Nəyə layiqiksə, ona qadirik!

Xaqani Ədəboğlu

Yazarın xatırlatması: «Azərbaycan vətəndaşları bu həyatda özlərini yaxşı aparmasalar, öləndən sonra da Azərbaycana düşəcəklər»…

Azərbaycanı paradokslar ölkəsinə çevirdik. Xalq düşünür ki, bu gün cəhənnəm, sabah yəqin yaxşı olacaq. Amma bizdə sabah qurtarıb.
Bizdə xəstə həkimin yanına gedər ki, sağalsın. Amma ayaqla gedib tabutda geri dönər. Həkim də yazıq-yazıq ölü yiyəsinə dil — ağız tökər ki, 100 il yaşasa belə, onsuz da öləcəkdi. Azərbaycanda dirinin yiyəsi olmasa da, ölünün yiyəsi çox olur. Çoxluq da yığışıb ölüyə bəxtəvər verərlər ki, «bəxtəvər canını qurtardı».


Azərbaycanlı haqqını axtarmaq üçün «ədalətxanalara» üz tutar. Adamı başa salarlar ki, dünyada yalnız ədalət var. Amma bizdə bu, «haqq və ədalət» adlanır. Yəni haqqını ver, ədalətini al. Anlamayanı da başa salmağa «vaxt» lazım olur. Onu adam dilində qoduqluğa basıb başa salırlar. Binəva o dəm başa düşüb övrətinə xəbər göndərir ki, kreditdən — zaddan götür, məni buradan qurtar. Artıq başa düşdüm, az qala qanunların kralıyam, el arasında «polojeniyaya» baxacam. Beləcə haqqını verib adam balası kimi ədalətinə sahib çıxan adamın el arasında «blatı» artar.

Adam haqq və ədalətinə varmış birisi kimi özü də öyrənir və üstəlik də, o birilərinə də yol göstərər.


Azərbaycanlı əsgərə gedir ki, Vətəni qorusun. Adını əsgər qoyub başına bəzi üzdəniraqlar min bir oyun açarlar. Əsgər canını qurtarmaq üçün tibb məntəqəsinə çatdırılsa igid, hospitala çata bilsə qəhrəman sayılar. Amma öz canını qoruya bilməyən əsgərdən bu xalq, Vətən qorumağı gözləyir, hələ üstəlik, Qarabağ söhbətinin də həllini gözləyərdi. Amma gözləmək qadağan deyil.

Azərbaycanlı bizim hökumətdən çox şey gözləmir. Eləcə Artur müəllimin hökumətinə yalvarır ki, «dəymə mənə, dəyməyim sənə». Amma küçələrdə hərdən mübarəklərin Galendevagenlərinin təkərlərini öz qanlarına bulayırlar. Hələ onları bu Ciplərdən qoruya bilməyən hökumətdən, onları düşmən tankından qoruyacağına da ümüd edirlər. Amma ümid də tam onların hüuqudur. Qoy etsinlər…


Azərbaycanlı deyir ki, bizim məmurlar rüşvət yığırlar. Mən deyirəm ki, elə bir şey yoxdur. Bizdə nə rüşvət, nə də korrupsiya var. O dəm bir — iki ağzıgöyçək tanışım məndən inciyirlər. Amma əslində ikimiz də eyni şeyi deyirik. Bax «bizdə korrupsiya var» deyənləri bu millətin bir yarısı, «bizdə korrupsiya yoxdur» deyənləri isə o biri yarısı söyər. Ən yaxşısı susmaqdır. Niyə söyüş yiyəsi olmalıyam ki?

Bizdə paradokslar saymaqla bitməz. Azərbaycanlı kolbasaya, hətta ət də vurur. Azərbaycanlı stadion tikib içində, hətta futbol da oynayır. Azərbaycanlı o qədər istedadlıdır ki, 40 litrlik baka dinən olmasa, 100 litr benzini «yerləşdirər». Azərbaycanlı vurma cədvəlində Pifaqorun səhvini axtarar, amma kartof satdığı əyri tərəzisini düzəltməz. Azərbaycanlı oğurluğa qazanc, rüşvətə hədiyyə, əmək haqqına isə «əl çirki» deyər. Azərbaycanlı payını Mamedə oğurlatdırıb hesabını Allahdan tələb edər. Azərbaycanlı əcnəbilərin pulsuz verdiyi səmt qazını pulla millətinə satıb ziyan eliyər, amma erməni kilsəsinə pulsuz qaz versə də ziyan etməz. Azərbaycanlı 100 manatlıq qazancla 500 manatlıq yaşamaq üçün kreditə girər və sonda isə 400 manat borca görə öz arvadını boşayıb «bankla» evlənər. Bütün qazancını və «alimentini» banka verər. Qeyri millətlər Promotey kimi pulu oğurlayır ki, oduna qızınsın. Azərbaycanlı pulu oğurlayır ki, atəşpərəst kimi Oda sitayiş etsin. Çünki azərbaycanlı bilir ki, can gəldi gedərdi, puldan muğayat olmaq gərəkdir. Azərbaycanlı yeganə bəni Adəmdir ki, müəllimlərdən öz nadanlığını pulla satın alar. Azərbaycanlı öz qəhrəmanını ölü, qorxağını isə diri olaraq sevər. Azərbaycanlı öz dilindən başqa, məzmununu bilmədiyi ərəbcəyə Amin, ingilis duasına da «Amen» deyər. Azərbaycanlı 25 ildir ki, Qarabağı qaytarmaqdan dəm vurar. Ehtirasları qızışan kimi Haykanuşun cocuqlarından bir gədə gedib axsaq-uğsaq Siranuş xalasını Bakıya gətirər. Elə onunla da milli ehtirasları soyuyar. Çünki azərbaycanlı çox unutqandır. O qədər unutqandır ki, hətta tualetə nə üçün getdiyini belə unudar…


Bax bu bizik və elə biz də elə buyuq. Hələ gerisi var…

Ah Azərbaycan, Azərbaycan!

Biz səni kor aşiq kimi sevdik. Amma anlamadıq ki, biz səni gözəlləşdirib sevməliydik. Bütün bu naqislikləri aradan qaldırıb sevməliydik. İndi sevgilimizi görüb hərə bizi bir adla çağırar və bu adlara utanaraq baxarıq. Bu sadə bir işdi. Sokrat deyirdi : «Özünüz dəyişin, dünyanı da dəyişin». Bizlər özümüzü dəyişmək şansımızı əldən verdiyimizə görə, ölkəmizi dəyişib qaçmağa çalışırıq. Çünki ən çətin iş özünü dəyişməkdir…


Bilmirəm ki, bu sözləri kim söyləyib, amma hələlik: «Nəyə qadiriksə, ona layiqik. Nəyə layiqiksə, ona qadirik!»

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •