Daşaltı əməliyyatından 28 il ötdü

REDAKSİYADAN: 2014-cü ildə Həftə içi» qəzetində Daşaltı ilə bağlı dərc edilmiş bir yazıda AVMVİB sədri Füzuli Rzaquliyevin verdiyi açıqlamalar günümüzlə səsləşdiyinə görə diqqətinizə çatdırmağı özümüzə borc bildik. Həmin yazıdan bir parçanı sizə təqdim edirik:

…Əməliyyat şəraitini bir az aydın təsəvvür etmək üçün Qarabağın qədim Daşaltı kəndinə qısa tarixi ekskurs edək.

Şuşanın mərkəzindən təxminən 3 km cənubda, Cıdır Düzündən aşağıda yerləşən eyniadlı çayın sahilində yerləşən Daşaltı özü başdan-ayağa bir sirdir. Kənd Şuşanın təbii qalasının – nəhəng qayalığın altında yerləşdiyindən belə adlanırdı. Cıdır Düzündən Daşaltı çayının sahilinə “Qırx pilləkən” enirdi. Orada böyük Daşaltı mağarasının bir hissəsi olan 10 otaqlı “Xəzinə-qala” var idi. O dərələrdə Azərbaycan tarixinin çox sirləri yatırdı. İndi ermənilər saxta “arxeoloji qazıntılar” keçirib bu sirləri ört-basdır edir. Ermənilər artıq 22 ildir ki, milli xəyanətkarlarımızın köməyi ilə müdhiş Daşaltı əməliyyatının sirlərini də basdırmağa nail olublar…

…Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00 radələrində başlanıb və yanvarın 26-ı axşam saatlarında uğursuzluqla başa çatıb. Erməni yaraqlıların güclü bazaya çevirdiyi Daşaltını azad etmək üçün keçirilmiş əməliyyata sabiq müdafiə naziri, general-mayor T.Mehdiyev şəxsən özü rəhbərlik edib. Əməliyyatda MN-in yenicə yaranmış təxm. 120 nəfərlik I taboru və Şuşa Müdafiə taborunun döyüşçüləri, eləcə də MN Kəşfiyyat Xidmətinin rəis müavini Riad Əhmədovun zabitlərdən ibarət 11 nəfərlik diversiya dəstəsi iştirak edib. Sonradan Laçın alayı və polisindən də kömək gəlib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması və deyilənə görə, bələdçilərin xəyanəti nəticəsində öndə gedən hissələrimiz Nəbilər kəndi yaxınlığında pusquya salınaraq məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə düşmənin güclü müqaviməti nəticəsində xeyli itki verərək geri çəkilməyə məcbur olub. Rəsmi məlumatlara görə, silahlı qüvvələrimiz 90 nəfərdən yuxarı itki verib. Onlarla əsgərimiz hələ də itkin sayılır. Ermənilər isə 80-ə yaxın canlı qüvvə və bir neçə texnika itirib. Döyüşdə Riad Əhmədovun dəstəsi bələdçinin xəyanəti nəticəsində pusquya düşüb, lakin onlar barədə dəqiq mlumat yoxdur. Deyilənə görə, çoxları son güllələrinədək savaşaraq həlak olublar…

Əməliyyat barədə bir sıra sullarımıza cavab tapmaq üçün general T.Mehdiyevlə təəssüf ki, əlaqə yarada bilmədik. Amma Daşaltıya hücum edən tağımlarımızdan birinin komandiri olmuş “Koroğlu” ləqəbli Füzuli Rzaquliyevlə söhbətimizdə əməliyyatın bir çox məqamları barədə diqqətəlayiq məlumatlar ala bildik. Xatırladırıq ki, Füzuli bəy hazırda Vətən Müharibəsi Veteranları Birliyinin sədridir.

— Füzuli bəy, siz Daşaltı əməliyyatının hazırlanmasında iştirak etmişdinizmi?

— Yox, biz əməliyyatın hazırlanmasında iştirak etməmişdik. Bakıdan əmrlə birbaşa Laçına yollandıq. Gecə mehmanxanada qaldıq və yanvarın 26-sı səhər saat 4-5-də həyəcan siqnalı ilə qalxıb birbaşa Daşaltı istiqamətinə yola çıxdıq.

— Əməliyyat zamanı hansı hadisələrin şahidi oldunuz?

— Əməliyyatda bir sistemsizlik var idi. Ordu yeni yaradıldığından təchizat çox zəif idi. Şuşa yaxınlığında “Zastava” deyilən yerdə bizə tələm-tələsik silah paylanıldı. Halbuki, onlar yoxlanılmalıydı. Biz baxanda məlum oldu ki, silahların çoxu yararsızdır. Hətta avtomatlardan birinin qaz borusundan əski çıxdı. Sonra biz birbaşa Daşaltıya düşmən qüvvələri üzərinə hücuma keçdik…“Qaraj” deyilən yerdə mövqelərimizi möhkəmləndirməyə başladıq. Və qeyri-bərabər döyüşlər getdi. Rabitə olmaması səbəbindən bizim döyüş hissələri, kim haradan gəldi, sistemsiz şəkildə atəş açırdı. Biz kənddə ola-ola digər döyüş bölmələrimiz Cıdır Düzü tərəfdən, Nəbilər tərəfdən atəş açırdı. Sonra Nəbilərdəki qüvvələrimiz mühasirəyə düşdü… Bu zaman duman gəldi. Demişdilər ki, əgər geri çəkilmək lazım olsa, fişəng atılacaq. Ancaq fişəng də atılmadı. Və biz geri çəkilməyə məcbur olduq. Bizim tağımdan Qəhrəmanov Qəhrəman şəhid oldu… Əli yaralandı. Biz Qəhrəmanın meyitini çıxara bildik. Allah bütün şəhidlərimizə rəhmət eləsin…

— Bildiyimə görə, Azərbaycan qadınlarından da Daşaltıda şücaət göstərənlər olub…

— Bəli. Nurcahan adlı xanım döyüşçünün şücaətindən danışmaq istəyirəm. Biz döyüşə-döyüşə geri çəkilərkən bir də baxdım ki, başqa bir istiqamətdən Daşaltı kəndindən bir qadın əsgər meyitini var gücü ilə darta-darta atışma altında çıxarır. Mən əsgərlərdən bir neçəsini ona köməyə göndərdim. Məlum oldu ki, Nurcahan adlı bu xanım həlak olmuş Şuşa polisi Nazimin meyitini çıxarır…

— Əməliyyat zamanı hansı çətinliklər döyüşü düzgün aparmağa mane olurdu?

— Təsəvvür edirsiz, bizə verilmiş yandırıcı maddə dolu şüşələri atırdıq, yanmırdı, effekt vermirdi. Hücumda işlənən RQD-5 qumbaraları əvəzinə, F-1 qumbaraları vermişdilər ki, onların da qəlpələri 250 metr radiusda səpələnir. Yəni onları yalnız müdafiə zamanı səngərdə gizlənib atmaq mümkündür. Bir sıra belə anormal hallarla üzləşdik.

Amma bütün bu texniki çatışmazlıqlara və s. rəğmən və məğlub olmağımıza baxmayaraq, mən şəxsən orada Azərbaycan əsgərinin rəşadətinin, döyüş əzminin şahidi oldum. Ola bilər kimlərsə, cavan idi, döyüş təcrübəsi yox idi. Amma son imkanadək döyüşürdük. Təsəvvür edin ki, elə bir döyüşdə bizdən əsir düşən olmadı. Cəfərov Zaur əsir düşməmək üçün sonuncu gülləni özünə vurmuşdu. Xəlilov Rövşən mühasirəyə düşəndə F-1 qumbarasını partladıb erməniləri də özü ilə bərabər məhv etmişdi…

— Əməliyyatda bir neçə bələdçinin xəyanət edərək döyüşçülərimizi qəsdən ermənilərin tələsinə salmaqları barədə də məlumatlar var…

— Bizim yanımızda bələdçilər var idi, hətta biri yaralandı. Yəni kimlərsə bələdçilərdən bəzisinin satqın olduğunu deyirlər. Amma bizim tağımla gedən bələdçilər də belə şey görmədim. Hətta onlardan birinin sonrakı uğurlu döyüşlərimizdən birində cəsarətlə vuruşduğunun şahidi oldum. Bələdçi ərazini tanıyan yerli əhalidən, yəni şuşalılardan olmalıydı, onların da xəyanət edəcəyinə inanmıram. Sadəcə, bilirsiz, deyir, yıxılan saman çöpündən yapışır. Ola bilsin, kimlərsə öz bacarıqsızlıqlarını ört-basdır etmək üçün belə bir şayiə yayıb…

— Amma deyəsən, düşmən tərəf də xeyli itki verib?

— Düşmənə zərbələr də vuruldu. Daşaltıda yaraqlıların toplandığı neçə evi yandırıb dağıtdıq. Ermənilərin “KAMaz”la dolu şəxsi heyəti topla vurulub məhv edildi. Biz tərəfdən rəsmi məlumatlara görə, 92 döyüşçü şəhid oldu, onlardan 77-si bizim tabordan idi. Amma təəssüf ki, sonda döyüş uduzuldu. Elə Qarabağda silsilə məğlubiyyətlərimiz də o vaxtdan başladı…

— Daşaltıdakı məğlubiyyətimizdə general T.Mehdiyevin bir nazir kimi günahı nədən ibarət idi?

— Heç bir komandir istəməz ki, apardığı əməliyyat uduzulsun. Bu baxımdan T.Mehdiyevin yalnız səriştəsizlik, təcrübəsizlik baxımından günahı ola bilərdi. Yəni adi bir hərbi komissarlıq işçisi idi, gözlənilmədən nazir qoyuldu. Və yəqin ki, yeni nazir kimi özünü nümayiş etdirmək istəyi də var idi. Ola bilsin, dərində bilmədiyimiz nələrsə var… Bir də onu deyim ki, Daşaltı əməliyyatı artıq üçüncü dəfə hazırlanırdı. İki dəfə keçirilməyə cəhd edilmişdi, alınmamışdı. Yəni ermənilərə bəlli olan bir əməliyyat idi. Həm də əməliyyatın təşkilində səhvlər çox idi. Məsələn, zənnimcə, əvvəlcə artilleriya atəşi ilə Daşaltıdakı əsas atəş nöqtələri məhv edilməli, sonra piyadalar hücuma keçməli idi…

— Daha hansı amillər Daşaltıda məğlub olmağımıza səbəb oldu?

— O vaxt yeni nazir təyin olunmuş T.Mehdiyev özünü nümayiş etdirməyə çalışırdı, Rəhim Qazıyev isə özü nazir olmağa cəhd edirdi. Ayaz Mütəllibov hakimiyyəti isə siyasi baxımdan biz döyüşçülərə etibar etmirdi. Amma bizim tabor sırf Vətəni müdafiə məqsədilə toplanmış, bütün siyasi ambisiyalardan uzaq könüllülərdən ibarət idi…

***

Onu da xatırladaq ki, 22 ildir işğal altında qalan Daşaltı kəndini hazırda ermənilər Karintak adlandırırlar. 600-dən çox erməninin yaşadığı kənddə 22 il əvvəl kəndin müdafiəsi zamanı ölənlərə abidə qoyulub…

Sonda sabiq MN rəhbəri general T. Mehdiyevin Daşaltı məğlubiyyətindən sonra Bakıdakı bir tələbə yoldaşı ilə telefon danışığından bir parçanı da nəzərinizə çatdırırıq:

“…Mən şokdayam. Bizi satıblar. Biz sanki “ətçəkən maşına” düşdük. Onlar bizi gözləyirmişlər. Onlar əvvəlcədən bizim hücum edəcəyimizi bilirmişlər. Bizim aramızda satqın var…”.

Sultan Laçın

Daşaltı şəhidlərini rəhmətlə anırıq…
Erməni leşləri üçün Daşaltında qoyulmuş abidə
Bu xəbəri paylaşın: