Böyük Azərbaycan hökmdarı Nadir şah Əfşar

Abbas Hüseynli//AVMVİB sədrinin müavini

Əvvəli ötən saylarda…

Firdovsinin məqbərəsini ziyarət etdikdən sonra hotelə gəldik və axşam yeməyini yedikdən sonra Məhşəd şəhərini bir daha gəzmək niyyətinə düşdüm.

Buna görədə Peymanla birlikdə piyada İmam Rza məqbərəsinə tərəf getməyə başladıq. Burada gecə olsa da hər yer ışığa qərq olmuşdu. Elə bil ki, hər yer gündüz idi.

Yolda insanlar səhər olduğu kimi gecədə o yan, bu yana gəzişirdilər. Yolda əsasən başı çarşablı qadınlara, üzü tüklü, şalvarı qısa kişilərə rast gəlmək olurdu. Demək olar ki, hər millətdən burada insanlar var idi. Avtomaşınların, əsasən də motoskletçilərin əlindən isə yolu bir tərəfdən, o, biri tərəfə keçmək olmurdu. Sizə onu da bildirim ki, İranda avtomaşın sürmək o qədərdə asan deyil. Burada bizdə olan «Yol hərəkəti haqqında» Qanun işləmir. Avtomaşın sürücüləri harada istəyirlərsə avtomaşınlarını saxlayır, haradan istəyirlərsə oradan döünürdülər. Hətta piyada keçidinin üzərində piyadanı gördükdə belə, buna məhəl qoymadan avtomaşınlarını sürürdülər. Piyadalar belə avtomaşınlardan qorxmur, bir başa avtomaşınların üzərinə gedirdilər. Burada həm piyadalar, həm də avtomaşınlar mövcüd halla barışmışdılar. Mən burada hər-hansı bir piyadanın avtomaşın sürücüsünü söyməsini, eləcədə sürücülərin bizdən fərqli olaraq piyadanı təhqir etməsini görmədim.

Artıq saat 01:00 radələrində geriyə hotelə qayıdarkən yolun sağ tərəfində böyük bir məqbərənin və orada qaya kimi düzəldilmiş yerdə, atın üzərində bir nəfər şəxsin abidəsinin olmasını gördüm. Peymandan bu şəxsin kim olmasını soruşduqda o, mənə bildirdi ki, bu Xorasanlı Nadir şahin məqbərəsidir. Mən Peymana izah etdim ki, Nadir şah türkdür. Lakin təəssüf ediləsi hal o idi ki, İran İslam Respublikasının tarix dərsliklərində Nadir şah, yalnız İran şahi kimi göstərilmişdir. Peymana səhərisi günü Nadir şahın məqbərəsini ziyarət edəcəyimi bildirdim. O, mənimlə razılaşdı, lakin mən görürdüm ki, onun Nadir şah barəsində heç də həqiqi bilgiləri yoxdur.

21 fevral 2020-ci il tarixdə hoteldən çıxaraq yaxınlıqda yerləşən Böyük Nadir şahın məqbərəsini ziyarət etmək üçün ora gəldik. İçəri keçəndə gördüm ki, yaşıllıqlar içərisində yerləşən məqbərə həqiqətəndə elə Nadir şaha layiq bir şəkildə düzəldilmişdir. İkinci mərtəbəyə qalxdıqda, orada Nadir şaha aid divarda olan döyüş səhnələrinin fotoşəkillərini gördüm.Həmin mərtəbədə Nadir şahın qəbri yerləşirdi. Movzeleyə oxşar bu yerdə çoxlu insanlarda vardı. Mən burada uca səslə Peymana dedim ki, burada uyuyan şəxs böyük türk hökmüdarı Nadir şahdır. O, şəxs ki, bizim torpaqlarımızı ələ keçirməyə çalışan düşmənlərimizə qarşı axıra qədər döyüşmüş və qalib gəlmişdir. Bu zaman kənardan iki nəfər şəxs mənə yaxınlaşaraq haradan gəldiyimi soruşdular. Mən onlara Azərbaycan Respublikasından gəlməyimi və türk olduğumu dedim. Həmin iki şəxsdə mənə bildirdilər ki, onların hər ikisi də türkdürlər. Onlardan birisi Urmiyadan, digərinin isə Sulduzdan olduqlarını dedilər. Biz orada tanış olduq. Mən Sulduz və Urmiyada vəziyyətin nə yerdə olmasını soruşduqda onlar həmin yerlərdə vəziyyətin heç də yaxşı olmadığını, işsizlik, kasıblıq olduğunu bildirdilər. Lakin onu dedilər ki, onlar türk olduqlarına görə xoşbəxtdirlər.

Biz orada söhbət edərkən tanımadığım başqa şəxslərdə bizə qoşulub, mənim Nadir şah barədə danışdıqlarıma qulaq asırdılar. Hətta orada mən bir video çəkiliş belə apardım.

Əziz oxuculara Nadir şah barədə bəzi bilgilər vermək istəyirəm. Azərbaycan Respublikasında yaşayan bəzi tarixçi və ictimai xadim kimi özlərini göstərən şəxslər Azərbaycan dövlətinin qurulması və yaranmasını 1918-ci il may ayının 28-i ilə qeyd edirlər. Bu yazıqlar başa düşə bilmirlər ki, Azərbaycan- türklərində dövlətçilik ənənələri və dövlət quruculuğu ən qədim zamanlara gedib çıxır. Bizim əldə qayırma tarixçilərimizdən mənbə kimi istifadə edən, erməni-haylarda Azərbaycan-türklərinin qədim dövlətlərinin olmamasını, yalnız 1918-ci ildən dövlətlərinin olması barədə cild-cild saxta tarixi əsərlər yazırlar.

Biz çox qədimlərə deyil, təkcə XVIII əsrə nəzər yetirdikdə Azərbaycanın necə bir əzəmətli, müstəqil,suveren bir dövlət olmasını görürük. Bu dövlətin başçılarından birisi olan Nadir şah Azərbaycandan Xorasana köçürülmüş qızılbaş oğuz-türkmən boyu olan əfşarların qırxlı tayfasına mənsub idi. Nadir şah 1688-ci il oktyabr ayının 22-də Xorasanın Dərəgəz vilayətinin Dəstgird kəndində dünyaya gəlmişdir. Onu da bildirirəm ki, Xorasan vilayəti türklərin həmişə çoxluqda yaşadığı yer olmuşdur. Hələ Səlcuqlular dövründə, yəni X əsrin sonu –XI əsrin əvvəllərində buralar bir oğuz-türkmən eli idi.Səlcuq imperiyasının ilkin formalaşması və bərqərar olması da burada baş vermişdir. Səlcuqların ilk hökmüdarı olan Toğrul bəy özünü 1038-ci ildə Xorasanda Nişapur şəhərində sultan elan etmişdir. Onu da məlumat üçün bildirirəm ki, XIII əsrin sonunda Azərbaycan-türk dilində ilk qəzəllərini yazan Həsənoğlu Xorasan vilayətinin Əsfərain şəhərində anadan doğulmuşdur.

Nadir şah evdə, sarayda və dövlət işlərində, yalnız türk dilində danışırdı. O, fars dilini orta yaşlarında öyrənmişdi. Saraya gələn elçilərlə, Osmanlı dövlətinin səfirləri ilə türk dilində danışırdı.1739-cu ildə Hindistan fəth edildikdən sonra onun şahı olan Məhəmməd şahla görüşəndə də türk dilində danışmışdı. Nadir şah Hindistanı tutduqdan sonra onun hökmüdarı olan Məhəmməd şahı taxtdan endirməmişdir. O, bunun səbəbini onunla izah edirdi ki, onların hər ikisi türk-türkmən nəslindəndirlər. Türkmanlıq adətinə görə Nadir şah Əmir Teymurun və Baburun nəslindən olan Məhəmməd şahı hakimiyyətdə saxlamışdı.

Nadir şah 7-8 il ərzində Amu dəryadan Fərat çayına qədər əraziləri bütün yadellilərdən azad edə bilmişdi. Bu böyük ərazidə dövlətçiliyi bərpa edən xalq, ilk növbədə, məhz türklər olaraq Azərbaycan türkləri idi. Bizim saxta tarixçilərə onu deyə bilərəm ki, tarixə bir nəzər salın ki, Nadir şah harada və hansı qaydada əfşar-türk dövlətini, yəni Azərbaycan-türk dövlətini bərpa edir?

Nadir şah 1736-cı ildə Azərbaycanda Muğan düzündə çağırılan qurultayda şah elan edilir. Bu qurultay qədim türk dövlətlərinin ənənələrinin davamı olaraq, yeni qurulan əfşar-türk dövlətinin türk xarakterini vurğulamaq üçün təşkil edilmişdir. Çünki ən əsgi zamanlardan bəri, hələ islamdan öncə qədim Hun imperiyası və Türk xaqanlğı dövürlərində türk xaqanlarının taxta çıxma mərasimi bu şəkildə baş verirdi. Təsadüfi deyil ki, Muğan qurultayında qərar qəbul edəcək əmir və sərkərdələrin hamısı türk bəyləri idi. Həmin vaxtları fars, erməni-hay, gürcü və digər hökmüdar dövlət başçıları olsaydı, şübhəsiz ki, onlarda o qurultayda iştirak edərdilər. Demək ki, nə erməni-hayların, nə gürcülərin, nə də ki, farsların heç bir dövləti olmamışdır. Nadir şah 1746-cı ildə ölkənin paytaxtını İsfahandan Məhşəd şəhərin köçürmüşdür.

Təəssüfləndirici haldır ki, İran və Qərb şəqşunaslığında Nadir şah İran hökmüdarı, İranın xilasgarı, İran tarixinin qəhrəmanı kimi göstərirlər.Nadir şahın Azərbaycanla, Azərbaycan tarixi ilə əlaqəsi barədə bir kəlmə belə söz deyilmir.Bütün bunlar Qacarlar sülaləsinin ingilis imperialistləri tərəfindən suquta yetirilib, farslar tərəfindən hakimiyyətin ələ keçirilməsi ilə başlanmışdır. İranda Pəhləvilər tərəfindən irqçi paniranizm siyasəti indinin özündə də davam etməkdədir.

Böyük türk hökmüdarına 1747-ci ilin iyun ayının 20-də Xəbusan yaxınlığındakı Fəthabadda qurulan düşərgədə özümüzünkülər Məhəmməd bəy Qacar İrəvani (belə şəxslərə görə İrəvan erməni-hayların əlindədir), Musa bəy Əmirli Əfşar, Qoca bəy Kəndirli Əfşar, Saleh xan Qırxlının, Keşikbaşı Məmmədqulu xan Əfşarın və digər satqın keşikçilərin köməyi ilə sui-qəsd həyata keçirilərək öldürüldü. Bu sui-qəsd barədə belə deyilmişdir ki, sui-qəsdçilər axşam vaxtı Nadir şahın yatdığı çadıra yaxınlaşaraq, çadrın ağzında keşik çəkən keşikçini boğaraq öldürürlər. Bundan sonra Məmmədqulu xan ilə Saleh xan cadırı xəncərlə cıraraq içəri daxil olurlar.Nadir şah yerindən qalxıb Saleh xanı görən kimi onu söyür. Qılıncını çəkərək cadra daxil olanları qılıncla vuraraq cadradan qovur. Cadrdan çıxmaq istəyərkən ayağı cadrın ipinə ilişib yıxılır.Bunu görən namərd Saleh xan Nadir şahın kürəyinə bir qılınc zərbəsi vurur. Həmin vaxtı Məhəmməd xan Qacar gələrək Saleh xanla birlikdə Nadir şahı qətlə yetirirlər.

Bütün bunları yazarkən bir daha görürük ki, öz içərimizdə olan xainlərdən, ermənilərlə iş birliyində olanlardan dövlətimizi, hakimiyyətimizi, ümumən cəmiyyətimizi təmizləmədən nə Qarabağımızı azad edə bilərik, nə də ki, xoşbəxt yaşaya bilərik…

Ardı var

Bu xəbəri paylaşın: