«Vəziyyət vahiməlidir», Kür çayı quruyur, su problemi artır

Azərbaycanın ən böyük çayı olan və su təchizatında ölkənin əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsinin kəskin azalması baş verib.

Kür çayı sahilində yerləşən Neftçala şəhərinin sakini Fərman Hüseynov BBC News Azərbaycancaya deyib ki, təxminən iki həftədir, Kürün səviyyəsi aşağı düşüb və çayda şirin su azaldıqca da Xəzərdən çaya axan duzlu su bu ərazilərdə içməli su problemi yaradıb.

Onun sözlərinə görə, «son yüz il ərzində belə hala rast gəlinməyib ki, Kürə duzlu su gəlsin».

Neftçala sakini deyib ki, çayın səviyyəsi son illər ərzində azaldığı halda hakimiyyət tərəfindən burada qabaqlayıcı işlər görülməyib.

«Kürün səviyyəsi son 6-7 ildir düşməyə başlayıb. Araz çayının da səviyyəsi aşağı düşüb. Suyun çoxu kənd təsərrüfatına istifadə olunur, bu da bizə aydındır, amma vaxtiylə Kürün deltasında səhv istiqamətdə, yanlış qazıntılar aparılıb. Çayın deltasında xəzri küləyi istiqamətində aparılan yanlış qazma işləri nəticəsində indi bu küləyin təsiri ilə duzlu sular Xəzər dənizindən 50-60 kilometr çayın daxilinə — Neftçala şəhərinə qədər, Salyana doğru gəlib çıxır,» — Fərman Hüseynov deyib.

İçməli su problemi

Fərman Hüseynov hesab edir ki, Neftçala ərazisində 40 min əhali içməli su problemiylə üzləşib. O bildirib ki, yerli əhali və yerli hakimiyyət və daha yüksək səlahiyyətli orqanlar bu problemə hazır olmayıblar.

Azərsu Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Anar Cəbrayıllı BBC News Azərbaycancaya deyib ki, dəniz suyunun Kür suyuna qarışması ilə əlaqədar Neftçalada içməli su problemi olub.

«Orada suyun keyfiyyət problemləri var, suyun çox duzlu olması səbəbiylə biz altı kənd, üç qəsəbə və Neftçala şəhərinə içməli suyu maşınlarla Salyan ərazisindən daşıyıb veririk. Bu problem hələ də davam edir və biz içməli suyu maşınlarla daşımağa davam edirik. Kürün suyunda codluq yüksəkdir və biz bunu içməli su kimi əhaliyə verə bilmərik. Biz suyu 40-45 kilometr məsafədən daşıyırıq,» — Anar Cəbrayıllı bildirib.

Cənab Cəbrayıllı deyib ki, Azərsu və Neftçala rayon icra hakimiyyətinin ondan artıq avtomobili su daşınmasını həyata keçirir.

Anar Cəbrayıllı bildirib ki, Azərsu ASC Kürün deltasında «heç vaxt iş aparmayıb».

Neftçalada Kür çayı

Neftçala sakini Fərman Hüseynov deyir ki, çayda suyun səviyyəsinin azalması səbəblərindən biri də yay mövsümündə kənd təsərrüfatı üçün suvarmaya olan su sərfiyyatıdır.

«Araz üzərində su anbarı tikilib, bu da çayda suyun səviyyəsini aşağı salıb. Daha sonra Araz da Kürə qovuşur, bu, suyun səviyyəsinə təsir edib. Bundan başqa, son illər Azərbaycanda kənd təsərrüfatında pambıqçılığa üstünlük verilib və bu da çox su tələb edən bitkidir,» — Fərman Hüseynov deyib.

Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib ki, Kürdə suyun səviyyəsinin aşağı düşməsinin bir neçə səbəbi var, amma əsas səbəb iqlim dəyişməsidir.

Mütəxəssisin sözlərinə görə, iqlim dəyişilmələrinə görə quraq ərazilər daha da quraqlaşır.

«Azərbaycan ərazisinin 60 faizi quraq və yarım-quraq ərazidir. Təssüflər olsun ki, 20 il əvvəl verilmiş proqnoz Azərbaycan ərazisində özünü doğrultdu. Yağıntının miqdarı Azərbaycanda azalıb və bu da çaylarda suyun səviyyəsinə təsir edib. İqlim dəyişməsi nəticəsində buzlaqların həcmi azalıb və nəticədə bütun bunlar Kür çayının suyunun səviyyəsinin düşməsində öz təsirin göstərib,» — akademik Ramiz Məmmədov deyib.

Cənab Məmmədov bildirib ki, Kür çayında suyun səviyyəsi o qədər azalıb ki, orada ekosistem məhv olmaq təhlükəsi ilə üzləşib.

Ramiz Məmmədov deyir ki, Kür çayının belə kəskin azalmasında insan amilinin də təsiri az deyil.

«Kənd Təsərrüfatının və xüsusi təsərrüfatların inkişafı o qədər artıb ki, suyun istehlakı çoxalıb. Burada söhbət suyun israfından və düzgün istifadə olunmamasından gedir,» -o deyib.

Bu günlərdə Kürün suyunun azaldığı ərazidə olduğunu deyən Ramiz Məmmədov bildirib ki, həmin sahədə, Bankə qəsəbəsindən Xəzər dənizinə kimi olan 50-60 kilometr ərazidə Kür çayından su motorları ilə çoxlu yerlərdə fərdi təsərrüfatlara su çəkilib və çoxlu süni gölməçələrdə balıq təsərrüfatları yaradılıb və istehlak çoxalıb.

Cənab Məmmədov deyib ki, Prezidentin tapşırığından sonra bu məsələyə diqqət yetirilib və Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb.

Neftçalada Kür çayı

«Bu yaxınlarda Baş nazirin müavini Şahin Mustafayevin qəbulunda olarkən mənə yeni bir idarəetmə sistemi göstərildi. Bu sistemlə ölkə ərazisindəki bütün bölgələrdə çay axarlarında, inzibati rayonların ərazilərində, bələdiyyələrin ərazilərində və hətta fərdi təsərrüfatlarda da əkilən kənd təsərrüfatı bitki növlərinin qeydiyyatı aparılıb və onlara tələb olunan su tənzimlənəcək. Bu sistem müvəffəqiyyətli olacaq və icrası su qıtlığı məsələsini həll edəcək,»- Ramiz Məmmədov deyib.

Ramiz Məmmədovun sözlərinə görə, bu plan «abstrakt deyil», amma nə zaman icra olunacağı ona məlum deyil.

Akademik bildirib ki, Azərbaycan dünyada su ehtiyatı az olan ölkələrdəndir, ancaq bu o demək deyil ki, Azərbaycanın suyu özünə bəs etmir.

O hesab edir ki, hazırki resursları səmərəli istifadə etməklə, itkilərin qarşısını almaqla buna nail olmaq olar.

«Su ehtiyatları da kifayət etmir»

«Azərsu nümayəndəsi deyir ki, biz evlərə adambaşına 450 litr su veririk, İstanbul şəhərində isə bu rəqəm 120 litrdir. Bundan başqa, kənd təsərrüfatına sərf olunan artıq suyun qarşısını almaq lazımdır, irriqasiya sistemləri bərbad haldadır, suvarma kanalına 100 milyonlarla pul xərcləyib su gətirirk, amma bunu torpaqlara selləmə üsuli ilə verib heç bir fayda götürmürük,» — deyə Ramiz Məmmədov vurğulayıb ki, belə problemlər həllini tapsa, Azərbaycanın su problemi həll olunar.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Dilqəm Şərifov BBC News Azərbaycancaya deyib ki, onun təmsil etdiyi qurum Kür çayının deltasında heç bir qazma işi aparmayıb və bu, onların səlahiyyətində deyil.

Dilqəm Şərifov bildirib ki, təmsil etdiyi qurum suvarma məsələləri üzrə işləri həyata keçirir.

Şərifov bildirib ki, Kür çayında suyun azalması təbii səbəblərlə bağlıdır və çayda suyun səviyyəsi azalıb deyə Xəzərdən gələn su müəyyən müddət orada problem yaradıb.

«Azərbaycanın su ehtiyatının 70 faizi trans-sərhəd çayları hesabına formalaşır və su asılılığımız kənardandır. Bizim qurumun vəzifəsi suvarmanı, melorativ tədbirlər həyata keçirməyi təmin etməkdir. Kürün üzərində bizim nasos stansiyalarımız var və çayın səviyyəsinin dəyişməsi bizim işimizə təsir etmir. Nasos stansiyaların yerini dəyişməklə biz suvarmanı həyata keçirirk və suvarmada problem yoxdur», — Dilqəm Şərifov bildirib.

Dilqəm Şərifov onu da deyib ki, Meliorasiya və Su Təsərrüfatı ASC Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi komissiyada təmsil olunur və su ehtiyatlarından səmərəli istifadə ilə bağlı yeni dövlət proqram komissiyaya təqdim edib.

«Ümimi meliorativ tədbirlər təqdim etmişik. Bu proqram hələ layihədir və qısa layihələrdə torpaq kanalların beton üzlüklə əvəz olunması və Sovet dönəmindən qalan köhnə boruların yenilənməsi işlərini təklif etmişik. Su itkisi bizdə həddindən çoxdur. Torpaq kanalda su itkisi 30 faiz, ayrı-ayrı mənbələrdə yerinə çatana kimi isə 40-50 faizə qədər itkilərlə çatır», — Dilqəm Şərifov deyib.

O deyib ki, son dövrlər su ehtiyatları azaldığı üçün aparılan meliorasiya tədbirləri kifayət etmir.

«Son 17 ildə 194 min hektar yeni suvarılan torpaq sahəsi əkin dövrüyyəsinə daxil olub. Bu böyük rəqəmdir. Paralel olaraq meliorativ tədbirlər görülür, 4500 km yeni suvarma kanalı çəkilib, 3000 km kollektor-drenaj şəbəkəsi çəkilib, 1.5 min kilometr suvarma boru kəməri çəkilib, 2619 ədəd sub-artezian quyuları qazılıb, amma su ehtiyatları da kifayət etmir», — Dilqəm Şərifov deyib./BBC/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •