«Paraya dəymə, bütünə dəymə, doğra doyunca ye» bir dəfəlik ödəmə paketi

Nuh tufanı çatdı mənə,
Yazıq qəflətdə yatana,
Baxın sularda batana,
Suda üzür, oğurlayır…

ELBƏYİ

Bu günlərdə Almaniya Bundistaqında bir deputat Ərdoğanın antikoronavirus paketinə lağ edərək lağ etməklə bütün zalı gülməyə vadar etdi. Doğrusu, türk olaraq, həm utandım, həm də şükür elədim ki, nə yaxşı, onların bizim Azərbaycanımızdakı bəzi məmurların fəaliyyətlərindən xəbərləri yoxdur.

Hökumət pis-yaxşı əlindən gələni etməyə çalışır, amma bu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin yeni komandasının nə etmək istədiyini bu dəfə də anlayan yoxdur.

Özündən qabaq pis adla sabiqə çevrilmiş iki nazirin bütün ölülərinə rəhmət oxutdurub, indi də koronovirus risk qrupunda olanlarına rəhmət oxutdurmaqla məşğul olan bu komandanın nə etmək istədiyini aidiyyatlı sosial təbəqədən olanlara izah etmək üçün ən azı bir nazirlik də yaratmağa ehtiyac var. «İslahatçılar» iki gözdən əlil olana əlillik verməməklə, güya əlillik dərəcəsi alanların sayını minumuma endirmək statiskası fırladırlar. Şəhid ailələrinə kompensasiya verilməsində, əlillərin kompensasiya məsələsi və pensiya artımlarında da öz riyazi dilemmalarını ortaya qoyub sərəncamda 4-ü 1 edə bilirlər. Bu dəfə də oyuna ödəmə paketi tuş gəlib: «Paraya dəymə, bütünə dəymə, doğra doyunca ye» bir dəfəlik ödəmə paketi.

Nazir Sahil Babayevi də dinləyəndən sonra yadıma bir lətifə düşdü: «Yeni il gecəsi sahəni gəzən sahə müvəkkili düşünür ki, dolaşım, gedib Yeni ili asudə keçirim. Binalardan birinin yanından keçəndə bir eyvandan atılmış kağız onun qarşısına düşür. Kağızı götürüb oxuyur: «Allahəm bu gecə mənə 100 manat verməsən özümü binadan atacam. Ünvan…»

Sahə müvəkkili tez əlini cibinə atır və pulunu sayır ki, cəmi 95 manatı var. Həmin ünvana yollanır, qapını döyüb bu pulu məktub yazana verir ki, gecə onu narahat eləməsinlər. Pilləkənlərlə düşüb həyətə çıxanda yenidən bir kağız qarşısına düşür. Kağızı açıb oxuyur: «Allahım, minnətdaram, amma bir də pulu polisdən göndərmə. Çünki üstündən 5 manat götürmüşdü»…

İndi hökumət pul ayırır, amma «sahə müvəkkilləri» bu pulu ünvana çatdırmağı bacarmırlar.

Rəsmi statistikada işsizlərin sayı bu ilin yanvar ayında 4 min 965 nəfər olub, bu rəqəm fevral ayında isə 4 min 551 nəfər artıb. İndi aydın olur ki, mart ayının 1-nə olan rəsmi məlumata görə Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 90 min 779 nəfər var. Bu gün isə bu rəqəm 200 mini aşır. Bir bu statiskaya məhsul olan nazirlik bu rəqəmi dəqiqləşdirə bilmirsə, milyonları necə bölə biləcək? Bəs rəsmi 4965 işsizə kim aydınlıq gətirəcək? Əslində işsiz daha böyük rəqəmdir. Dedim axı 4-ü 1 edə bilənlər bu rəqəmin azı 800 min olduğunu da bilirlər…

Ən yaxşı üsul əhaliyə heç nə verməməkdir. Koronavirusu Allah göndərib, qoy bəndəsini də özü qurtarsın. Bəndə polisə cərimə, məscidə nəzirini artırsın. Onsuz da o dünyada bizim pul işləmir. Sədəqə vermirsiniz, barı cərimə verin. Onsuz da can gəldi gedərdi, pulunuzdan muğayat olun. Verin pul yığanlara. Gəlin razılaşaq, bu pulu 65 yaşlı işə çıxmayıb öz qazanclarından olmuş məmurlarımıza verək. Kasıblar ölməz, ölsə də onlardan bizdə çoxdur. Hər halda düşünmək lazımdır. Verib pis kişi olunca, elə verməyib pis kişi ol. Nəticə onsuz da eynidir: Pis kişi

Hər gün veteranlarımız zəng edib mənə bunu yaz, onu yaz, qoy oxusunlar. Yazdım, di hı…elə deyil 80 manatınıza türklər demiş, zam gələ. Vallahi müharibə veteranına bəzi məmurlar xortdana baxanlar kimi baxırlar. Səbəbini neçə illərdir ki, tapa bilmirəm. Tapan varsa, yazın sorğu göndərək.

Ona görə də bu ödənişlərin daha asan verilməsini tənzimləmək üçün bəzi təkliflərimi bu iş üçün məsul edilmiş alihəzrətlərin diqqətinə çatdırmaq istəyirəm. Yoxsa sms, elektron müraciət, falan — filan. Dağda çoban Mamed interneti hardan tapacaq ki, hələ bir müraciət də edə bilə. Düşünürəm ki, hər kəs edəcəyim bu təklifləri sevinc işarətli gülüşlə qarşılayacaq:

Əzraildən koronovirusdan ölməyəcəyiniz barədə arayış.

ÜST-dən bu arayışa mütəxəssis rəyi (Zənci olsa daha keçərlidir)

Bu sənədləri aldıqdan sonra müraciət edənlər bilməlidirlər ki, aşağıda sadalanan kriteriyalara aid sosial təbəqələrə pul verilməyəcək. Yəni internetə girib gənclərimizin zəhləsini tökməyin. Qoy məşq eləsinlər:

Keçəllərə, bığlılara, kosalara, ağzında dişi olanlara, mırıqlara, dişi olmayanlara, karlara, korlara, əlillərə, zəlillərə, qadınlara, erkəklərə, -18 və +18 qrupuna daxil olanlara, evi olanlara, kirayənişinlərə, ev və mobil telefonları olanlara, olmayanlara, ayağına ayaqqabı geyinənlərə, əyninə şalvar geyinənlərə, yaxşı və pis oxuyan tələbələrə, məmə yeyəndən (ot yeyən, ət yeyən) pəpə yeyənə və s. (buraya da unutduğum nüanslar daxildir) ödəmə düşmür.

Aydın oldumu? Olmasa bir də zəng edin, sizə yenidən izah edəcəyəm.

Bax gülürsünüz. İşiniz düzəlib deyəsən?

Hər halda «Evdə qalın!» Çölə çıxana söyüş var!

Huşturum Huy

Bu xəbəri paylaşın: