Yusif bəy Məlikhaqnəzərov: Müəllim, aktyor, publisist

Yusif bəy Qarabağda, Şuşada məşhur olan məlikhaqnəzərovlar soyuna bağlıdır. Bu soyun ulu babası Salmandır. Salman XVIII yüzilin sonu, XIX yüzilin önündə Şuşa şəhərində yaşamışdı. Əhməd xan İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirin rəiyyəti idi. Pak Xоrasan tоrpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşədi Salmanın Məmmədbağır, Mehdi, Dadaş adlı oğlanları vardı.

Məmmədbağır Məşədi Salman oğlu 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mollaxanada oxumuşdu. Ticarətlə məşğul idi.

Məmmədbağırın Məmmədəli, Yusif, Salah adlı oğlanları vardı.

Məmmədbağırın ikinci oğlu Yusif bəy 1857-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra xüsusi məktəbdə hazırlaşmışdı. Aleksandr Müəllimlər institutunda oxumuşdu. 14 iyun 1882-ci ildə institutu bitirdikdən (ARDTA, f.311, siyahı 1, iş 810, v.12.) sonra Zəngəzur qəzasında dərs demişdi. Sonra Şuşa şəhərinə dəyişilmişdi. Sonra Şəki şəhərində, Nuxa Qəza idarəsinin pedoqoji sahəsində müfəttiş kimi çalışmışdı.

Yusif bəy Məlikhaqnəzərov daha sonra Şuşa şəhərinə dəyişilmiş, Real məktəbdə dərs demişdi.

1899-cu ilin may ayında Rusiya, o cümlədən də, bütün Qafqaz Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 100 illik yubileyini bayram edirdi. Ölkədə elə bir qəza şəhəri, ya da iri bir mədəni mərkəz yox idi ki, orda şair anılmasın, onun şərəfinə yığıncaqlar keçirilməsin. Puşkinin xatirəsinin yad edilməsi barədə Qafqaz Təhsil Dairəsindən bütün məktəb müdirlərinə göstəriş verilmiş və yığıncaqlar keçirmək üçün qısaca proqram da göndərilmişdi. Proqram əsasında aşağıdakılar həyata keçirilməliydi:

1. Aleksandr Sergeyeviç Puşkinə matəm mitinqi keçirməklə ibadət duası oxumaq;

2. Təntənəli yığıncaqlar təşkil etmək, onun həyatı, rus və dünya ədəbiyyatındakı rolu barədə şagirdlərə daha geniş məlumat vermək;

3. Şairin seçilmiş əsərlərini şagirdlərə ifadəli şəkildə oxumağı və şeirlərinə yazılmış vokal əsərlərini ifa etməyi öyrətmək.

Həmin o tarixi yubiley may ayının 26-da Şuşa Real Məktəbində də xüsusi təntənə ilə qeyd edilirdi. Bura yerli ziyalılar, mülki və hərbi idarələrin qulluqçuları, şagirdlərin valideynləri, şəhərin qonaqları da dəvət olunmuşdular. Tədbir məzmunca çox zəngin idi və olduqca maraqlı keçirdi. Şuşanın demək olar ki, bütün təhsil müəssisələrinin müəllimləri və şagirdləri səhər saatlarından başlayaraq dəstə-dəstə realnı məktəbin binasına doğru tələsirdilər…

Saat 10-da tədbir başlandı. Mərhum şairin ruhunu şad eləmək üçün əvvəlcə matəm mitinqi keçirildi, dualar oxundu. Məktəbin direktoru bu təntənənin məqsədindən, rolundan və gənclər üçün əhəmiyyətindən danışdı. Altıncı sinif şagirdlərindən biri Aleksandr Sergeyeviç Puşkin barədə qısa məlumat verdi. Rus dili müəllimi Sibirtsev sürəkli alqışlara səbəb olan «Dahinin xatirəsi» adlı parlaq və geniş bir nitq söylədi. Tədbir iştirakçılarından məktəbin şəriət müəllimi Axund Mirzə Sadıq Lətifov, həkim

Əbdülkərim bəy Mehmandarov, müəllim Yusif bəy Məlikhaqnəzərov, jurnalist Haşım bəy Vəzirov və başqaları da böyük şair barədə ürək sözlərini dedilər. Yuxarı sinif şagirdləri Puşkinin «Qafqaz», «Peterburqun bünövrəsi», «Gələcəkdən xəbər verən Olqa», «Xatirə», «Suda boğulmuş adam», «At», «Moskva», «Körfəzdə yaşıl palıd» şeirlərini və poemalarından parçaları ifadəli şəkildə oxudular. Məktəb orkestrinin və xorunun ifasında şairin musiqili əsərlərinin ifası başlandı. Musiqi müəllimi Reslerin bəstələdiyi «Qafqaz altımdadır» təntənəli marşı tamaşaçıların xüsusi diqqətinə və heyrətinə səbəb oldu. Sonra dərslərini əla oxuyan və məktəbin ictimai işlərində uğur qazanan şagirdlərə mükafatlar verildi, tərifnamələr təqdim edildi. Böyük uğurla başa çatan təntənədən sonra əlaçı şagirdlərə yubiley hədiyyələri — şairin portretləri, xatirə üçün bütün məktəblilərə onun haqqında çap olunmuş kitabçalar paylandı (Haşım bəy Vəzirov. «Kaspi» qəzeti. «Kaspi xəbərləri», 1 iyun 1899-cu il, №113.).

Yusif bəy Məlikhaqnəzərov teatr həvəskarı idi. Teatrda akyor və rejissor kimi çalışırdı. Yusif bəy mülkədar idi. Şuşa və Qaryagin qəzalarında torpağı vardı.

M.F.Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M.F.Axundovun komediyaları Tiflisdə də oynanılmışdır (Azərbaycan dilində). Qabaqcıl ziyalılardan bir sıra komediya və vodevillərin müəllifi N.Vəzirov, B.Bədəlbəyov, Ə.Vəlibəyov, F.Köçərli, H.Sarıcalinski, Muxtar Muradov, İ.Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M.Sidqi, C.Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E.Sultanov (Naxçıvan), R.Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti özəlliklə qeyd olunmalıdır. 70-80-cı illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına saldılar və bu truppa 1888-ci ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başladı. Qabaqcıl Qarabağ ziyalıları, sonralar Zaqafqaziya (Qori) Müəllimlər seminariyasını bitirən müəllimlər Şuşa şəhərində teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda «aktyor» kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlikhaqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını («Xırs-quldurbasan», «Müsyö Jordan və dərviş Məstəli şah») oynayırdılar. 1904-cü ildə «Müsyo Jordan və Dərviş Məstəli şah» pyesini tamaşaya qoymuşdular.Həmin tamaşalarda Hacı Qara və Məstəlişah rollarını Yusif bəy Məlikhaqnəzərov ifa etmişdir.Şuşa teatrının ən qüvvətli xadimlərindən olan Yusif bəy Məlikhaqnəzərov şəhər məktəbində riyyaziyyyatdan dərs deyird; şəhər dumasının üzvü idi; həvəskar teatr truppasında fəal iştirak edirdi.Göstərilən tamaşalarda əsas rolları oynayırdı.Ə.Haqverdiyev öz ilk müəllimi Yusif bəy Məlikhaqnəzrov haqqında yazırdı: «Realnı məktəbdə oxuyarkən yenə hər yay Yusif bəyin «kontoruna» gedirdim.Yisif bəy mütəəssib bir teatro həvəskarı idi.Yay fəsillərində Şuşaya cəm olan kənd müəllimlərinin iştirakı ilə gedən teatroları qabbaqca Şahnəzərovun evində, sonra şəhər klubunun zalında verirdilər.Yusif bəy özü mütəəsib olub, şagirdlərini də teatro tərəfinə təşviq edirdi və mənim teatroya həvəsim onun təşviqi sayəsində başlanıb getdikcə artdı.Axır vaxtlarda Yusif bəylə aramızda sıxı bir rəfaqət var idi və qocalığına baxmayaraq mənim əsərlərimdən rollar götürüb gözəl oynayırdı».

Ə. Haqverdiyevin uşaqlıq illərindən nümunə gətirdiyimiz sətirlər Əziz Şərifin Ə. Haqverdiyev haqqında yazdığı xatirələrinə daxil etdiyi tərcümeyi-halda özünə yer almamışdır. Eyni fikirləri müəllim Yusif bəy Məlikhaqnəzərov haqqındakı məlumatlara da şamil etmək olar. Ə.Haqverdiyevin şəxsi arxivindəki tərcümeyi-halda Yusif bəydən daha ətraflı söhbət açılır. Müəllif yazır: «…Yusif bəy Məlik Haqnəzərov ilə tanış olmam. Şuşa şəhər məktəbinə girdikdən qabaq mən Yusif bəyin yanında bir neçə ay hazırlaşdım. Yusif bəy müəllim idi. O vaxt müəllimlər yay fəslində Şuşada teatr verirdilər. Mən birinci dəfə teatr sözünü Yusif bəyin dilindən eşitdimsə, amma istərdim teatra gedim. Balaca olduğumdan dolayı atalığım məni buraxmayırdı. Atalığım özü də teatr nə olduğunu bilməzdi. Ancaq 1884-cü ildə birinci dəfə teatra gedib həman Yusif bəyi səhnədə görüb teatrın nə olduğunu anladım və sonra Mirzə Fətəlinin komediyalarını alıb həvəs ilə oxumağa başladım. Hətta on altı yaşında ikən bir komediya da yazdım: «Hacı Daşdəmir» və yazıb da aparıb Yusif bəyə verdim. Yusif bəy komediyanı çox diqqətlə oxuyub qırmızı karandaşla lazımi yerləri düzəltmişdi və sonra isə komediyanın bir şeyə yaramadığını mənə bir oylə pedaqoji dil ilə söylədi ki, mən əsla ondan incimədim. Bundan sonra teatr nə olduğunu və teatra dair əsərləri necə yazmaq üsulunu mükəmməl surətdə mənə göstərdi. O idi ki, həman gündən teatr yolunda işləməyi özümə bir müqəddəs məqsəd sandım» [Haqverdiyev Ə. Tərcümeyi-halım. AMEA Əİ, f. 9, s.v. 46, 6 v.].

Yusif bəy Məlikhaqnəzərov saray müşaviri çini daşıyırdı.

Yusif bəy Məlikhaqnəzərov 3 dərəcəli Müqəddəs Stanislav (1 yanvar 1894), 3 dərəcəli Müqəddəs Anna ordenləri ilə təltif edilmişdi.

Yusif bəy Məlikhaqnəzərov publisitika ilə də məşğul olurdu. İşlədiyi dövr ərzində bir neçə elmi-populyar məcmuələrdə yazısı dərc olunmuşdu. (Занятия шелководством при народных училищах Елисаветпольской губернии в 1889 г. с.229-239. СМОМПК, вып. 11. Тифлис. 1891)

Yusif bəy Məlikhaqnəzərov 18 noyabr 1907-ci ildə vəfat edib.

Yusif bəy Zümrüd xanım Nəriman bəy qızı Nərimanbəyova ilə ailə qurmuşdu. Bəhram bəy, Bəylər bəy, Xosrov bəy adlı oğlanları, Tovuz xanım, Dilarə xanım, Dilguşə xanım, Rəzidə xanım adlı qızları vardı.

На изображении может находиться: один или несколько человек и часть тела крупным планом

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Bu xəbəri paylaşın: