Prezident tarixçilər qarşısında yeni çağırışlar qoydu — ŞƏRH

Ermənistanın işğalçılıq siyasətinin mahiyyətindəki doktrinalar əhatə dairəsinin genişliyi ilə fərqlənir.


İşğalçılığın nəzəri və praktiki metodologiyasında təkcə ərazi iddiaları yox, həm də tarixi saxtalaşdırmaq, yer adlarını özününküləşdirmək, mədəniyyət abidələrini dağıtmaq, vandallıq siyasəti dayanır.


Bugünkü Ermənistanın ərazisinin özü də vaxtilə Azərbaycan torpaqları olub, amma zaman-zaman ermənilər hər şeyi özəlləşdirib, öz adlarına çıxarmağa çalışıblar.


Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında deyib ki, Ermənistan Respublikasının qədim Azərbaycan torpağı olmasını anlamaq üçün XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir.


“Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir”, — deyə Prezident əlavə edib.


Ölkə başçısı bildirib ki, Ermənistanda tarixi Azərbaycan şəhərlərinin, kəndlərinin adları dəyişdirilib.


Toponimlər xalqın milli-tarixi kodunda mühüm yer tutan sərvətdir.


Ermənilər isə Azərbaycan xalqına məxsus olan bu sərvəti mənimsəyərək, mədəni terroru da həyata keçirirlər.


Azərbaycan toponimlərinin erməniləşdirilməsi siyasətinə dair bəzi rəqəmləri sadalamaq yerinə düşər.


1918-1920-ci illərdə Ermənistan ərazisindəki türk mənşəli adlar dəyişdirilib. Molla Dursun Şaumyan, Yuxarı Ağdam Qanzakar, Tamamlı Burastan adlandırılıb.


Ermənistan SSR-nin rəsmi qərarı ilə 1924-1930 illər ərzində tarixi Azərbaycan torpaqlarında 80 toponimin adı dəyişdirilib.


Lakin bu qərar əsl mahiyyəti pərdələmək məqsədi daşıyırdı. Ermənistanda belə bəhanə gətirirdilər ki, həmin yer adları dini məna daşıdığı, keçmişin feodal ünsürlərini özündə əks etdirdiyinə görə dəyişdirilməlidir.


Toponimlərin dəyişdirilməsi prosesi sonrakı illərdə üzdə “konstruktiv” əsaslarla, əslində isə dağıdıcılıq və etnik təmizləmə siyasətinə zəmin hazırlamaq məqsədilə aparılırdı.


Erməni vandalizmi 1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması ilə nəticələndi, bununla paralel isə Qarabağda erməni separatizmi tüğyan etməyə başladı.


“Türksüz Ermənistan” uğrunda mübarizə aparan ermənilər və onların ideoloqları, etnik təmizləmə əməliyyatını 1991-ci il avqustun 8-də Mehri rayonunun ən böyük kəndlərindən biri — Nüvədi kəndini soyqırımına məruz qoyaraq başa çatdırdı. Ümumilikdə 260 mindən çox azərbaycanlı öz dədə-baba torpaqlarından qovuldu – bu isə Ermənistanın millətçilik doktrinasının təzahürləridir.


Prezident İlham Əliyev tarixi faktlara diqqət çəkməklə Ermənistanın iddialarının və fantaziyalarının sonsuz olmasına işarə edib.


Ermənistan ərazisində Azərbaycana məxsus tarixi və mədəni irsin aqibəti də acınacaqlı aqibət yaşayıb.


Azərbaycanın orta əsr şəhərlərindən biri İrəvandakı (hazırda Yerevan) Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “yenidən təmir edilib”.


Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mədəni irsə dəymiş ziyanla bağlı məlumatlarında bildirilir.


Dağıdılmış arxitektur abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, Səfəvi və Qacar dövrünün qiymətli saray arxitektura nümunəsi olan “Sərdar sarayı” və ya “Xan sarayı” saraylar kompleksi də var. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib. Ermənistanda Cəfərabad (ermənilər buranı Argavand adlandırıblar) kəndində 1413-cü ildə tikilmiş Əmir Saad mavzoleyi də dağıdılmış abidələr sırasındadır. Mavzoleyin Azərbaycana məxsusluğu əlamətinin aradan qaldırılması üçün üzərində ərəb dilində yazılmış “Pir Budaq xanın hakimiyyəti dövründə Əmir Pir Hüseynin əmri ilə tikilmişdir” sözləri silinərək, abidənin adı “Türkmən Əmirləri ailəsinin mavzoleyi” adlandırılıb.


Həmçinin, Ermənistanda olan qədim və yeni Azərbaycana məxsus qəbiristanlıqlar məhv edilib.


Göründüyü kimi, işğal edilmiş ərazilərdə olduğu kimi, Ermənistanda olan Azərbaycanın tarixi yerlərində toponimlər orijinal xarakterinin təhrif edilməsi məqsədilə dəyişdirilib.


Prezident İlham Əliyevin çıxışı daxili auditoriyanın bilgilərini artırmaq, xüsusilə tarixçilərin yeni tədqiqatlar aparmaq çağırışını ortaya qoyur.


“Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün. Balaca bir kitabça dərc etsinlər”, — deyə Prezident bildirib.


İlham Əliyevin tarixlə bağlı çıxışının nüvəsində dayanan digər mesajlar həm də beynəlxalq ictimaiyyətə xitab edir.(oxu.az)

Bu xəbəri paylaşın: