Culfalı dərviş Dmitri Lon-qo

Keçən əsrin əvvəllərində Azərbaycandan olan «fakir və dərviş Dimitrius Lon-qo» ləqəbli Dmitri İvanoviç Lonqonun Rusiya, Avstriya, Almaniya, Polşa və bir çox Yaxın Şərq ölkələrinin sirk meydanlarındakı çıxışları, böyük maraqla qarşılanırdı.

O, 1892-ci il fevral ayının 11-də Naxçıvan vilayətinin İranla sərhəd Culfa şəhərində, nəsillikcə qədim əşyaların alış-verişi ilə məşğul olan bir ailədə dünyaya gəlmişdi.

Anasının ölümündən sonra atasının yeni evliliyi, ailənin 5 uşağı üçün fəlakətə çevrilir. Analığının əzablarına dözməyən Dmitri, qardaş-bacıları ilə halallaşıb Tiflisə, babasının yanına qaçır. Babasının antikvariat mağazasında bacarıqla çalışan Dmitrini atası təkidlə Culfaya çağırırdı və ögey anası ilə yenidən rastlaşmamaq üçün o yenidən evdən qaçır.

Batum, İstanbul, Odessa sərgüzəştlərindən sonra Moskvada İtaliyalı musiqiçi və illüzionist Lionelli ilə rastlaşır. Vaxtilə məhşur olan bu qoca italyan, spirtli içki aludəçisi idi və Dmitrinin qayğısı onu yenidən həyata qaytardı.

Dmitriyə öz sənətinin incəliklərini öyrətməyə başladı və onlar birlikdə Rusiyanın cənubunda tamaşalar göstərməyə başladılar.

14 yaşı olarkən, Leonelli vəfat etdi. Krım, Qafqaz, Orta Asiyanı dolaşaraq çörək pulu qazanan Dmitri, Buxarada təsadüfən Yumatov sirkində çalışan şeyx Ben-Əli ilə tanış olur.

Qoca şeyx onun oğurlanan əşyalarını tapmağı müqabilində Dmitrini öz yanına götürür və sənətinin incəliklərini ona öyrədir. Lonqo məhşurlaşır və 1911-ci ildə Tiflisdə Qamsaxurdiya sirkində çıxışından sonra, onu Tehrana dəvət edirlər.

Rusiyanın və Avropanın ən məhşur səhnələrində çıxışlar edən Azərbaycandan olan fakir və dərviş Lon-qo 1977-ci ilin 29 mayında vəfat edir və Moskvada dəfn olunur.

Eldar Tağıyev
Ukrayna

Bu xəbəri paylaşın:
  • 14
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •