Hətəmxan ağa Çəmənli: Yüzü yıxmış kişi…

Qarabağın adı bəlli oylaqlarından biri də Çəmənlidir. Çəmənli oymağı Kəbirli mahalında Çəmənli-Hətəmxan və Çəmənli-Hacı Tahir obaları biçimində qərar tuturdu. Bu yazıda birinci obaya adını vermiş Çəmənli Hətəmxan ağa haqqında söhbət açacağıq.

Bu şəxs Qarabağda “Nədirqulu oğlu Hətəmxan” kimi tanınmışdı. Ağsaqqalığı ilə qoymayıb ki, haqqın mizanı əyilə. Onun ağalığı dövründə kasıbın danası dövlətlinin tayasına baxmayıb. Ağa oldun adamların qəhrini çək,-dеyiblər. Hətəmxan ağa da həmişə ac doyurub, yalavac donadıb. Köməksizə arxa durub.

Hətəmxan ağa XVIII yüzillikdə yaşamışdı və olduqca uzun ömür sürmüşdü. Onun qocalığı, uzunömürlülüyü dillər əzbəri olmuşdu. İbrahimxəlil xan Sarıcalı-Cavanşirin baş vəziri olmuş Molla Pənah Vaqif yazırdı:

…Özün ki, qocalmış kimi xoy dəyişdirən eylər, oğlanı-zənəni,

Rişxənd edibən dəxi neçin çöp dərən eylər, Hətəmxan ağanı…

[ Molla Pənah Vaqif, Əsərləri, Bakı, “Yazıçı”, 1988, səh.148.].

Molla Vəli Vidadi yazırdı:

Ağqız оğlu Piri dünya qardaşın,

Hatəmхan ağadır sində yоldaşın,

Sarı Çоbanоğlu gözəl dindaşın,

Nə çəkərsən sən dərdü sər, ağlarsan.

[Molla Vəli Vidadi, Əsərləri, Bakı, “Yazıçı”, 1988, səh. 101.].

Böyük şair Qasım bəy Zakir də qocalıqdan danışarkən Hətəmxan ağanı misal gətirib deyirdi:

Axırı Hətəm ağadan dəxi bədtər eyləyə,

Çör-çöp dərməyə də qalmaya halım, qocalıq…

[Qasım bəy Zakir, Əsərləri, Bakı, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1964, səh.236. ].

Hətəmxan uzun ömrünü şərəflə yaşamışdı. Müdrik məsləhəti, ağıllı gənəşiyi ilə xalqın dadına çatmışdı. Onun son sözü meydanda, məclisdə keçərliydi. Hətta Qarabağın hakimləri onun sözündən, məsləhətindən çıxmırdılar. Onun vəfatından sonra Qasım bəy Zakir acı-acı xatırlayırdı:

Qərvənd Meydanəli, o cinli Budaq,

Çəmənli Hətəmxan olaydılar sağ.

Belə keçməz idi mülki-Qarabağ,

Tezliklə ilə həll olurdu müşkilat

[Qasım bəy Zakir, Əsərləri, Bakı, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1964, səh.459. ].

Hətəmxan ağanın protipi əsasında M. F. Axundov “Dərviş Məstəli şah” komediyasını yazıb.

Hətəmxan ağanın Məhəmməd bəy, Nadirqulu adlı oğulları vardı.

Bu yazı təknəsi bərəkətli, təndiri isti, həyəti çal-çağırlı, qapısı qonaq-qaralı kişinin ömür salnəməsidir. Oxumaq sizdən…

На изображении может находиться: один или несколько человек и часть тела крупным планом

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •