Gürcüstanda etnik qarşıdurma pik həddə — DTX işə qarışdı

Gürcüstanın Kvemo Kartli və Kaxeti bölgələrində gürcülər və azərbaycanlılar arasında qarşıdurmanı alovlandırmağa cəhd edən bir neçə qrup və bir sıra vətəndaş var. Həmin şəxslər etnik azərbaycanlıların sıx yaşadıqları bölgələrdə illər ərzində toplanmış problemlərdən təhrif olunmuş vətənpərvərlik düşüncələrinə əsaslanaraq mənfi kontekstdə istifadə edirlər.

Fedai.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd deyilir ki, həmin insanlar milli zəmində münaqişə yaratmaq məqsədilə Kvemo Kartli və Kaxeti bölgələrində dövlət və hökumətin səlahiyyətlərinə aid olan məsələlərlə məşğul olurlar.

Bildirilir ki, bu istiqamətdə yalan və aqressiv çağırışlar yaymaqla bir qrup şəxs gürcü və azərbaycanlı vətəndaşlar arasında gərginlik yaratmağa çalışır, milli şərəf və ləyaqətə xələl gətirən ifadələr və hərəkətlərə yol verirlər. Bununla da insan hüquqlarının kobud şəkildə pozulması baş verir. Bir qrup insan vəziyyəti açıq şəkildə elə təqdim etməyə çalışır ki, guya etnik gürcü əhali Gürcüstandakı digər etnik azlıqlardan üstündür. Bu da milli qarşıdurma riskini daha da artırır.

DTX-nin Dövlət Təhlükəsizliyi Departamenti irqi ayrı-seçkilik, insan haqlarının birbaşa və ya dolayı şəkildə məhdudlaşdırılması, milli zəmində düşmənçilik və diskriminasiya, milli şərəf və ləyaqətin alçaldılması maddələri üzrə istintaqa başlayıb./Teleqraf.com/

Bu xəbəri paylaşın: