Koronavirusmu jurnalistikaya borcludur, yoxsa əksinə…

Elnur Səlim

“Koronavirusdan zərər görmüş KİV-lərə də dəstək göstərilməsi gözlənilir”.

Bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib.

O qeyd edib ki, KİV-lər Vergilər Nazirliyinin taxes.gov.az saytında qeydiyyatdan keçməlidirlər:

“Poliqrafiyalar saytdan müraciət etsinlər. Onların müraciətlərinə baxılacaq. Bununla bağlı məlumat sistemdə yerləşdirilib. Beşrəqəmli fəaliyyət növü üzrə vergi ödəyiciləri müraciət edə bilərlər”.

Doğrusu, koronavirusun bizim KİV-lərə zərər vurmasını söyləməzdim. Əslində Azərbaycan mətbuatı koronavirusa əməlli-başlı borcludur. İllərdir ki, keçirdikləri informasiya və mövzu qıtlığını heç bir əvəz istəmədən, məhz koronavirus aradan qaldırıb. Bizimkilər təkcə koronavirusun 337 dəfə «dərmanını tapdılar».

Hər gün statistika verdilər.

Xalqı bezdirmiş «Bayramın yubkası, Aygünün kepkası» mövzusu ikinci plana keçdi. İstədikləri şaiyəni bu koronavirusun adına yazdılar. Üstəlik, məmurların «hüquqlarını müdafiə komitəsinin» reket jurnalistlərdən onları qoruma çabaları, koronavirus sayəsində axır ki, həyata keçdi. İşlər bağlı, bu peşə uzmanları küçələrdə zəncir gəmirə-gəmirə qalıblar. Adamın bəzilərinə baxanda koronavirusa virus deməyə dili gəlmir. Biz gərək ona KORONA-TACLI deyək, haqqında yazı müsabiqələri keçirək.

Koronavirus jurnalistikanın inkişafında böyük inqilab elədi. Məlum oldu ki, 2-3 sayt yazır, qalanları isə köçürür. Yəni Azərbaycanımızın «şad xəbər-bəd xəbər», «şok xəbər, +18-+90» jurnalistikası elə halətdədir ki, virusun özü bizə baxıb salavat çevirər. İnanmırsınız adlarını mediyanın «polis kapitanları», yəni sahə müvəkkili, lap elə «uçastkovusu» adlandıranlardan soruşun.

Yenə sağ olsun, hökumətimiz. KİV-lərə öz dəstəyini əsirgəmədiyini göstərdi. Amma vallahi və billahi ki, belə baxırıq ki bizim jurnalistika koronavirusa borcluyuq. Onsuz da oxunmayan qəzetlərə, yazı yaza bilməyən saytlara ha eləsəniz də bir faydası olmayacaqdır. Güya bu orqanlara 5-3 manat verməklə onlar analitik yazılar yazıb millətin yolunu aydınladacaqlar?

Güya ki, postkoronavirus dövrü öz yolunu çoxdan itirmiş jurnalistika öz yoluna qayıdacaq? İndi söz kağızdan ucuzdu, kağız isə şordan bahadır. Ona görə də bizim yazılarımız olan kağıza daha şor da bükən yoxdur…

Koronavirusdan zərər görmüş KİV-lərə də dəstək göstərilməsi gözlənilir. Hər halda ehtiyyatlı olun. Pulu çox da olmayan şeylərə görə israf etməyin. Çünki bu koronavirusdan ağlım bir şey kəsmir…

P.S. Doğrudanmı Azərbaycan KİV-ləri koronadan zərər görüblər? Bəs deyirdilər ki, Əli Həsənov nəsə eləyib?..


Bu xəbəri paylaşın: