İmam Rzanın məqbərəsində edilmiş dua…

Məşədi Abbas Hüseynli AVMVİB sədrinin müavini


Birinci dəfə İran İslam Respublikasına 2014-cü ilin noyabr ayında getmişəm. Onda Bakı şəhəri Nizami RPİ-nin İŞ-də müstəntiq vəzifəsində işləyirdim.Həmin vaxtları İran İslam Respublikasına polis əməkdaşlarının getməsi çox çətin idi.


İndi isə artıq təqaüdə çüxmışam.2020-ci ilin fevral ayının 19-da idarə etdiyim avtomaşınla həyat yoldaşım Sürəyya və onun rəfiqəsi olan Elyana ilə birlikdə Biləsuvar rayonuna, orada olan sərhəd məntəqəsinə gəldim. Orada əvvəllər olduğu kimi yenə də çoxlu insanlar növbəyə düzülmüşdürlər. Bizim əlimizdə heç bir əşyamız olmadığına və Məhşəd ziyarətinə getdiyimiz üçün, bizim üçün Azərbaycan sərhəd-keçid məntəqəsini keçmək çoxda əziyyətli olmadı. Bizim sərhəd-keçid məntəqəsi əvvəlki vəziyyətdən bir qədər fərqli idi. Elə bil ki, təzələnmə olmuşdu. İran İslam Respublikasının sərhəd yerinə yaxınlaşdıqda isə orada sərhəd- keçid məntəqəsində təmizlik, abadlıqla bağlı çox böyük dəyişikliyin olmasının şahidi oldum. İran İslam Respublikasının sərhəd-keçid məntəqəsində də çətinlik çəkmədik.


İran İslam Respublikasının sərhəd yerindən taksilər olan yerə sərnişinləri aparan avtobusların əvəzinə balaca, bizim əvvəllər istifadə etdiyimiz mikroavtobuslara oxşar, lakin onlardan da əcaib avtomaşınların olmasını görüb onlara mindik. Bu avtomaşınlarda sərnişinləri bizim pulla 1 manata aparırdılar.


Taksilər olan İran Biləsuvarının ərazisində yenə də taksilərin sürücüləri bizi dövrəyə aldılar və şirin sözlərlə hara getmək istədiyimizi soruşdular. Biləndə ki, biz «taksi sürücüsünü çoxdan tapmışıq, gələcəkdir»- desək də, bizə yardımçı olmalarını bildirirdilər. Həmin yerdən yaxınlıqda yerləşən «Ay ışığı» kafesinə getdik ki, çay içək. Həmin vaxtı mən kənara baxıb orada kassa aparatı olan yerdə divara türk xalqının düşməni olan Qasım Süleymaninin şəklinin vurulmasını gördüm. Doğrusu bundan bərk əsəbləşsəm də bir söz deyə bilmədim. Ona görə ki, bura gələndə həyat yoldaşıma söz vermişdim ki, özümü sakit aparacam, heç bir neqativ hallara cavab verməyəcəm.


Biz oturub çay gətirilməsini gözləyərkən mobil telefonuma bir uyğur türk qızının Çin Xalq Respublikasında koronovirusla əlaqədar dünya xalqlarının acımalarına qarşı etiraz etdiyi çıxışı gəldi. Orada həmin qadın Çin Xalq Respublikasının Çində olan uyğur türklərinə qarşı törətdiyi soyqırımdan danışır və dünyada yaşayan insanların, əsasən də Türklərin bu soyqırıma seyirçi qalmamalarını təvəqqe edirdi. Mən bu videogörüntüyə qulaq asarkən kafeyə 10-15 nəfər azərbaycanlı taksi sürücülərinin gəlmələrini gördüm və onlara uyğur türklərinin başına çinlilərin gətirdiyi soyqırımdan danışdım. Onlara dedim ki, Çin Xalq Respublikasında əsarət altında yaşayan uyğur qardaş və bacılarımıza qarşı Çin dövlətinin vəhşi hərəkətlərinə bütün dünya türklər təpki göstərməlidirlər.


Bu zaman kənarda mənə qulaq asan taksi sürücülərindən birisi dedi ki, uyğurlar orada nə gəzirlər ki, Çin dövləti başlarına bu vəhşiliyi gətirir. Mən orada olan şəxslərə Uyğur türklərinin öz torpaqlarında yaşamalarını və həmin ərazini, Doğu Türküstanı 1949-cu ildə Çin dövlətinin işğal etməsini və orada illərdir ki, uyğur türklərinə qarşı soyqırım, asimliyasiya siyasəti yeritdiyini danışdım. Danışdıqca görürdüm ki, bu şəxslərin heç birisinin mənim danışdıqlarımdan xəbəri yoxdur.


Mən hətta onların mobil telefonuna bu uyğur türkünün videosunu göndərmək istədiyimi dedikdə onlar bundan qorxduqlarını və yavaş-yavaş kafeni tərk etmələrini gördüm. Çay içə-içə öz-özümə fikirləşirdim ki, biz nə qədər də öz tariximizi bimirik və savadsızıq. Böyük Üzeyir Hacıbəyovun 1909-cu ildə dediyi bu söz yadıma düşdü. O, deyirdi: »Vaxt gələcək savadlı millətlər, savadsız millətləri ciblərinə qoyub gəzdirəcəklər». Həqiqətən də mən İran İslam Respublikasında olarkən və orada yaşayan milyonlarla soydaşımızın nə qədər savadsız olduqlarını, hətta öz tariximiz, ədəbiyyatımız barədə çoxlarının heç bir bilgisinin olmadığını gördüm. Lakin bir hal məni sevindirirdi ki, burada olan soydaşlarımızın 90 faizdən artığı bizdən fərqli olaraq özlərinin türk olduqlarını fəxrlə səsləndirirdilər. Bizdə insanlarımız özlərini azərbaycanlı adlandırır, hətta onlara, Azərbaycan bizim ərazimizdir, millətimiz isə türkdür dedikdə bundan bəzilərinin əsəbləşdiklərinin, hətta bizimlə mübahisə etdiklərinin şahidi oluruq.


Axır ki, taksi sürücüsü Peyman gəlib çıxdı. Biz onun avtomaşınına minib Təbrizə gəldik. Təbrizdə Peymangilin evində bir qədər qaldıqdan sonra Təbriz-Məşhəd təyyarəsinə mindik. Təyyarəyə minərkən orada olan danışıqların fars dilində olmasını görüb ətafda olan insanlara bildirdim ki, bura Təbrizdi, Türkün müqəddəs şəhəri necə ola bilər ki, burada biz türk dilində deyil, fars dilində danışıqlara qulaq asırıq. Təyyarə göyə qalxmağa başlayarkən təyyarədə olan bələdçinin fars və ingilis dillərində təyyarənin göyə qalxmasını və təyyarənin ekipajının kimlərdən olamasını dedi, təyyarə 1 saat 20-dəqiqədən sonra Məhşəd şəhərinə çatanda da təyyarənin bələdçisi fars və İngilis dillərində məlumat verdi. Təyyarədən düşərkən mən bələdçi qıza yaxınlaşıb türk dilində dedim ki, «Xanım, bura türk şəhəri Məşhəddir, təyyarədə olanların 90 faizi də türkdür, sən niyə türk dilində deyil, fars və ingilis dillərində bizə məlumatlar verirsən?».


Bələdçi qız boynunu tərpədərək mənə bildirirdi ki, o, məni başa düşmür. Onda mən yanımda olan Peymana dedim ki, mənim dediklərimi bu xanıma tərcümə et. O, tərcümə etdikdən sonra bələdçi xanım bildirdi ki, ona belə göstəriş vermişlər ki, yalnız fars və ingilis dillərində məlumat verim. Ümumiyyətlə, mən İran İslam Respublikasında hər yerdə görürdüm ki, küçələrdə olan yazıların hamısı yalnız fars dilndə yazılıbdır. Buradanda görünürdü ki, fars şovinizmi İranda öz çirkin siyasətini həyata keçirir. Hər vasitə ilə Türk diyarı olan İranı farslaşdırır, insanlarmız içərisidə isə bu sahədə asimliyasiya siyasəti yeridir…


…Məhşəd şəhərində hara baxırdınsa tikinti abadlıq işləri aparılırdı. Hətta təyyarə meydanında belə tikinti işləri vüsət almışdı. »Tara» adlı hotelə gəldik, artıq bu oteldə əvvəlcədən 3 gün müddətinə sifariş verib yer almışdıq. 4 ulduzlu bu otelin işçiləridə bizimlə yalnız fars dilində danışırdılar. Biz orada hoteldə 6-cı mərtəbədə iki ayrı-ayrı otaqlarda yerləşdik. Mənimlə Peymanın otağının lap yaxınlığında yeni bir otelin tikintisinin getməsini pəncərədən gördüm. Özümüzlə gətirdiyimiz əşyaları otelə qoyduqdan sonra qərara gəldik ki, ziyarətgaha gedək.


19 fevralda biz İmam Rzanın məqbərəsini ziyarətə getdik. Orada İmam Rzanın böyük bir məqbərəsi vardır ki, uzaqdan belə çox möhtəşəm görünürdü. İçəri daxil olduqda məqbərənin içərisinin qadın və yaşlı insanlarla dolu olduğunu gördüm. Mən orada gördüm ki, ziyarətgaha gələn insanların sayı-hesabı yoxdur. Ziyarətgahın sağ tərəfində yalnız qadın və qızlar üçün, sol tərəfində isə kişilər üçün yer düzəldilmişdir. Burada olan insanlar sosial vəziyyətinə görə zəhmətkeş insanlar olduqları, Allaha, Peyğəmbərə və İmamlara inanan insanlar olması sifətələrindən, hərəkətlərindən görünürdü, lakin mən burada dələduz insanların da olmalarının şahidi oldum. Uzun müddət istintaqda dələduzlarla bağlı cinayət işlərinin istintaqını apardığım üçün həmin şəxslər mənə tanış gəlirdilər. Birdən yanımda olan tərcüməçi Peyman mənə yaxınlaşıb dedi ki, ciblərində olan pullardan ehtiyatlı ol, burada cibgirliklə məşğul olan insanlar da var. Axır ki, İmam Rzanın məqbərəsinin lap içərisinə, qəbir yerinə yaxınlaşdıq. Burada isə insanlar orada olan dəmir barmaqlıqlardan asılı qalmışlar. Ətrafda isə evlərdə mebellərin tozunu təmizləmək üçün əllərində yaşıl rəngdə olan süpürgələr tutan nəzarətçilərin olmalarını və hər hansı bir çəkilişin bu yerdə aparılmasına mane olduqlarını gördüm.
Peyman mənə dedi ki, gərək bura ziyarətə gələn şəxs əlini qəbrin ətrafına çəkilmiş dəmir barmaqlığa vura. Mən həmin yerə nə qədər yaxınlaşsam da insanların həmin dəmir barmaqlıqlardan asılı qalmalarını və həmin yerdən ayrılmaq istəmədiklərini gördüm. Ona görə də güc göstərərək həmin yerə yaxınlaşdım və gördüm ki, bir nəfər iri gövdəli şəxs həmin dəmir barmaqlıqdan bərk yapışaraq oranı tərk etmək istəmir. Mən ona türk dilində dedim: “Ə, bədbəxt oğlu, nə olub bu dəmirdən asılı qalmısan, çəkil kənara, qoy o biri şəxslərdə gəlib bu dəmirlərə əl vursunlar”. Mənim bu sözümü eşidən iri gövdəli şəxs əlini götürüb oradan çəkildi. Mən tərcüməçini də çağırdım ki, gəl sən də əlini bura vur. Beləcə mən orada ziyarət etdim. Allahdan İmam Rzanın məqbərəsində dua etdim ki, Qarabağ torpağı tez bir zamanda ermənilərdən azad edilsin. Öz yurd-yuvalarımıza qayıdaq. Mənim bu duamı eşidən Peyman dedi ki, Abbas müəllim, sən özün və ailən üçün nə isə bir dua etmirsənmi?


Mən ona dedim ki, Peyman, mənim üçün Qarabağımın azad edilməsi, ailədən də, yaxşı yaşayışımdan da üstündür. Ona görə də mənim həyatda yalnız Qarabağımla bağlı duam ola bilər…

Ardı var

Bu xəbəri paylaşın: