Müharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdi

Bu dəfə redaksiyaya müraciət edən Natiq Həsənov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov Gəncə Apelyasiya məhkəməsinin və üumiyyətlə Gəncə məhkəməsinin bərbad fəaliyyətindən şikayətlənib. Bildirib ki, öz evinə dair haqqını sübut etmək istəyi əlavə baş ağrısına çevrilib.

Məlumat üçün bildirək ki, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi və şəhər şöbəsinin sədri kimi Natiq Həsənov yüzlərlə müharibə veteranı və əlilinin, o cümlədən şəhid ailəsinin pozulmuş hüquqlarının bərpasında öndərlik etsə də, öz hüququnu Gəncə məhkəmələrində bərpa edə bilmir.

Bu gün ölkə rəhbərinin ciddi səyi hesabına aparılan geniş islahatlar nədənsə məhkəmələrə gedib çatmayıb. Gəncə məhkəməsi şəhid ailəsinə məxsus Çıxarışlı torpaq sahəsini zorla alıb aidiyyatı olmayan bir şəxsə verməsini yazmışdıq. Bu gün isə edilən şikayətdə, həm Vəkillər Kpollegiyasına, həm də Ali Məhkəməyə ünvanlanmış iradlar mövcuddur.

Müharibə əlili Natiq Həsənov bildirdi ki, Gəncə pelyasiya məhkəməsinin hakimi Adil Məmmədovun və vəkil Rəşad Nizami oğlu Babayevin məhkəmə prosesində qərəzli mövqe tuturlar. Üstəlik, vəkil Rəşad Babayev vəkildən daha çox regionda «makler» kimi tanınıb. Onun bu prosesdə katalizator rolu oynayaraq prosesin qanunlar çərçivəsində deyil, bazar qanunları ilə həllinə çalışır. Çünki qarşı tərəflərdən nələr aldığını yaxşı bilirəm və bu barədə Vəkillər Kollegiyasına müraciət edəcəyəm.

Anamın vəsiyyətinə uyğun olaraq mövcud əmlakı öz adıma keçirməyim bu şəxslərin qərəzli mövqeyi ucbatından problemə çevrilib.

Xatırladaq ki, N. Həsənov tək varis kimi göstərilsə də bacılarına da pay verilməsinə razılıq versə də vəkil Rəşad Babayev hər gün bir üsul fikirləşir.

Məsələ ilə bağlı AVMVİB sədrinin hüquqi və sosial işlər üzrə müavini Abbas Hüseynliyə müraciət etdik.

Abbas Hüseynlinin sözlərinə görə, son dövlərdə ciddi məhkəmə çəkişmələrinə səbəb olan daşınmaz əmlakın bölünməsi də qanunda yer alıb. Belə ki, valideyin vəfat etdikdən sonra ailədəki övladlardan biri kənarda yaşamağına baxmayaraq həmin mülkdən ona da miras payı düşür. Bunun üçün notariat kontorlarından vərəsəlik şəhadətnaməsi alınır ki, burada bütün övladların adı qeyd edilir: “Şəhadətnamədə bütün övladların adları yazılmalı və onlar vərəsə kimi göstərilməlidir. Əgər hansısa övlad (bacı, yaxud qardaş) vərəsəlik şəhadətnaməsi aldığı zaman digər uşağı göstərmirsə, bu qanunsuzluqdur. Digər övlad gəldikdən sonra məhkəmə mübahisəsi açıla bilər”

Məhkəmə bu müstəvidə gedə bilər. Lakin burada vəsiyyətnamədə N. Həsənovun adı keçsə də, qanunda vərəsəlik vəsiyyətlə dəyişdirilmədikdə qanun üzrə həyata keçirilir və vəsiyyət miras qoyanın ona məxsus olan əmlak üzərində sərəncam verməsinin bir növü kimi qəbul olunur. Lakin bu sərəncam vermənin özünəməxsus xüsusiyyətləri də var; vəsiyyətnamədə miras qoyan şəxs ona məxsus əmlakın özünün iştirakı olmadan bölüşdürülməsini, öz ölümündən sonrakı dövr üçün həmin əmlakın müqəddəratını həll etmiş olur. Göründüyü kimi, əmlakın idarə olunması və ya bölüşdürülməsi miras qoyanın iradəsinə müvafiq olaraq həyata keçirilir. Lakin belə hal yalnız vəsiyyət üzrə vərəsəlik zamanı mümkündür.

“Vəsiyyət üzrə vərəsəlikdə miras qoyan öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət əşyaları istisna edilməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Bundan başqa, vəsiyyət edən vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 548-ci maddəsinə müvafiq olaraq vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirə və ya ləğv etdirə bilər. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi isə yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur“

Məhkəmə proseslərində bu sahədə ciddi narazılıqların nədən qaynaqlandığı barədə sorğumuza cavab olaraq A. Hüseynli bildirdi ki, bütün nüanslar qanunvericilikdə öz əksini tapıb. Ancaq şəxsi ambisiyalar, şəxsi mənfəət bu sahədə qarmaqarışıqlar yaradıb. Qanunda vərəsəlik barədə deyilir ki, Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

Qanuna əsasən, mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər.

Sonda Natiq Həsənov ölkə prezidenti cənab İlham Əliyevin dediyi sözləri xatırlatdı: «Məhkəmə işçilərinin fəaliyyətindən çox şey asılıdır. Yenə də demək istəyirəm, son vaxtlar bu sahədə aparılan islahatlar və verilmiş qərarlar, onların icrası müsbət dinamikanı təmin edir. Ancaq hələ görüləsi işlər çoxdur. Əminəm ki, məhkəmə işçiləri öz vəzifə borclarını bundan sonra da şərəflə yerinə yetirəcəklər və cəmiyyətdə məhkəmələrin fəaliyyəti ilə bağlı heç bir narazılıq olmayacaq. Nə vaxt ki, məhkəmə qərarları ilə bağlı şikayətlər daxil olmayacaqsa, o vaxt biləcəyəm ki, biz artıq istədiyimizə nail ola bilmişik». Prezidentimiz haqlıdır, hələ məhkəmələrimiz köhnə üslublardan əl çəkməyə tələsmirlər.

Mövzuya qayıdacağıq…

Elnur Səlim

Bu xəbəri paylaşın: