Zabit Babayev
1516-cı ildə erməni Kilikiya çarlığı ləğv edildikdən sonra ermənilərin heç bir dövləti olmamışdır.Müstəqil Ermənistan Dövləti yaratmaq ideyasını ilk dəfə 1887-ci ildə yaranmış «Qncaq» (həyat) partiyası irəli sürmüşdür.
Qncaqlar Türkiyə ərazisində erməni dövləti yaratmaq istəyirdilər.1890-cı ildə meydana gələn «Daşnaksutyun» (ittifaq) partiyası Aralıq dənizindən Xəzər dənizinə qədər olan ərazidə Müstəqil Ermənistan Respublikası yaratmaq ideyasını irəli sürdü. Daşnaklar bu məqsədlə Rusiya, Fransa və İngiltərə ilə əlaqə yaratdılar. 1912-1913-cü illərdə Balkan müharibələrində Türkiyənin düçar olduğu çətin vəziyyətdən Rusiya, İngiltərə və Fransa istifadə edib Türkiyə ərazisində erməni dövlətinin əsasını qoymağa cəhd etdilər.
Lakin I Dünya Müharibəsinin başlanması və Türkiyənin Almaniya tərəfdə müharibəyə qoşulması onların planını pozdu.Bu zaman ermənilər Rusiya imperiyası ərazisində 1828-ci ildə yaradılmış İrəvan «Erməni Vilayətində» erməni dövlətini təsis etmək fikrini ortaya atdılar.İmperiya ərazisində qarışıqlıq yaradılmasına yol vermək istəməyən II Nikolay ermənilərə Türkiyə ərazisində dövlət yaratmalarına şərait yaradacağını bildirdi və erməniləri türklərə qarşı döyüşlərə cəlb etdi. Türkiyə ordusunda xidmət edən erməni hərbçiləri ruslar tərəfə keçib türk əhalisini qırmağa başladılar.
Qaro Pasdırmacyan 1915-ci ildə rusların köməkliyi ilə Vanı tutub may ayında Türkiyənin şərqində erməni dövlətini yaratdılar. Aram Manukyan Van qubernatoru təyin edildi. Lakin iyul ayında türklər onlara zərbə vurub Vanı qaytarmağa nail oldular. Türkiyə ərazisindəki ermənilərin Cənubi Qafqaza axını başlandı.
Onlar Stepan Şaumyan başda olmaqla 1917-ci ilin 2 noyabrında Bakıda rus-erməni rejimini yaradıb 1918-ci ilin martından etibarən Cənubi Qafqazda müsəlmanların kütləvi qırğınına başladılar. Bu zaman Türkiyə Zaqafqaziya Seymindən Rusiyadan aslı olmamağı və milli qırğına qarşı tədbir görməyi tələb etdi. Seymin bundan imtina etməsi Türkiyə ilə müharibəyə səbəb oldu. 1918-ci il 13- 22 aprel arasında olan bu müharibə Seymin məqlubiyyətilə nəticələndi.
Aprelin 25-də türklər Gümrünü tutdular. Zaqafqaziya Seymi özünü Cənubi Qafqaz Müstəqil Federativ Respublikası elan etdi. Lakin 26 may 1918-ci ildə gürcülərin seymdən çıxıb özlərinə müstəqil dövlət yaratmaları ilə bu respublika dağıldı. 28 mayda Azərbaycan Xalq Cumhuriyyətini yaradan müsəlman fraksiyası ermənilərin davam etdirdiyi qırğınların qarşısını almaq üçün Türkiyəyə müraciət edib kömək istədi.
Cənubi Qafqaz ərazisində özlərinə dövlət yaratmaqda qərarlı olan ermənilər də ərazi iddialarına son verməklə İrəvan mərkəz olmaqla «Ararat Respublikası»nın yaradılmasını irəli sürdülər.
Mayın 29-da erməni dövləti meydana gəldi. Müəyyən qədər silahlı qüvvəyə malik ermənilər qarşısında hərbi gücü olmayan Azərbaycan Xalq Cumhuriyyəti İrəvanı ermənilərə güzəştə getməyə məcbur oldu.Öz varlığını qoruyub saxlamaq üçün 4 iyun 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti Batumda Türkiyə ilə hərbi saziş imzaladı. Ermənilər qısa müddətdən sonra «Daşnaksutyun» partiyasının taktikasına uyğun olaraq «Böyük Ermənistan» yaratmaq planlarını davam etdirdilər.Azərbaycanlıların qərbdən Andronik,şərqdən isə Şaumyan tərəfindən qırğını həyata keçirildi.Türkiyə Qarabəkir paşa və Nuru paşanı azərbaycanlılara köməyə göndərdi.
Qarabəkir paşa Naxçıvanı, Əhməd əfəndi Qubanı, Nuru paşa isə Bakını ermənilərdən azad etdi. Özünə qüvvə toplayan Azərbaycan hökuməti 1920-ci ilin martına kimi ermənilərin işğalşılıq səylərini dayandırmağa nail oldu.
Bu tarixi təfsilat Azərbaycan Xalq Cumhuriyyəti hökumətinə qarşı son günlər irəli sürülən ittihamların əsassız olduğunu bildirir.