Ermənilər Qarabağda necə məhv edildi?

Müharibə… Bu dəhşətli və vahiməli səslənən sözü, bəşəriyyətin kabusu adlandırmaq olar. Müharibə təkcə ölüm qorxusu yaradan dəhşət, fəlakət deyil. Müharibə bir çox xalqın alın yazısına çevrilmiş, taleyidir…  Taleyinə müharibə yazılmış xalqlardan biridə bizim xalqımızdır. Bəli, müharibə həm də bir millətə dirçəlmək, gələcək nəsillərə örnək, nümunə olacaq qəhrəmanlar yetişdirmək, qələbə çalıb adını tarixə yazmaq şansı, fürsətidir!

  Elə taleyimizə müharibənin qan-qadanın yazılmasının əsas səbəbi qonşuluğumuzda olan ermənilərin olmasıdır. Ermənilər bu əraziyə köç etdikləri 200 il ərzində daima torpaq iddiası ilə çıxış ediblər. Yersiz gəldi, yerli qaç prizmasından yanaşan ermənilər torpaq iddiası ilə torpaqlarımıza basqınlar düzənləyiblər. Havadarlarının dəstəyi ilə özlərinə dövlət quran ermənilər Azərbaycanın ərazi bütövlüyünə 200 il ərzində hər zaman təhlükə olublar. Ötən əsrin əvvəlindən ermənilər torpaqlarımızı ələ keçirib, həmçinin soyqırımları törədərək, Azərbaycan xalqına bu əzabı yaşadıblar.      

   Azərbaycan Xalq  Cümhuriyyəti yaradıldığı elə ilk gündən ermənilər ərazi iddiası edərək, sonda İrəvan xanlığını ələ keçiriblər. Lakin o zaman Zəngəzur və Dağlıq Qarabağa olan istəklərinə çata bilməyiblər. Dağlıq Qarabağ ermənilər üçün həmişə strateji ərazi olub. Çox təəssüf ki, ötən əsrin sonlarında minlərlə şəhid versək də, ermənilər Qarabağın dağlıq hissəsini xarici havadarlarının köməyi ilə işğal edə bildilər. Amma elə həmin əsrin əvvəlində Cümhuriyyət hökuməti nə qədər gənc olsa da, bu torpaqları əlində saxlaya bilmişdi. Cümhuriyyət hökümətinin ilk gündən ən birinci məqsədi Dağlıq Qarabağ və Zəngəzuru qorumaq olub. İki il ərzində erməni daşnakları vaxtaşırı həmin ərazilərdə erməni Andronikin rəhbərliyi ilə separatçılıq fəaliyyəti göstərirdilər. Erməni daşnak dəstələri kəndləri yandırır, dinc əhaliyə divan tuturdular. Bunun da ən pis nəticəsi o oldu ki, 60 min azərbaycanlı öz ata-baba yurdundan didərgin düşdü. Amma buna baxmayaraq, Cümhuriyyət hökuməti erməni separatçılarını susdurub geri oturda bilirdi. Lakin siyasi-hərbi gərginliyin gündən-günə artdığını görən Cümhuriyyət hökuməti mərkəzi Şuşa şəhəri olan Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğunun yaratmaqla vəziyyəti nisbətən nəzarət altına aldı.

   Qarabağ general-qubernatorluğunun rəhbəri Xosrov bəy Sultanov Yuxarı Qarabağda və Zəngəzurda erməni separatçılığının aradan qaldırılmasında son dərəcə mühüm rol oynayıb. Xosrov bəy Sultanovun göstərdiyi yüksək təşkilatçılıq fəaliyyəti sayəsində Yuxarı Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan hökumətinə tabe olmaq haqqında qərar qəbul ediblər: “Xosrov Sultanovun general-qubernator təyin olunmasından sonra da Qarabağın qəsbkar erməni separatistləri Ermənistan hökumətinin yardımı ilə onu Azərbaycan Respublikasının tərkibindən ayırmaq və Ermənistana birləşdirmək üçün səylərini davam etdirdilər. Onlar 1919-cu il iyunun əvvəllərində Şuşada və onun ətraf kəndlərində yaşayan azərbaycanlılara və hərbi hissələrə hücum təşkil etdilər. Ermənilər buna çoxdan hazırlaşırdılar”.

    1918-1920-ci illərdə Azərbaycan dövləti özünün silahlı qüvvələrinin gücü ilə ermənilərin təcavüzkarlığının qarşısını ala bilmişdi: “Öyrənilən dövrün araşdırılması göstərir ki, milli hökumətin 1918-1920-ci illərdə həm ölkənin daxilində, həm də xaricdə apardığı qətiyyətli siyasətin nəticəsində o vaxt Yuxarı Qarabağda erməni terrorizminin qarşısı alınmışdır. Ona görə də, ADR hökumətinin sərhədlərimizi, əzəli torpaqlarımızı qorumaq üçün apardığı siyasət və təcrübənin öyrənilməsi bugünkü həyatımız üçün daha əhəmiyyətlidir”.

   1920-ci ildə  Qarabağ döyüşlərinin iştirakçısı olmuş polkovnik İsrafil bəy İsrafilbəyov xatirələrində yazırdı: “1920-ci il martın iyirmi ikisində, Novruz bayramı gecəsi Qarabağ vilayətinin dağ yerlərində məskun ermənilər qiyam edərək “Əsgəran keçidi”ni tutdular. Bu səbəbdən də Əsgəran cəbhəsinə general-mayor  Həbib bəy Səlimovun komandanlığı ilə qüvvətli bir ordu yeridildi. Aprelin üçündə Azərbaycan ordusu ermənilərə qarşı qüvvətli bir hücum etdi. Əcəba, hansı azərbaycanlı o məsud günü хatırlamır?! Ordunun qalibiyyət və intizamı, mənəviyyatı təsvirolunmaz dərəcədə fövqəladə idi. Хarici aləm az bir müddət ərzində vəsaitsizlik içində bu qədər müntəzəm təşkilatçılığa malik bir əsgəri qüvvə vücuda gətirdiyimizə heyran qalmışdı. Əhalidən bir çoхu duyduğu həyəcandan ağlayırdı. O gün Azərbaycanın ən şanlı, ən bəхtiyar günü idi”.

   Hərb tariximizin araşdırmaçısı, jurnalist-publisist Şəmistan Nəzirli Cümhuriyyət hökumətinin Qarabağın müdafiəsi ilə bağlı yazdığı kitabda maraqlı faktlar üzə çıxarıb. Müəllif kitabında qeyd edir ki, müstəqil Azərbaycanın yaşaması üçün 1920-ci ilin dəhşətli mart günlərində mənfur daşnakların torpağımıza təcavüz etməsi milli Azərbaycan ordusunun hər bir əsgərini təpədən dırnağacan silahlandırdı. Onun araşdırmasına görə, Qarabağın müdafiəsində ən əsas xidməti general Həbib bəy Səlimov göstərib: “Çünki 1920-ci il martın 22-də – Novruz bayramı günü daşnaklar Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq üçün “Əsgəran keçidi”ni kəsiblər. Qiyamçılar top və pulemyotlarla silahlanıbmış. Onlara İrəvandan gələn general Dro Kanayan komandanlıq edirmiş. Onlar Şuşanı alıb Tərtərə getmək istəyirmişlər. O zaman çox böyük təhlükə yaranıb. Buna görə Əsgəran cəbhəsinə güclü qüvvə ayrılır. Müdafiə naziri Səməd bəy Mehmandarov Həbib bəy Səlimova 6 alay verir ki, Qarabağı qaytarmaq lazımdır.


 “Əsgəran keçidi” hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edirdi. Onun nəzarətə alınması Qarabağda hərbi təşəbbüsün əldə saxlanması üçün başlıca amil idi. Buna görə də 1920-ci il martın 21-də, Novruz bayramı gecəsi erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər, Əsgərandakı Cümhuriyyət ordusu postlarının üzərinə hücuma keçmiş və bu postlarda dayanan azsaylı qüvvələri məhv etmişdi. Bununla da, Əsgəran keçidi bağlanmış, Xankəndidə və Şuşada yerləşən hərbi qarnizon çətin vəziyyətə düşmüşdü. Qarabağın Azərbaycandan qoparılmasına yol verməmək, bölgədəki erməni-daşnak silahlı qüvvələrinə güclü zərbə endirmək üçün, ilk növbədə, Əsgəran keçidini açmaq lazım idi.

   Ona görə də Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920-ci il martın 26-da Ağdama gəlmiş general-mayor Həbib bəy Səlimov əvvəlcə Əsgəran yolunun kəşfiyyatını apardı. Erməni qüvvələrinin müqavimətini qırmaq üçün Həbib bəy  Səlimov hərbi nazirdən Ağdama bir zirehli avtomobil göndərilməsini xahiş etdi.

    Müəyyən hazırlıq işləri görüldükdən sonra martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran üzərinə ilk hücumu başlandı. Döyüşdə 5-ci Bakı piyada alayının bölmələri, Parlament mühafizə dəstəsi və partizan dəstələri iştirak edirdilər. Süvari qüvvələrə isə 1-ci Azərbaycan süvari alayının bölmələri cəlb olunmuşdu. Döyüşün gedişində Xramord kəndi, Daşbaşı yüksəkliyi, Fərrux kəndi ələ keçirildi və qüvvələr Xanabad kəndinə xeyli yaxınlaşdılar. Döyüş planına əsasən, qüvvələr bu mövqelərdə dayanıb möhkəmlənməli olduqları halda, daha irəliyə getməyə can atırdılar.

   Əsgərandan əlavə kömək alan erməni-daşnak dəstələri Azərbaycan qüvvələrinin qarşısını saxlayıb, hətta geri çəkilməyə məcbur etdilər. Bununla da ilk hücumda Əsgəranı azad etmək mümkün olmadı. Döyüşün aparılmasında partizanlara deyil, nizami hərbi hissələrə daha böyük yer verilməsi üçün Zaqatala piyada alayının, 7-ci Şirvan alayının, 1-ci Azərbaycan süvari alayının, bir dağ topçu batareyasının Ağdama gətirilməsi qərara alındı. Bu qüvvələrin Ağdama yetişməsi ilə Əsgəran üzərinə növbəti hücum təşkil edildi. Hücum 1920-ci il aprelin 3-də başladı. Dəqiq planlaşdırılan döyüş Azərbaycan ordusu hissələrinin qələbəsi ilə nəticələndi. İlk hücumdakı marşrut üzrə irəliləyən Azərbaycan qüvvələri daşnakların bütün müqavimətini qıraraq, əvvəlcə Əsgəranı, sonra isə Xocalını erməni silahlı dəstələrindən təmizlədi. Azərbaycanın qoşun bölmələri gün ərzində Ağdam-Əsgəran yolunun kənarında yerləşən Kətik, Aranzəmin və Naxçıvanik kimi möhkəmləndirilmiş məntəqələri erməni silahlı dəstələrindən azad etdilər. Əsgəran döyüşünün uğurla başa çatması Azərbaycan ordusu hissələrinin tezliklə Şuşaya və Xankəndinə daxil olmasına zəmin yaratdı. Cümhuriyyət Ordusu Şuşaya və Xankəndinə daxil oldu.

     Hərbi nazir Səməd bəy  Mehmandarov cəbhəyə gəlir və əsgərlər qarşısında çıxış edib onları təbrik edərək bildirir ki, Almaniya cəbhəsində bir çox döyüşlərdə olub, amma onlar qədər qəhrəman əsgərlərə az-az təsadüf edib. “Siz canınızla gənc Azərbaycan ordusunun namusunu qorudunuz! Dəli Qazar kimi generalı məhv edib, süvarisini də pərən-pərən salan üçüncü artilleriya batareyası Azərbaycan bayrağını ilk dəfə Qarabağda dalğalandırdı.” – deyib. General Həbib bəy Səlimov, Cavad Şıxlınski ermənilərə dərs veriblər. Əgər onlar olmasaydı, Qarabağ min faiz əldən gedə bilərdi. O generalların sayəsində qaldı bu torpaqlar”.

   Qarabağ döyüşü Azərbaycanın hərb tarixinə ən möhtəşəm bir döyüş kimi yazıldı. Bu döyüş nəticəsində minlərlə erməni silahlısı məhv edildi və onların Qarabağ iddiası puça çıxarıldı…

Qoşqar  Salmanlı (Əmirov)

P.S. Bizdəkilər indi general polkovniklərdi, öz çinlərini və canlarını güclə gəzdirirlər…

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •