Ömrünün bö­yük hissəsi polis orqanlarında ke­çən Qarabağ müharibəsi veteranı

Məlum olduğu kimi, iyulun 2-si ölkəmizdə polis işçilərinin peşə bayramıdır. Azərbaycan polisi yaranmasının 102-ci il­dönümünü qeyd edir. Bu münasibətlə sabiq polis polkovni­ki, Qarabağ müharibəsi veteranı, Bakı Slavyan Universiteti Azərbaycanşünaslıq və slavistika elmi-tədqiqat laboratoriya­sının müdiri, hüquq üzrə fəlsəfə doktoru Sadir Məmmədovla görüşdük. Onunla müsahibəni təqdim edirik.

– Sadir müəllim, ömrünüzün bö­yük hissəsi polis orqanlarında ke­çib. Nələri qeyd etmək istərdiniz?

– Polis adı mənim üçün, həqiqətən, əzizdir. Gənclik illərimdən daxili işlər orqanlarında çalışmı­şam. SSRİ dövrü idi. 1973-cü ildə Özbəkistana gedib, orada daxili işlər orqanlarında xidmətə qəbul olundum. Elə həmn ilin oktyabrında Buxara vilayətinin Nəvai Şəhər Daxili İşlər Şöbəsinin cinayət axtarışı bölməsinə əvvəl əməliyyat müvəkkili, sonra isə baş əməliyyat müvəkkili təyin olundum. Bir qədər keçəndən sonra Buxara Şəhər Daxili İşlər İdarəsinin cinayət axtarışı şöbəsinin rəisi vəzifəsinə irəli çəkildim.

Harada işləmişəmsə, əməyimə yüksək qiymət verilib, mənə etimad göstərilib. Bu etimadın nəticəsidir ki, təhsilimi davam etdirmək üçün 1982-ci ildə Moskvaya – SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasına göndərildim. Akademiyanı 1984-cü ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Bakı Milis Məktəbinə göndərildim. Burada qısa müddətdə adi müəllimdən kafedra rəisinə kimi yüksəldim.

Qarabağda müharibə başlayanda Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində mühüm işlər üzrə baş əməliyyat müvəkkili idim. Vəziyyətlə əlaqədar olaraq nazirin əmri ilə Xankəndiyə ezam olundum. Müharibənin bütün faciələrini görmüş veteranam. 1993-cü ilin oktyabrında yenidən DİN-ə çağırılaraq Narko­maniya və Narkobiznesə Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olundum. Sonra­kı illərdə də müxtəlif vəzifələrdə çalışmışam. Bir sözlə, harada işləmişəmsə, etimadı doğrultmağa çalışmışam. Bu gün polis sırala­rına daxil olan gənclərə də birinci tövsiyəm budur ki, polis adını, polis ləyaqətini qorusunlar.

– İyulun 2-si peşə gününüzdür. Azərbaycan polisi 102 illik tarixi bir yol keçib. Bununla bağlı fikrinizi bilmək istərdik.

– Polis işçilərinin günü ulu öndər Heydər Əliyevin 1998-ci ildə imza­ladığı fərmanla təsis edilib. 1918-ci il iyulun 2-də Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanları ya­radılıb. Bu orqanlar 1918-1920-ci illərdə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraq­larının müdafiəsində mühüm rol oynayıb. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə bö­yük uğurlar qazandığı 1970-1980-ci illər Azərbaycan SSR Daxili İşlər Na­zirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.

Bu dövrdə ümummilli lider böyük uzaqgörənliklə daxili işlər orqanla­rının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırıl­ması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin, məhz milli ruhda for­malaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görüldü.

Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti gərgin olub. Belə ki, cinayətkarlığa qarşı mübarizədə, qayda-qanunun qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respub­likamıza rəhbərlik etməyə baş­ladığı dövrdən isə Azərbaycan polisi uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanları­nın da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən 17 ildə xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən, nazirliyin strukturu­nun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş dövlət proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.

Bu gün Azərbaycan polisi güc­lü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hü­quq qaydalarının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qoru­nan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

–Yuxarıda qeyd etdiyiniz kimi, Azərbaycan polisinin fəaliyyəti dövlət tərəfindən daim yüksək qiymətləndirilmiş, xalq isə onun asayişini qoruyan bu mübariz or­qanın əməkdaşlarına minnətdarlıq hissi ilə yanaşmışdır. Amma bəzən elələri də tapılır ki, Azərbaycan polisi haqqında həqiqətə uyğun olmayan fikirlər də səsləndirirlər. Belələrinə nə demək istərdiniz?

–Birmənalı şəkildə bildirirəm ki, polislərimiz haqqında belə əsassız uydurmaları və iftiraları səsləndirənlər Azərbaycanı sevməyən, xaricdən maliyələşən antimilli, xəyanətkar ünsürlərdir. Onlar şayiələr yaymaqla, bohtan və şər kampaniyası apar­maqla dövlətimizi, onun keşiyində dayanan cəsarətli Azərbaycan polisini gözdən salmağa çalışırlar. Lakin tam əminliklə bildirirəm ki, heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan xalqı ilə Azərbaycan polisi yekdildir, xalq öz polisinə inanır, etibar edir.

Biz Azərbaycan polisinin bu pan­demiya günlərində rahatlıq, dinclik bilmədən necə çalışdığının, xalqın səhhətinin, sağlamlığının keşiyində necə ayıq-sayıq dayandığının hər gün şahidi oluruq. Onlar bizim övladları­mızdır, həyatlarını riskə atıb bizi qoru­maq üçün əllərindən gələni edirlər.

DİN strukturlarına bu gün general-polkovnik Vilayət Eyva­zov kimi qətiyyətli və cəsarətli bir insan rəhbərlik edir. Onun təcrübəsi, zəkası Azərbaycan poli­sinin peşəkarlığının, mənəvi-əxlaqi keyfiyyətinin, vətənpərvərlik ruhunun yüksəlməsində böyük rol oynayaca­ğına əminəm. Bu gün Azərbaycan polisi bacarığına, qabiliyyətinə görə dünyanın ən qabaqcıl ölkələrinin polis orqanları ilə bir cərgədədir.

Bu xəbəri paylaşın: