18 Yan 11:41GÜNDƏM

"KƏRAMƏTLİLƏRİN" ÖLKƏNİ BATIRAN "BÖYÜKBAYIRLARI"

"KƏRAMƏTLİLƏRİN" ÖLKƏNİ BATIRAN "BÖYÜKBAYIRLARI"

Xaqani Ədəboğlu

Artıq neçə gündür ki, ölkəni Kəramətin "anti reklamı" bürüyüb. Yaxşı ki, heç olmasa sosial şəbəkədə öz etirazlarını bildirən milli fəallarımız var. İnanın ki, onlar olmasa bu "Haykanuşun sözdə kosmopolit küçükləri" ölkəni 3 qəpiyə satarlar.

Kəramət "Böyükbayır" (Anladığınız məzmuna görə üzr istəyirəm. Amma "bayır" sözü elə "çöl" sözünün sinonimi oduğunu da unutmayın. Çünki Kəramət adlı varlığın danışığı, bu ləqəbə daha çox uyğun gəlir). Heyif bu ölkədən ki, qoca kosmopolitləri quylamamış yerinə yeniləri bitib. Özü də bunlar "dədəm mənə kor deyib" məsəlinə uyğun milli tabulara hücum etməkdən başqa bir kəramət sahibləri deyillər. Xəlil Rza heç nə yazmasaydı belə, öz doğma oğlunu bu yurda qurban verən bir Ata kimi şərəfli bir məqama sahibdir. Bunca tanınmışlar içində bu statusda iki nəfər var: Xalq şairi Xəlil Rza və Xalq yazıçısı Sabir Əhmədli. ONLARI, TƏK ŞƏHİD ATASI ADINA GÖRƏ EHTİRAMLA ANMAQ BORCUMUZDUR.

Gənclər ayıq-sayıq olmalıdır. FETÖ -nün basdırdığı minalar işlək hala gəlməkdədir. Bu zehniyyət üçün "düşmənimiz, günahsız erməni xalqı deyil. Şəhidlər ağılsız qurbanlardır. Millətimiz isə faşizmə yuvarlanmış toplumdur. Onlara görə savaşdansa erməni qapısında qul olmaq daha yaxşıdır. Bizim qəhrəman bildiklərimiz isə onlar üçün qaçaq-quldurdurlar. Gerisini də özünüz sayın. Onlar artıq hər yerdədirlər...
Vətəndaşı cəmiyyət yetişdirir. İnsanlar öz yaşadıqları dövranlara bənzəyirlər. Doğrudanmı, milli ruhumuz bunca deqradasiyaya uğrayıb? Bunun vəbalını kimin üstünə yazaq?

Yəni milli mənəviyyatımız bunca düşübmü? Hıqqınıb özünü tanıda bilməyən həyasız və istedadsız adamların tək tanınma yolu düşmən puluyla milli tabulara dil uzatmaqdır. Bəlkə yanılıram?

Tarix bu millətə XX əsrdə ikinci dəfə azad olmaq və millət kimi inkişaf etmək şansı verdi. Biz nə edirik? Bilən varmı? Bakının məşhur və qeyrətli milyonçularından olan Murtuza Muxtarovun özünü güllələmədən öncə yazdığı son məktubdan bu sətrləri xatırlatmaq istərdim: “Bakı neftindən böyük pullar qazandıq… Ağlagəlməz qədər böyük pullar… Həmin pulllarla Bakını alınmaz bir qalaya çevirə bilərdik… Amma biz neylədik?.. Bu şəhəri əyləncə, qumar, kazino mərkəzinə çevirdik… Bu da nəticəsi!”...

Bizlərə ibrət olsun deyə, yazılan sətrləri belə oxumadıq. Yalnız "pul-para, sərvət yığanlarımız", millətin gələcəyini monopoliya ilə, rüşvət ilə qaraldanlarımız, klan və tayfabazlıqla vəzifəni toya, nişana Nəmər yazdıranlarımız və bunca pisliklərə maddım-maddım baxanlarımızın hamısı elə bir cür "Kəramətdir". Sadəcə başları qarışıqdır və o gənc kimi avaralanan gününün səhəri daş atmağa quyu "axtaracaqlar". Yoxsa bilmirsiniz ki, qarğanı bülbül kimi bəsləyib qızıl qəfəsdə saxlasan da ağzını "qarrr" ilə açasıdır.

Bu yaxınlarda bir idarədə gənc bir mütəxəssisə Qarabağ müharibəsi deyəndə, bizdən soruşdu ki, o nə vaxt olub? Düzü elə bildim ki, ataları kimi bu da "məzələnir". Reaksiyadan qorxub yavaşca etiraf etdi ki, mən rus məktəbi və xaricdə təhsil almışam. Bircə kəlmə dedim k, Allah bəlanızı versin! Yəni düşünmən ki, kommunist-kosmopolitləri Əzrayıl torbaya yığıb aparanda dünya düzələcək. Onlardan daha betər bir nəsil sıradadır-NƏ MİLLƏT, NƏ VƏTƏN, NƏ XALQ, NƏ BAYRAQ? Hətta düşünürlər ki, bütün bunlar onlar üçün düzəldilmiş oyuncaqlardır.

1992-ci ildə bir məqalə yazmışdım. A. Kamyunun "Sizif əsatiri"ni oxuduqdan sonra, məni bir sual düşündürdü? Görəsən onu cəzalandırmış Allahlar Sizifin əzabla zirvəyə yumarladığı daşı əlindən alsalar nə baş verərdi? Cavabını da vermişdim ki, Sizif öncə eyni şəkildə zirvəyə daşsız qalxıb düşməyə davam edəcəkdi. Az sonra bu vəziyyətdən yeni üsyan qaldıraraq hayqıracaq: "MƏNİM DAŞIMI QAYTARIN!"

O daşı qaytarıblar. Sadəcə bəziləri onu quyulara atmağa vərdiş ediblər. Bəs biz, o bir dəlinin atdığı daşı çıxarmaq üçün 40 ağıllını hardan alaq? Budur faciə...

Bu məmləkət heyifdir. Bu Tanrı payı olan məzar yerlərimizi Kəramətlərin böyükbayırlarıyla murdarlamayın. Adam olun, Adam. Vətəni, Bayrağı, Milləti sevmədiyinizi bilirəm, amma heç zaman günəşi doğmayacaq o günləri xatırlayın. Bu cür əməllərlə bu torpaqlar bizi orada da yatmağa izin verməyəcək. Əldən verdiyimiz əsir torpaqlarda o məzarları dünyanın ən şərəfsiz bir millətinin dağıtması sizcə təsadüfdürmü? Çünki bizdən öncə gələnlər də eynən bizim təkrarladığımız bu səhvləri buraxmışdılar...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ