AVMVİB Qarabağda «terrorbaşı» seçkisinə etiraz edirlər

AVMVİB sədri Füzuli Rzaquliyev qondarma respublikada keçirilən seçkilərə öz etirazını bildirib.

O, deyib: «Düşmənin atdığı qanunsuz seçkilər müharibə veteranlarını hiddətləndirib. Düşmənə münasibət, həm xarici siyasət, həm də hərbi strateji baxımdan kökündən dəyişilməlidir. Ermənistan beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək artıq neçənci dəfədir ki, Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz “seçkilər” keçirir. Ermənistan öz qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarını şübhə altına alır. Özlərini dünyaya «koronavirusun acığına seçki keçirən» separatçı rejim bu dəfə mütləq cəzalandırılmalıdır. Müharibə veteranları bu istiqamətdə aparılacaq istənilən əməliyyatlarda Ali Baş Komandan cənab İlham Əliyevin verəcəyi hər bir əmrə hazırdırlar. Biz bu seçkiləri baş tutmağa qoymamalıyıq.»

Xatırladaq ki, qondarma rejimin 31 mart “prezident” seçkilərində Araik Arutunyanla Masis Mailyanın ikinci tura keçdiyi hələ rəsmən elan olunmasa da, erməni mətbuatı sayılmış bülletenlərə görə vəziyyəti belə dəyərləndirib. Dünən həm də qondarma rejimin parlament seçkiləri keçirilib və nəticələrindən məlum olur ki, parlamentdə 5 siyasi komanda təmsil olunacaq.

Fedai.az erməni mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının rəhbəri Srbui Arzumanyan aprelin 1-də keçirdiyi mətbuat konfransında qeydiyyata alınmış 104,350 seçicidən 76.712 seçici və ya 73.5% seçkidə iştirak etdiyini bildirib. Etibarsız bülletenlərin sayı 2418 və ya 2,8% təşkil edib.

5% həddini keçmiş partiya və 7% həddini keçmiş siyasi bloklar seçilmiş sayılırlar.

Beləliklə, parlamentdə beş siyasi komanda təmsil olunacaq:

«Azad vətən» bloku (Araik Arutunyan) — 29688 səs (40.4%)
“Vahid vətən” (Samvel Babayan) — 17365 səs (23.63%)
«Artsaxın ədaləti» Partiyası (Vitaliy Balasanyan) -5865 səs (7.9%)
ARF ( Daşnak)- 4717 səs (6.4%)
Artsax Demokrat Partiyası (Aşot Gulyan) — 4269 səs (5.81%)

Bu xəbəri paylaşın: