Ermənilər telefon danışıqlarımızı necə dinləyə bilərlər? — Kibertəhlükəsizlik üzrə ekspert danışdı

Məlum olduğu kimi, müharibə yalnız hərbi-texnika vasitəsilə deyil, informasiya üzərindən də aparılır. Hətta bir çox hallarda informasiya savaşında əldə olunan qələbə daha uğurlu hesab olunur. Nəzərə alsaq ki, dünən günorta saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gərginlik yaşanır, deməli, düşmən tərəfi bu vəziyyətdə sosial şəbəkələri izləməklə yanaşı, dövlətimizin rabitə infrastrukturuna daxil olmağa da səy göstərəcək, göstərir də. 

Bununla əlaqədar Azərbaycan vətəndaşları “Düşmənə sirr vermə!” adlı maarifləndirmə paylaşımlarına başlayıblar. Paylaşımlarda əsasən, hadisə yerindən sosial şəbəkələrdə paylaşılan görüntülər və telefon danışıqları ilə yazışmaların düşmənin əlinə keçə biləcəyindən danışılır. Bəs düşmən tərəfi bizim danışıqlarımızı necə dinləyə bilər? Yazışmalarımızı necə oxuya bilər?

Bununla bağlı TED.az-a danışan kibertəhlükəsizlik üzrə ekspert Fərid Zeynalov bildirib ki, düşmən tərəfinin bizi dinləməsi üçün 2 yol var: “Üçüncü tərəfin vətəndaşlarımızın telefon danışıqlarını dinləməsi üçün 2 yol var: ya bizim telefonumuz sındırılmalıdır, ya da ki rabitə operatoru haker hücumuna uğramalıdır. Mobil operator şirkətinin hücuma uğraması real görünmür, smartfonların sındırılması isə mümkün sayılır”.

Ekspertin sözlərinə görə, kənar şəxsin dövlətin qlobal şəbəkəsinə qoşulması çətin prosesdir:

“Azercell, yaxud Bakcell səviyyəsində şəbəkədən dinləmə prosesini həyata keçirmək üçün cinayətkarlar bir neçə etapdan keçməlidir. Həmin etaplar dövlət orqanları və operatorun özünəməxsus müdafiə bölməsi tərəfindən tənzimlənir. Kənar şəxsin dövlətin qlobal şəbəkəsinə qoşulması çox çətin məsələdir. Müəyyən mobil cihazın sındırılmasına gəldikdə, bunun üçün qarşı tərəfin həmin cihazın sahibi haqqında məlumatı olmalıdır. Beləliklə, hücum nöqtəvi şəkildə keçirilə bilər. İkinci üsul isə bildiyimiz viruslu proqram təminatlarıdır. Tətbiq şəklində yüklənən proqramdan söhbət gedirsə, düşmən yaxınımızda olmadığı üçün bu cür üsuldan istifadə edə bilməz, bunun əvəzinə onlar şəbəkədə təhlükəli linklər yaya bilərlər. Üçüncü tərəf istənilən sosial şəbəkədən, yaxud digər elektron platformalardan reklam və ya e-məktub şəklində virusu ehtiva edən linki yaya bilər. Həm normal vaxtda, həm də müharibə şəraitində bu cür şübhəli bildirişlərdən qaçınmaq lazımdır”.

“Vətəndaşlarımızın dinlənməsi yalnız yerli dövlət strukturları tərəfindən həyata keçirilə bilər, o da nöqtəvi şəkildə keçirilən prosesdir. Yəni, belə bir əməliyyat kütləvi şəkildə aparıla bilməz, yalnız haqqında araşdırma aparılan şübhəli şəxslər dinlənilə bilərlər”, — deyə mütəxəssis bildirib. 

Nəzərinizə çatdıraq ki, smarrfonunuzun kim tərəfindən dinlənməsini bəzi kodlar vasitəsilə öyrənmək mümkündür. (Oxu24.az)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •