AVMVİB Xocavənd rayon şöbəsi şəhidləri andı — VİDEO

AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənovun verdiyi məlumata görə, Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Yeni Xocavənd qəsəbəsində 1994-cü il yanvarın 26-da strateji əhəmiyyətə malik Böyük Oxlu yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi anılıb.

Tədbirdə Xocavənd rayon ictimaiyyətinin nümayəndələri, AVMVİB Xocavənd rayon şöbəsinin üzvü olan müharibə veteranları, AVMVİB Beyləqan rayon şöbəsinin sədri Fuad Zöhrabovun rəhbərliyi ilə Beyləqan veteranları, ictimaiyyət nümayəndələri, ağsaqqallar, gənclər, ziyalılar, N saylı hərbi hissənin zabit və əsgərləri şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül-çiçək dəstələri düzüblər.

Respublikanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov deyib: «26 il öncə Böyük Oxlu yüksəkliyi uğrunda gedən döyüşlərdə 26 nəfər Vətən övladı şəhidlik zirvəsinə yüksəlib. Dağlıq və Aran Qarabağın böyük bir hissəsini nəzarət altında saxlamağa imkan verən bu strateji əhəmiyyətli yüksəklik hazırda düşmən işğalı altındadır. Əminliklə deyə bilərik ki, öz gücünü, qüdrətini 2016-cı ilin Aprel döyüşlərində düşmənə göstərən Azərbaycan Ordusu uğrunda neçə-neçə igid Vətən oğlunun qanı tökülmüş bu ərazini düşməndən azad edəcək. O zaman 26 il bundan əvvəl bu torpaq uğrunda canını fəda etmiş şəhidlərimizin ruhları əbədi dinclik tapacaqdır».

Tədbirdə N saylı hərbi hissənin zabiti Fərahim Eyvazov silahlı qüvvələrimizin işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə qısa vaxtda azad etməyə hazır olduğunu bildirib.

AVMVİB Xocavənd rayon şöbəsinin sədri A. Həsənov, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğulların xatirəsinin müharibə veteranları tərəfindən daim əziz tutulduğunu bildirdi. O, belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, şəhidlərin müqəddəs xatirələrini yad etmək və onların qəhrəmanlıq dolu həyat yollarını gələcək nəsillərə çatdırmaq bizim ümdə vəzifəmizdir.

Tədbirin sonunda Salakətin kənd tam orta məktəbin ən fəal sinfinə Böyük Oxlu yüksəkliyi uğrunda şəhid olmuş Şikar Abdullayevin adı verilib. Şəhidin şəkli məktəbin müəlliminə təqdim olunub.

Xatırladaq ki, AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov könüllüləri öz ətrafında birləşdirən Beyləqan batalyonunun komandiri olub. Rayonun müdafiəsində bu batalyonun misilsiz xidmətləri olub. Düşmən mövqelərinə dəfələrlə ağır zərbələr vurulub. Hətta bir hücum zamanı Böyük Oxlu düşməndən azad edilsə də kömək olmadığı üçün müdafiəsini təşkil edə bilməyiblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nurlan Məmmədli

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •