Əfrasiyab Əzimov: Burdan bir atlı keçdi…

Azərbaycanın xalq qəhrəmanlarından biri də Əfrasiyab Əzimovdur. Əfrasiyab Şuşada, eləcə də bütün Qarabağda tanınmış əzimovlar soyundandır. Bu soy Şuşa şəhərinin Təbrizli məhəlləsinda yaşamış Məşədi İman uşağına bağlıdır. Bu sоyun ulu babası İmandır. İman təxminən 1771-ci ildə Şuşa şəhərində anadan оlmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Pak Xоrasan tоrpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Məşhədi İman Bibixanımla ailə qurmuşdu. Əzim, Abdulla, Əsəd adlı oğlanları, Minə adlı qızı vardı.

Əzim Məşhədi İman oğlu 1791-ci ildə Şuşa şəhərində dоğulmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Rastabazarda dükan işlədirdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

Hacı Əzimin törəmələrindən bəziləri Əzimоv, bəziləri Hacıyev sоyadını daşıyırdılar.

Hacı Əzim Şahpəri ilə yaşam qurmuşdu. Şükür, Nəsir, Aslan, Fərəmərz, Əfrasiyab adlı oğlanları vardı.

Hacı Əzimin beşinci оğlu Əfrasiyab 7 mart 1863-cü ildə Şuşa şəhərində anadan оlmuşdu. Mоlla yanında оxumuşdu. Onun ailəsi hər bir şuşalı kimi müsəlman Şərqi ölkələrinin tarixini və xalqlarının həyatını, psixologiyasını, fars, ərəb, türk dillərini bilir, milli, dini adət-ənənələrə sadiq idi. Əfrasiyab da məhəllə mollaxanası bitirəndən sonra ticarətlə məşğul idi.

Əfrasiyab Əzimоv gözəl minici idi. At yarışlarında, cıdırda iştirak edirdi. Yaşlı vaxtlarında at yarışlarında jüri üzvi оlmuşdu. Cəlil bəy Bağdadbəyоv yazır: «Münsiflər məşhur minici Əfrasiyab, Məşədi Qasım (Küftə Qasım) və Xanlıq Səlimdən ibarət idi. Bəzi vaxt Kərbəlayı Abbas, Nəcəfqulu ağa və Kəblə Mürsəl оlurdular…» (C. Bağdadbəyоv, Xatirələr və etnоqrafik qeydlər, Bakı, «Qapp-Pоliqraf», 2002, s.72)

Əfrasiyab Əzimоv Məşrtə hərəkatına hörmətlə yanaşır, cənublu qardaşların milli azadlıq mübarizəsini dəstəkləyirdi. Şuşa şəhərindəki Çuxurməhlə məhəlləsində difaiçilər Məşədi Ələsgər Abbas oğlu və Bahadur Kərim oğlu yerli sakinlərdən 3000 rubl pul yığmış, bu pula silah, patron, revolverlər alınmış, adamlar hazırlanmış və Cənubi Azərbaycana Səttar xanın köməyinə göndərilmişdi. (Ахмедов А. Азербайджанские тюрки в революции 1905 г. Баку, 2002, с. 293-294) Yükləri Səttar xana Əfrasiyab Əzimov çatdırmışdı.

Əfrasiyab Əzimov əqidə yoldaşları ilə millət sərdarı Səttar xan köməyinə yollanmışdı. Verilən bilgilərə görə, o, tez-tez Təbrizə gedib-gələrmiş. İşğaldan öncə Şuşanın yaşlı sakinləri nəql edirdilər ki, Əlfə (xalq arasında onu Əlfə və Əlfəsyab kimi də tanıyırdılar), öz dəstəsi ilə Araz çayına yaxınlaşanda, rus kazakları qaçıb dağılışar, onlar isə atları suya vurub, silahlarından ata-ata çayı keçərmişlər. (http://www.anl.az/down/meqale/adalet/2017/iyun/548763.htm)

Yazıçı Pənahi Makulu “Səttar xan” adlı əsərində ondan “Əzimzadə” kimi bəhs edir.

XX əsrin önlərində Azərbaycan xalqının qeyrətli oğullarını, milli ruhlu ziyalılarını düşündürən məsələlərdən biri də erməni millətçilərinin qırğın və qarətlərini önləmək idi. Əfrasiyab Əzimоv vətənpərvər, el qədri bilən bir qəhrəman olduğundan gündüz oturmayıb, gecə yatmayıb mübarizəyə başlamışdı. 1905-1906-cı illər erməni-müsəlman toqquşmalarında igidliyi sayəsində neçə-neçə günahsızı ölümdən qurtarmışdı. Mir Möhsün Nəvvab bu barədə yazır: «Müsəlmanlar da bir neçə yerdə səngərlər tərtib etmişdilər. Birinci səngər Vəzirzadələrin evinin qabağında, ikinci səngər isə Hacı Həsən Qaraşirzadənin evinin içində və baş tərəfində idi. Bu səngərləri tərtib edən və onların başçısı Abbas bəy Talıb bəy oğlu idi. Üçüncü səngər isə Məşədi Kərimin və erməni Xaçatur oğlunun evləri idi. Bu səngərləri yaradan və onların rəhbəri bizim Mir İbrahim Ağamirzadə idi. Dördüncü səngər isə Ağadədəlidə idi. Onun da böyüyü və rəhbəri Əfrasiyab Hacı Əzim oğlu idi. Beşinci səngər Təzə məhəllədə yerləşirdi. Onun rəhbəri isə Məşədi Abış Bəylər oğlu idi. Altıncı səngər isə mərhumə Gövhər ağanın evi və həyəti idi. Bu səngərin rəhbəri və istiqamətvericisi cənab Axund Molla Şükür idi». (M. M. Nəvvab, 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, 1993, s.24).

1905-ci ildə Rusiyada baş verən iğtişaşlardan, çarizmə qarşı narazılıq dalğasının güclənməsindən ermənilər məharətlə istifadə etmişdilər. Qafqaz Canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst məmurları vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci ildə Cənubi Qafqazda azərbaycanlıların kompakt yaşadıqları ərazilərə silahlı hücumlar edib etnik təmizləmə həyata keçirməklə, həmin ərazilərdə Türkiyədən qaçıb gələn erməniləri məskunlaşdırmaqla özlərinin say üstünlüyünə nail olmaq, sonra isə yeni yaranan erməni anklavlarını birləşdirməklə, erməni dövlətinin əsasını qoymaq istəyirdilər. Buna mane olmaq üçün Azərbaycanda ziyalılar təşkilatlandılar.

Əfrasiyab Əzimоv həm «Difai», həm də «Qarabağ məclisi» təşkilatlarının fəal üzvi idi.

“Qarabağ məclisi”nin Şuşa komitəsinə doktor Kərim bəy Mehmandarov başçılıq edirdi. O, 1883-cü ildən Şuşada həkim işləyirdi. Onun köməkçisi Cahangir xan Nuribəyov idi.Komitənin katibi Şuşa qarşılıqlı-kredit bankının direktoru Xuduş Quliyev idi. İsraiyyə idarəsinəvə hərbi təşkilatına Məşədi Şamil Hacıyev başçılıq edirdi.

Komitənin üzvüləri: Muxtar bəy Muradov, İsmayıl bəy Axundov (bazar darğası), Süleyman Əsgərov (tacir), Hacı Sadıq Məmmədov, Məşədi Cəfər oğlu (İran təəbəsi), Məşədi Əhməd Əzimov, Hacı Mirzə Hüseyn Kərim oğlu Münşizadə, Əfrasiyab Əzimov, Kərbəlayı Yusif Mirsiyabov və başqaları-cəmi 18 nəfər. (Документы по русской политике в Закавказье, Вып.1, Баку, 1920, с. 22)

Məşədi Şamil Hacıyev hərbi qanadının başçısı, Əfrasiyab Əzimov isə onun əsas köməkçisi idi. (Документы по русской политике в Закавказье, с. 22, 25, 41.)

«Difai» agentləri yeri gəldikcə kəndlərin əhalisinə diqqətlə nəzər salır, onların arasında daha çox inkişaf etmiş və həssas, əsasən gənc adamları seçir, sonra bu adamlarla uzun müddət təkbətək söhbət edir və xüsusi and içdirərək partiya üzvlüyünə qəbul edirdilər. Partiyanın yeni üzvlərinə tapşırılırdı ki, yaşadıqları yerlərdə ehtiyatla və ardıcıl təbliğat aparsınlar, kəndlərin əhalisini müşahidə etsinlər. «Qarabağ Birlik Məclisi»nin fəaliyyətinin genişlənməsi nəticəsində hökümət müəssisələri uğurla boykot edilmiş, kəndlərdəki vəzifəli şəxslər (kəndxudalar) partiyanın nüfuzuna tabe edilmiş, partiyanın xüsusi döyüş drujinaları yaradılmışdı. İş о həddə çatmışdı ki, əhali müxtəlif şikayətlərlə hökümət müəssisələrinə deyil, Məclisin yerli bölmələrinə müraciət etməyə başlamışdı, həmin bölmələr də müstəqil mühakimə aparırdılar. Komitələr çoxsaylı şikayətlərə, məhkəmə çəkişmələrinə baxırdı, həm də şikayətlərə çox tezliklə cavab almır, işlər ədalətlə araşdırılır, təqsirkarlar tezliklə və ciddi cəzalandırılır, zərərçəkmişlər cavabdehin hesabına maddi cəhətdən təmin edilirdi. (Документы по русской политике в Закавказье, с.20.)

1907-ci ildə Ə. Əzimоvun üzv оlduğu «Qarabağ məclisi»nin fəalları kütləvi tutquya məruz qaldılar. Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimоvu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyоvu və Məmmədcəfər Muxtarоvu Şuşa həbsxanasına saldılar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün etdilər. Məmmədcəfər Muxtarоv İran təəbəsi оlduğundan оnu İrana yоlladılar. (ГИААР: Ф.524, оп.1, д.15, л.42-43.)

1909-cu ilin may ayında «Qarabağ Birlik Məclisi»nin üzvlərinin işi üzrə məhkəmə araşdırması aparılmışdı. İş üzrə müttəhimlər kimi «Difai»nin Şuşa bölməsinin üzvləri Məşədi Şamil Hacıyev, Əfrasiyab Əzimov, Kərbəlayi Yusif Mirsiyabov, Rza bəy Rzabəyov və Məmməd İsmayıl oğlu, Ağdam bölməsinin üzvləri Hacı Miriş Mirbağırov, Mirzə Davud Ağamirzəzadə, Baxış bəy Kazımbəyov, Hacı Cümşüd Hacı Cəfərqulu oğlu, Zulfuqar bəy Abdulla bəy oğlu Haqverdiyev və Muxtar Kərbəlayi Məmməd oğlu keçirdi. Adları çəkilən şəxslər «fəaliyyətinin məqsədi Zaqafqaziyanın müsəlman əhalisini qanuna və hökümətin sərəncamlarına itaət etməməyə təhrik etməkdən ibarət olan, özünü müsəlman «Difai» partiyası və «Qarabağ Məclisi» adlandıran, üzvləri ətraf kəndləri gəzərək əhalidən partiyanın ehtiyacları və silah üçün pul yığan, partiyanın adından inzibati və məhkəmə vəzifələrini yerinə yetirən, əhali arasında çəkişmə və mübahisələri tənzimləməklə məşğul olan cinayətkar birlikdə iştirak etməkdə» ittiham olunurdu.

Araşdırma nəticəsində Yelizavetpol dairə məhkəməsi 1909-cu il mayın 15-də «Qarabağ Birlik Məclisi»nin üzvlərinin işi üzrə hökm çıxarmışdı. Məhkəmənin qərarı ilə həmin şəxslərdən 8 nəfəri 8 aydan 2 ilə qədər həbs cəzasına məhkum edilmiş, 3 nəfərin isə təqsiri sübut edilmədiyinə görə məhkəmə onlara bəraət vermişdi. (ГАППОДАР: ф. 276, oп. 8, д. 217, л. 22-25.)

Əfrasiyab Əzimovun sürgün qərarı 3 min manat pul cəriməsi ilə əvəzlənmişdi. Dilindən iltizam alınmışdı ki, cəriməni ödəyənə qədər Şuşanı tərk etməsin.

Əfrasiyab Saray xanımla ailə qurmuşdu. Xоsrоv, Cümşüd, Şamil, Əmir, Hidayət adlı oğlanları vardı.

На изображении может находиться: один или несколько человек и часть тела крупным планом

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Bu xəbəri paylaşın: