Millət vəkili veteranların status ala bilməmələrindən danışıb

Gədəbəy zonasında, təxminən, 300, Tovuz zonasında isə 400 nəfərə yaxın müharibə veteranı statusu almayan şəxslər var. Baxmayaraq ki, bu şəxslər müharibədə iştirak ediblər, lakin müəyyən səbəblərə görə, onlara hər hansı statusun verilməsi məsələsi öz həllini tapmayıb.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərə məsələnin həllində yardım göstərilməsi vacib olardı: «Təxmini hesablamalara görə, Azərbaycanda 80 000-ə yaxın veteran dövlət tərəfindən təyin olunan müavinət alır və bu da Prezidentin apardığı sosial siyasətin nəticəsidir».

A.Nağıyev bildirib ki, həm Tovuzda, həm də Gədəbəydə Ermənistan silahlı qüvvələri tərəfindən atəş altında saxlanılan torpaq sahələri var: “Bu baxımdan da insanlar orada kənd təsərrüfatı fəaliyyəti ilə məşğul ola bilmirlər. Bu da həmin əhali üçün böyük problemə çevrilir. Bununla bağlı ATƏT-in Minsk qrupuna müraciət etmək lazımdır ki. atəşkəs rejiminə əməl edilsin. Həmçinin təklif edərdim ki, Ermənistanla həmsərhəd olan həmin ərazilərdə iqtisadi zonaların yaradılması məsələsinə də baxılsın”.

Televiziya və saytlarda özünü reklam edən həkimlərlə bağlı məsələyə toxunan deputat hər əməliyyata qiymət qoyan bəzi həkimlərin peyda olduğunu da dilə gətirib: “Lakin sonradan aydın olur ki, həmin əməliyyatı digər həkimlər daha ucuz qiymətə həyata keçirirlər. Hesab edirəm ki, bu məsələyə də aydınlıq gətirilməlidir”.

Xatırladaq ki, Millət vəkili Arzu Nağıyev müharibə veteranıdır.

E. Səlim

Bu xəbəri paylaşın: