Ermənistan prezidentinin sərhədə səfəri və yeraltı axınlar

İyulun 4-də Ermənistanın Gümrü şəhərində yerləşən və Rusiyaya məxsus 102-ci bazada hərbi qulluqçunun meyiti aşkarlanıb. Bu hadisə yerli və xarici KİV-də geniş işıqlandırılıb. Təbii ki, insan ölümü ilə nəticələnən istənilən hadisə xoşagəlməzdir. İndiki halda isə baş verən hadisədən daha çox onun ətrafındakı proseslər diqqəti cəlb edir.

Belə ki, Ermənistan prezidenti Armen Sarqsyanın ölkənin dövlət sərhədlərinə ziyarəti haqqındakı xəbər nədənsə kölgədə qaldı. Bəli, bu, bir tərəfdən adi iş fəaliyyətidir. Lakin, ziyarətin məhz rus hərbçisinin naməlum səbəbdən ölməsi ilə üst-üstə düşməsi maraq doğurur.

“MediaPost” xəbər verir ki, A. Sarqsyan Ermənistanın Türkiyə və İranla sərhədini qoruyan Rusiya sərhədçilərinin dəstələrini ziyarət edib. O deyib ki, Ermənistan və Rusiyanın sərhəddə dalğalanan dövlət bayraqları iki ölkənin dost münasibətlərinin rəmzidir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan üzrə sərhəd xidməti idarəsinin rəisi general-leytenant Roman Qolubitskiy sərhəddə vəziyyət, sərhəd yaxınlığındakı kəndlərin sakinləri ilə sıx əməkdaşlıq haqqında məlumat verib. Öz cavabında Ermənistan prezidenti Rusiya sərhədçilərinə xidmətləri üçün təşəkkürünü bildirərək iki ölkə arasında olan etibarlığı da gündəmə gətirib.

Göründüyü kimi – “formal” ziyarət və “formal” dialoq. Lakin, bununla kifayətlənməyən prezident və onun həyat yoldaşı Ermənistan-Türkiyə sərhədində yerləşən Nor Şen (Xarkov) kəndinə gediblər. Onlar kəndin yeganə sakini Vaxanduxt adlı yaşlı qadınla görüşüblər. Ermənistan prezidenti ermənilərin “qədim Ermənistan paytaxtı” sayılan Ani şəhərinin xarabalarına səssiz baxmaqla öz ziyarətini yekunlaşdırıb.
Əslində, Bizans dövrünə aid olan Ermənistan dövlətinin nə “paytaxtı” olub, nə də özü. Hazırda Türkiyənin ərazisində yerləşən və adı Yenikənd olan yaşayış məntəqəsinə istər prezident, istərsə də Rusiyadan asılı olan Ermənistanın sərhəd təhlükəsizliyini təmin edən general istədiyi qədər baxa bilər. Üstəlik, bu, generalın birbaşa vəzifəsidir. Necə deyirlər, “iş pulda deyil, iş “vnimatelnı” olmaqdadır”. Lakin bu “səssiz baxış” ermənilərin qonşu dövlətlərə qarşı ərazi iddialarının hələ də davam etdiyini aydın göstərir.

Prezidentin rus hərbçilərinə “baş sağlığı” ziyarətinə gəlincə, bunu Rusiyadan asılılığını dərk edən Ermənistanın baş naziri Nikol Paşinyanın adından rus əsgərinin ölümünə görə rəsmi Moskvadan “üzr istəmə” hərəkəti kimi də qəbul etmək olar. Hakimiyyətə gəldiyi ilk vaxtlardan Rusiya əleyhinə müxtəlif bəyanatlar səsləndirən N.Paşinyan “qismən ağıllansa” da, indiki halda prezidenti irəli verməyi daha uyğun sayıb.

Fb: Vüqar Məcidov‎

Bu xəbəri paylaşın: