə Krımın birləşdirilməsinə görə tərifləyib.

Dmitri Yazov-un pensiyası ayda 60 min rubl təşkil edirdi. Lüks evlərini tərk edən sabiq müdafiə naziri adi üçotaqlı mənzildə yaşayırdı.

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •