Xalq gülüşünun əsas elementlərini öz yaradıcılıqlarında qoruyan lətifə söyləyicilərinin, zərif-zarafatcılların əksəriyyəti zəmanəsinin tanınmış simaları kimi həm öz dövrlərində, həm də sonrakı dönəmdə lətifə personajları, gülməcə-bəzəmə qəhrəmanları kimi xalq içərisində böyük nüfuz sahibi olmuşlar. Bunlardan biri də Kərbəlayı Şirin bəy Allahverənbəyovdur.
Kərbəlayı Şirin bəy Qarabağda, Şuşada məşhur olan allahverənbəyovlar soyuna mənsubdur. Atası Məşədi Abbas bəy Məşədi Allahverən bəy oğlu (1815-?) Şuşanın ünlü tacirlərindən idi. Babası Allahverən bəy Əlimədət bəy oğlu (1775-?) əvvəlcə İbrahimxəlil xan Sarıcalı-Cavanşirə, sonra onun vəliəhdi Məhəmmədhəsən ağaya xidmət etmişdi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Allahverən bəyin törəmələrinin bəziləri Allahverənli, Allahverənbəyov soyadını daşıyırdılar.
Şirin bəy Məşədi Abbas bəy oğlu 1840-cı ildə Şuşa şəhərində doğulmuşdu. O, əməli salehliyi, ədaləti və təvazökarlığı ilə tanınan bir ailədə böyüyüb başa çatmışdı. İbtidai təhsilini mollaxanada almışdı. Sonra məşhur Məhəmmədiyyə mədrəsəsini bitirmişdi. Onun böyük məqamlı ruhani olacağını düşünmüşdülər. Atası hətta onun Kazımeyndə oxuması üçün pul da yığmışdı. Di gəl ki, xasiyyətcə komik təbli olan Şirin bəy, valideynlərinin bu arzusunu zarafata salmışdı: “Kərbəlada oxuyana Kərbəla qənim olsun. Mollalar şər məclisində görünürlər. Mən şəbədəni seçirəm…”
Şirin bəy ticarətlə məşğul olmuşdu. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Ədəbiyyatşünas Bəylər Məmmədov onun haqqında yazır: “Baməzə adamlar vətəni Şuşada dünyaya gələn Kərbəlayi Şirin ticarətlə məşğul olmuş, İrana, Türkiyəyə və İraqa səfər etmişdir. İlk təhsilini mollaxanada almışdır. Din və onun ayinlərini icrasına biganə qalmış, əksər vaxtlarını dostlar məclisində, yığıncaqlarda (siran) keçirməyi xoşlamışdır. Orta Asiya, Dağıstan şəhərlərini səyahət etmişdir. Şuşada dəfn olunmuşdur. Xeyli lətifələri Azərbaycanın hər guşəsində söylənir.
Mələk
Bir dəfə Kərbəlayi Şirin dostlarla məscidə gedəndə Müctəhid Əbdürrəhim ağa camaata moizə oxuyur, sonra da belə bir hədislə qurtarır: guya müsəlman olankəs əgər dini ayinləri vaxtında icra edərsə, firudinin şərtlərini yerinə yetirərsə, Allah-təala ona qəbrin dairəçisindən (deyişindən, yırtıcıdan) elə bir mələk əta edəcək ki, onun boyu üç ağac uzunluğunda olacaq.
Elə bu sözü deyəndə Kərbəlayi Şirin və yoldaşları durub məscidin qapısından çıxmaq istəyirlər. Ağa onlara müraciət edəndə ki, niyə moizəni, yarımçıq qoyub gedirlər? Kərbəlayi Şirin səbəbini belə izah edir:
—Ağa, üç ağac uzunluğunda olan mələk bizim nəyimizə gərəkdir. Onun başı mənim qucağımda olacaq, qalan yerləri də özgəsinin.
Nazik bığ
Kərbəlayi Şirin səfərlərinin birində tərs bir ləzgiyə rast gəlir. Onların mübahisəsi axırda təkbətək döyüşə çıxarır. Kərbəlayi Şirin görür ki, ləzgi qoçaq oğlana oxşayır, vuruşsalar ləzgi onu öldürəcək. Ona görə də yumşalıb rəqibini barışığa çağırır. Kərbəlayi ləzgiyə sual verir:
-Külfətin var?
Ləzgi:
-Var.
Kərbəlayi Şirin deyir:
-Mənimki də var, xəncəri qoy qınına!
Ləzgi xəncəri yerinə qoyanda, Kərbəlayi Şirin əlavə edir:
-Lopabığ olsaydın, dalınca gələrdim, nazikbığda xəta olar.
Qonşu
Kərbəlayi Şirinin qonşusu sudaşıyan Fərəc və fəqir adamlardan biri idi. Havalar isti keçdiyindən bir yay axşamı arvadla kişi yorğan-döşəklərini həyətdəki tut ağaclarının altına salıb yatırlar Belə hərəkət müsəlman əxlaq normalarına zidd olduğu üçün qonşuların acığına gəlir. Kərbəlayi Şirin onları sakitləşdirir ki, öz aramızda tədbir töküb, bu işə birdəfəlik əncam çəkərik.
Kərbəlayi Şirin alçaq çəpərdən xəlvəti olaraq Fərəcin həyətin keçib, yatmış ərlə arvadın tən ortasına oturur, sonra da gedib kənardan səhərin açılmasını gözləyir. İşıqlaşana yaxın arvad durub kişini dəhmərləyir ki, yorğan-döşəyi bulayıbdır, qalxsın ayağa. Kişi də məsuliyyətdən boyun qaçırıb, günahı arvadın üstünə yıxır. Beləliklə onların başı bir-birnə şər atmağa qarışanda, qonşular da hasarın o tayından baxıb gülüşürlər. Bundan xəbər tutan ər-arvad yorğan-döşəyi də götürüb tezcə evə qaçmağı qənimət bilirlər. Şahidlərin dediyinə görə, düz bir aya yaxın arvadla kişi utandıqlarından evdən bayıra çıxmırlar.
Qoyun alveri
Qoyun almaq lazım gələndə, Kərbəlayi Şirin sürüdə gözünə dəyən yaxşı bir qoyunu göstərib deyərdi:
-Ə, bu keçi neçəyədir?
-A kişi, bu qoyundur.
-Belə də qoyun olar?- deyib, Kərbəlayi Şirin sürü yiyəsindən xahiş edərdi: burax bunu görək necə yeriyir?
Qoyun yeriməyə başlayanda o, pişxəndlə söylərdi:
-Ə, bunun quyruğu laxlayır ki?!
Sonra da soruşardı:
-Qiyməti neçədir?
-Əlli manata.
-Ə, bunun təzəsi 30 manatdır, bəs köhnəsini niyə belə baha deyirsən?!
Son nəfəsdə
Kərbəlayi Şirin son nəfəsində də zarafatdan əl çəkməmiş, ömrünü bir fəlsəfi yumorla başa vurmuşdur.
Bir gün o xəstələnir. Dostları yığışıb onun kefini açmağa gəlirlər. Kərbəlayi Şirin də öz növbəsindıə yanına gəlmiş yoldaşlarını şən zarafatları, şirin söhbətləri ilə əyləndirir. Lakin məclisin qızğın çağında o, söhbəti yarımçıq kəsib, dostlarını xəbərdar edir:
-Durun, otaqdan çıxın, yanıma gələn var!
Yoldaşları yarım saat gözlədikdən sonra qapını açıb görürlər ki, Kərbəlayi Şirin keçinib”. [Bəylər Məmmədov, Qarabağın baməzə adamları, Bakı, “Yazıçı, 1992, s.70-73].
Kərbəlayı Şirin bəyin lətifələrini Yusif Vəzir Çəmənzəminli də qələmə alıb. O, yazır: “Şuşa məclislərində incə zarafat, lətifəçilik, hazırcavablıq olduqca inkişaf etmişdi. Mayor Əbdürrəhim bəy, Səfi bəy, Alı yüzbaşı, Dəli Xudu bəy, Allahverənli Kalba Şirin kimi adamların söyləmiş olduqları lətifələr yalnız Şuşada deyil, Azərbaycanın hər guşəsində söylənilir. Bunların çoxu ictimai xarakter daşıyır”. (Yusif Vəzir Çəmənzəminli, Əsərləri, III cild, Bakı, “Elm, 1977, s.299).
“Cəngavər” Məmiqoca
Allahverənli Kalba Şirin də hazırcavablığı ilə məşhur idi.
Məhərrəm ayında Şuşanın dindar və mömün adamları bir yerə yığışaraq Kərbəlada canını fəda edən yetmiş iki şühədanın matəmini keçirmək qərarına gəlirlər. Sinəzənlik vəzifəsini də zəif iradəli, bacarıqsız Məmiqoca adlı bir şuşalıya tapşırırlar. O da güclə çıxan cır səsi ilə sinə vura-vura məşhur bir beyti oxuyurmuş:
Olmadıq ki, Kərbəlada Şimri-Sənani öldürək,
Parə-parə eyləyək övladi-Heydər qanlısın.
Bu mənzərəni uzaqdan seyr edən Kərbəlayı Şirin növhə deyənin Şimri hədələməsi ona çox gülünc görünür. Odur ki, hadisəyə tənqidi münasibətini gizlədə bilməyib ucadan deyir:
-Kül başına olsun, ay Şimr, gör nə günə qalmısan ki, pişikdən qorxan Məmiqoca da səni hədələyir.
El arasında bu söz işlənə-işlənə xalq məsəli şəklinə düşmüşdür.
***
Kalba Şirinin bir curu varmış, həmişə onunla zarafatlaşarmış. Aralarındakı qayda belə imiş: Kalba Şirin zarafata başlayanda, curu mütləq cavab verərmiş. Bir gün Kalba Şirin curunun bazarın başında faytona minib səfərə çıxdığını görür. Yaxınlaşıb zarafata başlayır. Curu qulaq asıb, cavab vermir və faytonu sürdürüb, yola çıxır. Kalba Şirin də bir fayton tutub, onun dalınca gedir. Gəlib, Ağdama çıxırlar. Kalba Şirin yenə yoldaşına yaxınlaşlıb, cavab istəyir. Müvəffəq olmur. Yoldaşı faytona minib, Yevlaxa gedir, Kalba Şirin də onun dalınca. Yevlaxda da Kalba Şirin cavab ala bilmir. Qatara minib Gəncəyə gedirlər. Gəncədə Kalba Şirinin yoldaşı zarafatın cavabın verir.
Kalba Şirin:
—Ay zalım,-deyir,- bu cavabı Şuşada versəydin, mən bu qədər xərcə düşməzdim.
***
Kalba Şirin gəmidə ziyarətdən dönürmüş. Dənizdə fırtına başlayır. Gəminin təhlükəli vəziyyətini görən miniklərdua-niyaza başlayırlar, seyidlərə nəzir vəd edirlər. Kalba Şirin gəminin üstündə laqeyd bir halda gəzirmiş. Camaat buna heyrət edib deyir:
-Ay Kalba Şirin, gəmi batır, bir sən də əlini göyə qaldır dua elə, bəlkə sənin duanı Allah eşidə.
Kalba Şirin əlini qaldırıb deyir.
-Allah, bizi bu qorxudan qurtar. Bakıya salamat çıxaq, seyidlərə on manat nəzir verim.
Gəmi gəlib Bakıya çıxır. Miniklər kənara çıxan kimi seyidlərə nəzir paylamağa başlayırlar. Kalba Şirin vəd etdiyi nəziri vermir. Yoldaşları səbəbini soruşduqda deyir:
—Mən dua eləyəndə Allaha göz vurmuşdum ki, seyidlərə bir qəpik də verməyəcəyəm.
***
Kərbəlayı Şirin bəy Allahverənbəyov 1931-ci ildə Şuşa şəhərində vəfat edib.
Kərbəlayı Şirin bəy Sürayyə xanım Kərbəlayı Salman bəy qızı ilə ailə qurmuşdu. Rüstəm bəy, İsfəndiyar bəy, İldırım bəy, İskəndər bəy, Əsədulla bəy, Nurulla bəy adlı oğlanları, Qəmər xanım, Bikə xanım adlı qızları vardı.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf