Rəsulzadənin nəvəsi: “Mübariz Mənsimov həbsxanalarda çürüdüləsi oğul deyil”

Türkiyədə FETÖ ittihamı ilə həbs edilən tanınmış azərbaycanlı xeyriyyəçi iş adamı Mübariz Mənsimovla bağlı ictimaiyyət və incəsənət təmsilçiləri çoxsaylı dəstək açıqlamaları verirlər.

Fedai.az-ın xəbərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Mübariz Mənsimovun həbs edilməsi ilə bağlı danışıb. Rais Rəsulzadə həbslə bağlı bunları deyib:

“Mən Məhəmməd Əmin Rəsulzadə adlı gəminin sulara buraxılması ərəfəsində Mübariz Mənsimovla ünsiyyətdə olmuşam. Azərbaycan və Türkiyə ictimaiyyətinin çoxsaylı nümayəndələri vardı. Həmin görüşdən gəldikdən sonra mən yazmışdım ki, Mübariz Azərbaycan xalqının çox dəyərli, intellektual, qeyrətli və vətənpərvər şəxsidir. Onun fəaliyyətini biz dəstəkləyirik və dəstəkləməliyik də. Çünki o gerçəkdən də, böyük-böyük işlər görür. Həm Azərbaycan və Türkiyə dövləti üçün. Mübariz bir çox Azərbaycan xadimlərinin, Heydər Əliyevin adına gəmilər buraxıb. Hətta onun ofisində həm Rəsulzadənin, həm Heydər Əliyevin, həm Əbülfəz Elçibəyin portretləri asılmışdı. Mübariz çox demokratik düşüncədə olan bir insandır. Xeyirxahdır. Biz onunla danışarkən bilindi ki, Mübariz ailədə 9 uşaqdan biridir. O, indiki yerlərə çətinliklə yüksələ bilib. Həmişə halal işlər görüb. Mübarizin xeyriyyəçiliklə suala belə bir cavabı da var: “Kəfənin cibləri olmur, nəyin varsa, paylaşmalısan, əl tutmalısan insanlara”.

Rais Rəsulzadə daha sonra əlavə edib ki, bu cür inanılmaz hadisənin baş verməsindən kədərlənib. O, Mübariz Mənsimovun xeyirxah işlərlə uğraşan insan olduğunu söyləyərək, bunları qeyd etdi:

“Söhbətlərindən bəllidir ki, Mübariz həmişə ancaq xeyirxah işlərlə uğraşan bir insandır. Və biz ona həmişə dəstək olmalıyıq. Ona zəng edirdim, köməkçisi dəstəyi götürmürdü ki, bu həbslə bağlı fikirlərimi bildirim. İndi sizin sayt vasitəsi ilə öz fikirlərimi bildirə bilirəm. Biz onu dəstəkləyirik və arzu edirik ki, bu qara buludlar onun başı üzərindən sovuşsun. O, həbsxanalarda çürüdüləsi oğul deyil. Onun fəaliyyəti, gördüyü işlər xalqımıza lazımlıdır. Hətta Mübariz toplantıda o qədər səmimi idi ki, ziyafətdə biz masalarda əyləşmişdik. İnsanlar etdiklərindən dolayı, ona xoş sözlər deyirdi. O özü yaxınlaşdı mənim masama və yanımda durdu və Rəsulzadə və Azərbaycan haqqında çox gözəl milli nitq söylədi. O, çox savadlı və alicənab oğlandır. Çox gözəl mövqeyi var, insansevərdir. Çox təəccüblü bir işdir ki,necə ola bilər ki, onunla bağlı belə bir məsələlər qaldırılsın?! O bütün işləri təmiz görüb”./Gununsesi.org/

Bu xəbəri paylaşın: