Kurslar təhsil haqqını niyə endirmir?

Xüsusi karantin rejimi ilə əlaqədar artıq onlayn tədrisə keçən təhsil kursları aylıq ödənişlərdə şagird və abituriyentlərə heç bir güzəşt tətbiq etmirlər. Bu da valideynlərin narazılığına səbəb olur. Onlar bildirirlər ki, dərslərin onlayn keçirilməsinin ənənəvi metodla müqayisədə aşağı keyfiyyətli olmasına baxmayaraq, aylıq ödənişlərdə güzəşt yoxdur.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov bildirib ki, kurslar onlayn dərslərə görə qiymətlərdə endirim etməlidirlər.

“Qlobal xarakter alan koronavirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi, təhsilə də təsirsiz ötüşməyib. Pandemiyadan qurtulmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılır, kompleks və məqsədyönlü tədbirlər həyata keçirilir, xalqımız isə həmrəylik, mütəşəkkillik və dözümlülük nümayiş etdirir. Belə bir şəraitdə kursların anlayış göstərərək müəyyən güzəştlərə getməməsi heç bir məntiqə sıxmır. Halbuki bu gün biz daha çox birlik, həmrəyliyik göstərməliyik. Hər şeydən əvvəl ona görə ki, gələcəyimiz olan təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işi, ümummilli məsələdir”, — o deyib.

Təhsil eksperti Elçin Əfəndi də bildirib ki, onlayn təhsilə keçən bütün kurslar təhsil haqqına endirim etməlidirlər:
“Bununla bağlı valideyn iradları bizə də gəlir. Hazırda ölkədə distant təhsil keçirilir. Özəl tədris mərkəzləri bu anda güzəşt etməyə borcludurlar. Heç bir valideyn sıxışdırılmamalıdır. Qeyd edim ki, bu irad bütün təhsil kurslarına aid deyil. Məsələn, “Zəfər” kursları valideynlərə kömək üçün təhsil haqqında 20 manat endirim edib. Bundan əlavə, dərsə qoşula bilməyən abituriyentlərə 15 GB-lik internet paketi hədiyyə verilib. Mən bütün dövlət və özəl təhsil müəssisələrini məhz bu cür addımlar atmağa çağırıram”.

Ekspert vurğulayıb ki, onlayn təhsil istənilən halda real təhsil qədər effektiv deyil. Ona görə də təhsil müəssisələri vəziyyəti düzgün qiymətləndirməlidirlər./Axar.az/

Bu xəbəri paylaşın: