XIX əsrdə Qarabağda bir zəriflik institutu vardı. Bu zəriflər ictimai xəstəlikləri göstərərək, harınları, yaramazları amansız ifşa edir, onların daxili, mənəvi boşluqlarına gülür, həm də xalqın halına acıyır, həyəcanlı fəryad qoparırdılar. Zəriflər yalnız köhnə dünyaya gülməklə, çirkin münasibətləri ifşa ilə kifayətlənmir, ictimai hüquqdan məhrum edilmiş, siyasi şüuru zəif olan yüz minlərlə avam adamları, muzdur, kəndli, sənətkar kütlələrini qəflətdən oyatmağa çalışırdılar.
Onlar doğma bir hiss ilə, odlu bir məhəbbətlə bu adamların qolundan tutmaq, müasir həyatın tələbləri səviyyəsinə qaldırmaq, gözlərini açmaq, şüurlarını işıqlandırmaq istəyirdilər. Bunun üçün təbii, mənalı xalq yumoru böyük və faydalı bir vasitə idi. Maraqlı üsullarla, zarafat yolu ilə yoldaşın səhv və nöqsanını yoldaşa göstərmək xalq ruhuna da çox uyğun idi. Burada zəriflər canlı həyata, şifahi ədəbiyyatın zəngin xəzinəsinə daha çox müraciət edirdilər.
Böyük yazıçı Yusif Vəzir Çəmənzəminli Şuşa zərifləri haqqında yazır: “Şuşa məclislərində incə zarafat, lətifəçilik, hazırçavablıq оlduqça inkişaf еtmişdi. Mayоr Əbdürrəhimbəy, Səfibəy, Alı yüzbaşı, Dəli Xudubəy, Allahvеrənli Kalba Şirin kimi adamların söyləmiş оlduqları lətifələr yalnız Şuşada dеyil, Azərbaycanın hər guşəsində söylənir. Bunların çоxu ictimai xaraktеr daşıyır”. (Çəmənzəminli Yusif Vəzir. Əsərləri. Üç cilddə. III cild. Bakı, “AVRASİYA PRЕSS”, 2005, 440 səh. s.405)
Bu zəriflərdən biri də Zeynalabdin bəy Rəfibəyov idi.
Zeynalabdin bəy Qarabağda, Şuşada tanınmış rəfibəyovlar soyundandır. Bu soyun ulu babası Məhəmmədxan bəydir. Məhəmmədxan bəy təxminən 1620-cu ildə Qarabağın Bayat nahiyəsinin Əhmədavar obasında anadan olmuşdu. Bəzi bilgilərə görə əslən Cavanşir elinin Qərbənd obasındandır. Bəzi məlumatlara görə isə Cavanşir elinin Sarıcalı oymağındandır. Əhməd bəy Ağaoğlu öz bioqrafiyasında nənə babası Rəfi bəyin Sarıcalı tayfasından olduğunu qeyd edir.
Məhəmmədxan bəy mükəmməl mədrəsə təhsili almışdı.
Məhəmmədxan bəyin Məhəmmədtahir bəy adlı oğlu vardı.
Məhəmmədtahir bəy təxminən 1655-ci ildə Qarabağın Bayat nahiyəsinin Əhmədavar obasında doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Mülkədar idi. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi.
Məhəmmədtahir bəyin törəmələri Tahirov soyadını daşıyırdılar.
Məhəmmədtahir bəyin Şahəli bəy adlı oğlu vardı.
Şahəli bəy Məhəmmədtahir bəy oğlu 1677-ci ildə Qarabağın Bərdə qəzasının Bayat nahiyəsinin Əhmədavar obasında dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Mirzə Şahəli bəy Qarabağ xanlığının siyasi, ictimai həyatında mühüm rol oynamışdı. Pənahəli xanın divanxanasında, vəzarətdə çalışırdı.
Hacı Mirzə Şahəli bəy gözəl xəttat idi. Bir çox kitabların üzünü köçürmüşdü.
Hacı Mirzə Şahəli bəyin Şəfi bəy, Zeynalabdin bəy adlı oğulları vardı.
Hacı Mirzə Şahəli bəyin ikinci oğlu Zeynalabdin bəy təxminən 1760-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Mülkədar idi.
Zeynalabdin bəyin Rəfi bəy, Kazım bəy, Süleyman bəy adlı oğulları vardı.
Rəfi bəy Zeynalabdin bəy oğlu 1797-ci ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Mülkədar idi.
Rəfi bəyin törəmələri Rəfibəyov soyadını qəbul etmişdilər.
Rəfi bəyin Zeynalabdin bəy, Musa bəy adlı oğulları, Təzəxanım xanım adlı qızı vardı.
II Zeynalabdin bəy Rəfi bəy oğlu 1829-cu ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanıda almışdı. Sonra Şuşa qəza məktəbini bitirmişdi. Qarabağ Müsəlman Atlı alayında 17 may 1841-ci ildə süvari kimi xidmət etmişdi. 1846-cı ildə Xarkovda, Polşada olmuşdu. 1853-1854-cı illər Osmanlı-Rusiya savaşlarında milis naibi və yüzbaşı rütbələrində iştirak etmişdi.
1854-cü ildə Şuşa qəzasının Kəbirli sahəsində murov (uçastkovıy zasidatel) köməkçisi olmuşdu. Z. Rəfibəyov 1862-ci ilin may ayının 26-da Cavanşir sahəsində murov köməkçisi işləmişdi. Sonra Şuşa Zemstvo idarəsinə gözətçi rəisi təyin edilmişdi. 1864-cü ilin 20 avqustunda Zəngəzur qəzasına polis pristavı vəzifəsinə göndərilmişdi. Sonra 1868-ci il 4 noyabrda Şuşada polis pristavı vəzifəsinə dəyişilmişdi. 1875-ci ilin 24 dekabrında Kəbirli sahəsinə polis pristavı təyin edilmişdi. 2 fevral 1877-ci ildə yenidən Şuşa şəhərinə polis pristavı vəzifəsinə qaytarılmışdı.
Z. Rəfiyevin Şuşa şəhərində polis pristavı vəzifəsində işləməsi haqqında flologiya elmləri namizədi Bəylər Məmmədov yazır: «Bu vəzifəni aparan zaman yüksək sayıqlıq göstərmiş və operativlik bacarığı nümayiş etdirmişdir. Onun özünə məxsus peşə metoduna, iş üslubuna malik olması və bu sahədə zəngin təcrübə qazanması sayəsində uzun illər boyu Şuşada oğruluq, əyrilik, neqativ hallar, cinayətkarlıq hadisələri azalmış, qayda-qanuna ciddi əməl edilmişdir». (B. Məmmədov, Qarabağın baməzə adamları, Bakı, «Yazıçı», 1992, s.100).
Zeynalabdin bəy Rəfibəyov Ə. Haqverdiyevin əsərlərində olan pristavın prototipidir.
Zeynalabdin bəy Rəfibəyov savaşda bürünc medal, 1858-ci ilin avqust ayında XII klas mülki çini almışdı. Podporuçik hərbi rütbəsi vardı.
Zeynalabdin bəy Rəfibəyov Əhməd bəy Ağaoğlunun dayısıdır.
Z. Rəfibəyovun həyatından dəqiqələr:
Hara gedirsən
Bir dəfə şəhərdə iri həcmli oğulruq olur. Zeynalabdın bəy bu işdə şübhə doğuran adamların hamısını yanına çağırtdırıb, oğurluqda əlləri olub-olmadığını öyrənmək istəyəndə, onlar bir ağızdan cinayətdən xəbərsiz olduqlarını söyləyirlər. Belə olduqda pristav hiyləyə əl atır. Gözləmədikləri halda o, istintaq aparmadan resedivistlərin hamısını birdən azad edib evlərinə yola salır. Elə ki, onlar sevinə-sevnə otaqdan çıxıb həyət qapısına yaxınlaşırlar, pristav da eyvana çıxıb, onları arxadan çağıraraq deyir:
-Ə, bura bax ey ! A bala, sən hara gedirsən?
Bu vaxt oğrulardan birisi instinktiv olaraq dönüb geriyə baxır.
-Sizi ki, mən buraxmamışam, -deyə Zeynalabdın bəy arxaya baxanı geri çağırıb istintaqa başlayır və beləliklə də, cinayətlərini asanlıqla boynuna qoyur.
Fanar
Səhər açılana yaxın Zeynalabdın bəy iki nəfər əlifanarlı gənclə rastlaşır. Onların səhərə yaxın fanar gəzdirmələri pristavı şübhəyə salır. O, cavanların qabağını kəsib amiranə tərzdə deyir:
-Siz ikiniz də mənimlə divanxanaya getməlisiniz!
Cavanlar səbəbini soruşanda, belə cavab verir:
-Düz adam səhər-səhər fanar gəzdirməz.
Doğrudanda da yoxlama zamanı məlum olur ki, bu adamlar ev yardıqdan sonra diqqəti yayındırmaq üçün küçədən fanarla keçirmişlər.
İman
Şuşada İman adlı mahir bir oğru var idi. O, cinayətin izini elə itirər, işi elə təmiz və səliqə ilə görərdi ki, bunu törədənin Iman olduğunu heç kim ağlına gətirməzdi. Bir dəfə də oğurluq üstündə onu tutaraq, möhkəm bir zirzəmiyə salıb ağzını da qıfılla bağlayırlar. Altdakı günü başqa bir evin əşyaları oğurlanır. İstintaq qrupu nə qədər axtarırsa, cinayətin kim tərəfindən görüldüyünü müəyyənləşdirə bilmir. Pristav Zeynalabdin bəy gedib yarılan evə baxan kimi, Imanın dəsti-xəttini görüb tanıyır. Lakin onun həmkarları etiraz edib bildirirlər ki, Iman dustaq ola-ola oğurluğa gedə bilməz. Pristav dustağın saxlandığı yerə gedib baxmaq qərarına gəlir. O, zirzəminin qapısı ilə qıfılını dürüst nəzərdən keçirdikdən sonra içəri daxil olub Imanı yatmış görür. Zeynalabdın bəy ağzıbirə açılan yeganə kiçik pəncərəni yoxlayarkən, Onun dəmirlərinin yerindən oynadağını görüb, yanılmadığına arxayın olur. Demə, Iman gecə pəncərənin millərini söküb yerə qoyur və oradan bayıra çıxır. Sonra da oğurladığı evin damına qalxıb tavanı sökür və iplə sallanaraq içəri düşür. Şeyləri daşıyıb yerbəyər etdikdən sonra əvvəlki yolla qayıdıb, təzədən dustaq olduğu yerə gəlir.
Zeynalabdın bəy Imandan soruşur:
-Ə, İman, qorxmursan, belə işlər görürsən?!
Cavabında İman:
-Bəy, qorxuram, ama hökümətdən yox, səndən, — deyir.
«Sən öl»
Oğru birinin öküzünü oğurlayıb satır. Zeynalabdın bəy izinə düşüb onu tapır və döydürərək cinayəti boynuna qoymağa çalışır. Oğru hər dəfə şallaq zərbəsi alanda, and-aman eyləyir ki, öküzü o oğurlamayıb. Bu minval ilə oğrunu döydükcə o da:
-Pristav, məni balalarının başına dolandır, — deyə yalvarır.
Döyməyin müsbət nəticə vermədiyini görən pristav, bu dəfə sadə bir vasitəyə əl atıb deyir:
-Ə, denən ki, «sən öl, öküzü mən aparmamışam», azad edim, çıx get!
Bu sözü eşitcək, oğru dərhal yumşalıb günahını boynuna alır.
O, etirafını belə bildirir:
-Əşşi, ağa pristav, öküz nə olan şeydir ki, ondan ötrü «sən öl» deyim. Aparmışam, vəssalam.
Zinqrov
Zeynalabdın bəyin ikiatlı foytonu var imiş. Bəy onunla uzaq səfərlərə çıxar, qonaq yola salarmış. Bir gün yüksək rütbəli dostlarından biri ona deyir:
-Gəncəyə gedəndə, sən öz atlarını müvəqqəti olaraq verərsən mənə. Çünki sənin atlarının zınqrov səsi uzaqdan eşidilir.
Zeynalabdın bəy ona cavab verir:
-Daha atları neyləyirsən, elə zınqrovu açıb verərəm!?
* * *
Zeynalabdin bəy Rəfibəyov Yasəmən xanım Sadıq bəy qızı ilə ailə qurmuşdu. Mahmud bəy, Əliş bəy adlı oğulları, Əsmət xanım, Abihəyat xanım adlı qızları vardı.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf