Bəs siz nəyə gülürsünüz, cənab nazir?

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri


Xəbər verildiyi kimi Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu ilin 29 yanvar tarixində Cenevrədə keçirilən görüşü 7 saat davam edib.


Onsuz da bizə dəxli olmayan bu danışıqlarda yəqin ki, həmişə olduğu kimi əsas məsələ növbəti görüş yerinin müəyyənləşdirilməsi olub. Bir Qarabağ köçkünü o gün deyir ki, çox güman ki, Mamedyarov yoldaş elə ingilis dilində də elə bizim dildə danışdığı kimi danışır. Yoxsa o əcnəbilər imana gələr, ya da bu illər ərzində çıxıb bircə kəlmə xalqa məlumat verərdi ki, bəs filan şey zad oldu.


Amma ATƏT adıyla erməni «kəşfiyatçıları» olan «3 bacı dolma» və ingilis qaşığı olan Kaspşikin üzünü görməkdən gözlərimiz yağır olub. Yenə ilin əvvəli manipulyasiya, ortası imitasiya və axırı «əs-səbr, ya məşərəl-islam»la bitər. Erməni Cıdırda çaxır, Kəlbəcərdə konyak, qeyri yerlərdə arın-arxayın tut arağı istemal edər. Bədbəxt qarabağlı da köçkün palazına bürünüb 20%-lik torpağını bir otaqlı mənzilə dəyişmək növbəsində bala böyüdərlər.


Bu gün biriləri çıxıb pafosla Vətəni sevgilərini izhar etməklə saxtakarcasına adamı borclu çıxarırlar ki, bəs ölkənin məmuruna salam verirsənsə, sən vətənpərvər deyilsən və ən azı dövlətçiliyə qarşı çıxırsan. Hələ Qarabağdan danışanı anası erməni olanlar yığışıb işdən çıxarırlar və biz dilimizi qarnımıza qoyub susarıq. Güya susmasan nə olasıdır ki?..


Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edirmişlər. Əcəb də ediblər. Bunların da «çörək pulu» məcburi köçkünlərin «çörək pulu» kimi buradan çıxır.

Amma məni Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayevanın Tvitter səhifəsində paylaşdığı məlumatdakı foto daha çox düşündürdü.


Görüşdəkilərin hər birinin üzündən serial qəhrəmanları kimi məmnunluq təbəssümü yağır. Deyək ki, rus Popov məmnunundur ki, 30 ildə bircə dəfə bu faciələrin senarisini cızan bir dövlət kimi onun gül üzünə «püff» deməmişik. O, çalır, biz oynayırıq.

Viskonti müəllim də məmnundur ki, Qarabağa ilk terror legionunu yola salan və maliyyələşdirən bir dövlət kimi ona da «gözün üstdə qaşın var»-deməmişik.

Şoffer də məmnundur ki, onun ağaları təcavüzə uğrayan bir ölkəyə qarşı 907-ci düzəliş tətbiq edib, bu günədək də, nəinki Ermənistana, elə Qarabağ işğalçı rejiminə maliyyə yardımı göstərməkdədir.

Kaspşik müəllimdən də danışmağa dəyməz. O da yəqin ki, növbəti görüşün keçiriləcəyi məkandan məmnun qalıb.

Keçək işğalçı ölkənin xarici işlər naziri Mnasakanyana. Bu ona gör sevinir ki, 25 ildir ağalarının dəstəyi ilə eyni havaya bizi oynatmaqdadırlar və hər görüşdən sonra Qarabağın işğal ərazilərində aı 50 ev tikib PKK+ASALA terror düşərgələrinin istifadəsinə verirlər. Beləsi niyə məmnun qalmasın ki?


Bunları qandım. Burada mənə çatmayam bircə məqam, cənab Mamedyarovun nəyə gülməsidir. Barı bunu açıqlayın, cənab nazir, bəs siz nəyə gülürsünüz?

Bir də yazıblar ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu ilin 29 yanvar tarixində Cenevrədə keçirilən görüşü 7 saat davam edib. Növbəti görüş yerini müəyyən etməyə 7 saat vaxt itirməyə dəyərmi? Olmasın Cenevə, lap olsun bir filmdə deyildiyi kimi «Badenbadenin mavi gecələri». Heç gör dəxli var?

Qarabağsız bu dünyadan köçüb nəsli kəsilmiş qarılar demiş, Allah Kaspşikin ətini töksün…

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •