01 Fev 01:25GÜNDƏM / TARİX

AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA

AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA
Cavid Vəkil oğlu Bağırzadə
Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi
kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
cavid.bagirzade@gdu.edu.az


(mənbə məlumatları və tarixi-arxeoloji tədqiqatlar əsasında)

Tarixi-arxeoloji tədqiqatlar nəticəsində ilk orta əsrlər dövrünə aid yaşayış yerlərinin aşkar edilməsi, müvafiq arxeoloji abidələrdə adları yazılı mənbələrdə çəkilmiş yaşayış yerlərinin lokallaşdırılması eyni zamanda ölkənin ilk orta əsrlər dövrü tarixi coğrafiyasının öyrənilməsi baxımından əhəmiyyətlidir. Belə ki, müxtəlif tip yaşayış məntəqələrinin lokallaşdırılması nəticəsində həmin yaşayış yerlərinin yerləşdiyi vilayətlərin hüdudları müəyyən edilir, ölkənin sərhədləri dəqiqləşdirilir. Buna görə də ölkənin və ya hər hansı bir bölgənin tarixi coğrafiyasının öyrənilməsində tarixi-arxeoloji tədqiqatların mühüm əhəmiyyəti vardır. Qarabağ bölgəsində aparılmış arxeoloji tədqiqatlar zamanı çoxlu sayda yaşayış yerlərinin aşkar edilməsi və lokallaşıdırlması burada ilk orta əsrlər dövründə mövcud olmuş inzibati ərazi bölgüsü ilə bağlı bəzi dəqiqləşdirmələrə səbəb olmuşdur. Beləliklə, Qarabağ bölgəsinin ilk orta əsrlər dövrü tarixi coğrafiyasının öyrənilməsində tarixi-arxeoloji tədqiqatların mühüm əhəmiyyəti vardır.
Aparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, ilk orta əsrlər dövründə Qarabağ toponimi mövcud olmamışdır və yaxud Qarabağ adını özündə əks etdirən yazılı mənbə dövrümüzə gəlib çıxmamışdır. Başqa sözlə, Albaniyanın mühüm ərazisini əhatə edən Arsak və Mərkəzi Uti əyalətlərinin əhatə etdiyi bölgə çox sonralar, Albaniya dövlətinin süqutundan sonrakı dövrdə artıq Qarabağ adlanırdı. Deməli ilk orta əsrlər dövründə Qarabağ adı və bu ad altında ərazi ifadəsi mövcud deyildi. Onu da qeyd edək ki, ilk orta əsrlər dövrü yazılı mənbələrində, eləcə də Azərbaycanın şəhərləri, təbiəti, vilayətləri, əhalisi, sərvətləri, ticarət-karvan yolları və s. haqqında geniş məlumatların yer aldığı ərəb coğrafi ədəbiyyatında da Qarabağ adına rast gəlinməmişdir. Belə hesab etmək olar ki, daha erkən çağlarda xalq arasında işlənilməsinə baxmayaraq Qarabağ toponimi XI əsrdən etibarən məşhurlaşaraq yazılı ədəbiyyata düşmüşdür.
AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA
Tədqiqatçı N. F. Axundovun fikrinə görə Qarabağ toponimi VII əsrdən dilimizdə işlənilməkdədir [1, 191]. Lakin N. F. Axundov Qarabağ toponimini özündə əks etdirən hər hansı bir VII əsrə aid mənbəni, mənbə məlumatını və ya faktı göstərməmişdir. Ş.M.Sədiyev Qarabağ adının mənasından, onun toponim olaraq işlənilməsi tarixindən bəhs edərkən göstərir ki, Qarabağ sırf Azərbaycan sözü olub və ən azı VII əsrdən dilimizdə işlənilməkdədir [2, 15]. Y. M.Mahmudov və K. K. Şükürov yazırlar ki, Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” adı ilk mənbələrdə VII əsrdə işlənilmişdir. Qarabağ əvvəllər tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir [3, 11]. Göründüyü kimi, burada da Qarabağ adının VII əsrə aid əks olunduğu mənbədən bəhs olunmuş, lakin onun adı göstərilməmişdir. Əslində Qarabağ adının VII əsrə aid mənbədə işlənilməsi fikrini qeyd edən müəlliflər Ş.M.Sədiyevin göstərdiyimiz məqaləsindəki fikirinə istinad etmişlər.
Qarabağ toponimi haqqında bəhs edərkən Q.Ə.Qeybullayev göstərir ki, bu Qarabağ ərazisində yaşamış peçeneklərin Qarabağ adlı tayfasının adı ilə bağlı olmuşdur. Q.Ə.Qeybullayev yazır ki, Albaniyanın VII-X əsrlərə aid toponimləri əsasında erkən orta əsrlərdə Qarabağda peçeneklər yaşamışdır, peçeneklərin X əsrə aid mənbədə qeyd olunduğu kimi, Cənubi Rus çöllərində (əslində Cənubi Rus çölləri deyil, tarixi türk torpaqları olan Qıpçaq çölləri kimi ifadə edilsə daha dəqiq olar. – C.B.) Qarabaq, Qapan, Göyərçi və Çur tayfalarının adlarını əks etdirən toponimlər erkən orta əsrlərdə Albaniyada vardı. XIV əsrdən məlum olan “Qarabağ” toponimi məhz peçeneklərin Qarabağ tayfasının adını əks etdirir [4, 202]. Qeyd edək ki, Albaniyada ilk orta əsrlər dövründə yaşayan tayfalarlardan birinin peçeneklər olması və peçeneklərin xüsusilə Qarabağ bölgəsində məskunlaşması tədqiqatlardan məlumdur [5, 85]. Albaniyada peçeneklərlə bağlı etnonimlərin VII əsrdə mövcud olması haqqında bəhs edən Q.Ə.Qeybullayevin peçeneklərlə bağlı olması şübhə doğurmayan Qarabağ adının XIV əsrdən məlum olması haqqındakı fikri xronoloji baxımdan ziddiyətlidir və dolaşıqlı görünür.
AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA
A.B. (Məmmədov) Qarabağlı yazır ki, Qarabağ etnoxronimdir, yəni bu diyar, bölgə, ölkə öz adını eyniadlı etnosdan almışdır [6, 24]. Beləliklə, Qarabağ adının qıpçaq-peçeneklərlə, onlardan eyniadlı bir boyun adı ilə bağlı olması və ya bu tayfaların dilində olması şübhəsizdir.
Qarabağın XIII-XIV əsrlər dövrü tarixi coğrafiyasından bəhs edərkən V.Z.Piriyev yazır ki, Qarabağ mənbələrdə əksər hallarda “Arran Qarabağı” kimi verilir. “Arran Qarabağı” termininə ilk dəfə Fəzullah Rəşidəddinin “Came ət-təvarix” əsərində 1284-cü ilin hadisələrindən bəhs olunarkən təsadüf edilir [7, 98; 8, 93]. Qarabağ adının yazılı mənbədə ilk dəfə məhz Fəzullah Rəşidəddin tərəfindən işlənilməsi fikri ilə razılaşmaq olmaz.
Qarabağ sözünü erməni dilinə tərcümə olunmuş halda ilk dəfə XII əsrdə yaşamış Anili Samuel “Sev ayqi” (Qara bağ) deyə işlətmişdir. Bir qədər ondan sonra yaşamış tarixçi Tovma Ardsruni isə Qarabağ sözünü tərcümə etmədən olduğu kimi “Qarabağ” deyə işlətmişdir. Beləliklə, aydın olur ki, artıq XII-XIII əsrlərdə Qarabağ adı məşhurlaşaraq yazılı ədəbiyyata düşmüşdür [9, 7]. Göründüyü kimi, Qarabağ adı XII əsrdən yazılı ədəbiyyatda işlənilmişdir. Məlumdur ki, Anili Samuel yerli adam olmadığı üçün Qarabağ sözünü anlamamış, bu söz birləşməsinin mənasını bilməmiş, yəqin ki, kiminsə vasitəçiliyi ilə bu sözün birinci hissəsini ikincidən ayırıb hərfi tərcümə edərək söz birləşməsi – mürəkkəb söz kimi deyil, ayrı-ayrı sözlər kimi ifadə etmişdir.
AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA
Fikrimizcə, Qarabağ adının formalaşması ilə bağlı iki ehtimalı irəli sürmək olar: 1. Qarabağ adının ilk orta əsrlər dövründən sonra, XI əsrdək formalaşması ehtimalını irəli sürmək olar. Bir müddət şifahi surətdə işlənilmiş, daha sonrakı dövdə yazılı ədəbiyyata düşmüşdür. Belə ki, Qarabağ adına təkcə Azərbaycan ərazisində deyil, digər türkdilli əhalinin yaşadığı coğrafiyada da rast gəlinmiş, onların adları yazılı ədəbiyyata düşmüşdür. Tədqiqatçı V.Z.Piriyev Qarabağ adının rast gəlindiyi yerlər haqqında bəhs etmişdir [7, 97-98; 8, 93]. Təkcə Azərbaycan ərazisində Arran Qarabağı, Suxrab Qarabağı, Təbriz Qarabağı kimi adlara yazılı mənbələrdə rast gəlinir. Türk coğrafiyasında, xüsuilə də oğuz boylarının yayıldığı ərazilərdə Qarabağ adına rast gəlinməsi faktına əsaslanaraq belə bir fikiri irəli sürmək olar ki, oğuz boylarının qədim oğuz-qıpçaq ölkəsi olan Azərbaycana gəlməsi ilə (ən qədim zamanlardan etibarən müxtəlif tarixi dövrlərdə türkdilli qövmlərin Böyük Türk coğrafiyasında şərqdən-qərbə, qərbdən-şərqə köçləri, axınları baş vermişdir.) Qarabağ toponimi məşhurlaşmışdır. 2. Qarabağ adının bu bölgənin, ilk orta əsrlər dövründə Albaniyanın Arsak və Mərkəzi Uti vilayətlərinin yerli əhalisinin – qıpçaq boylarından tərtərlərin, qarqarların, peçeneqlərin, ağhunların, donqarların, qorozların, və s. dilində yarandığını, şifahi dilidə uzun əsrlər boyu işlədildiyini, orta əsrlər dövründəki geniş əraziləri əhatə edən Aran Qarabağı əyalətindən fərqli olaraq daha kiçik, indiki Qarabağ ərazisini ifadə etdiyini fikrini də irəli sürmək olar ki, bu sonuncu ehtimal daha güclü görünür.
AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA
Təsadüfi deyil ki, “Qarabağ” sözünün peçeneq-kəngərli tayfalarından birinə məxsus olduğunu irəli sürənlər vardır [5, 8]. Tədqiqatçı Q.Ə.Qeybullayev yazır ki, Qarabağ adı indiki Qarabağın dağlıq hissəsində, V-X əsrlərdə Arsak kimi tanınan ərazidə yaşamış peçeneqlərlə bağlı olmuş və bu ad sonralar ərazinin düzən yerlərinə şamil edilmişdir [10, 145]. Qeyd edək ki, Qarabağın əhalisi içərisində bu tayfaların da olması və qədim dövrlərdən burada yaşamaları bu fikirin heç də əsassız olmadığını göstərir. Belə hesab etmək olar ki, Qarabağ adının tarixi-coğrafi anlayış kimi formalaşması tarixi ilk orta əsrlər dövrünün sonlarına gedib çıxır. Qarabağ adının məşhurlaşaraq yazılı ədəbiyyata düşməsi isə göstərilən faktlardan da göründüyü kimi sonrakı dövrlərə təsadüf etmişdir.
AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İLK ORTA ƏSRLƏR DÖVRÜ TARİXİ COĞRAFİYASI HAQQINDA
Qarabağın orta əsrlər dövründə daha geniş ərazini – Araz çayından Sınıq körpüyə kimi, başqa sözlə, bütövlükdə Kür-Araz hövzəsini əhatə etdiyi məlumdur. Məhz bu üzdən də yazılı mənbələrdə orta əsrlər dövrü Qarabağından bəhs olunarkən “Arran Qarabağı” ifadəsi işlənilmişdir. Onu da qeyd edək ki, orta əsrlər dövründə Qarabağ “Arranın mərkəzi”, “Arranın qəlbi” kimi istilahlarla ifadə edilirdi. Bu da onu göstərir ki, Arranın mühüm hissəsini Qarabağ əhatə edirmiş. Başqa sözlə, Qarabağ Arran ölkəsinin – Albaniyanın inzibati, siyasi, mədəni, iqtisadi mərkəzini təşkil edirdi. Orta əsrlər dövründə Qarabağ istilahı altında Kür-Araz hövzəsinin, Araz çayından Sınıq körpüyə kimi ərazilərin də nəzərdə tutulmasının səbəbi fikrimizcə, ona görədir ki, Arran ərazisi paralel olaraq onun mərkəzi bölgəsi olan Qarabağ adı ilə də ifadə edilirdi. Yəni inkişaf etmiş orta əsrlər dövründə Qarabağ deyiləndə bəzən Arran ərazisi, onun Kür-Araz ovalığı torpaqları da nəzərdə tutulurdu. Aydın məsələdir ki, Gəncə-Qazax ərazisi tarixi Qarabağ torpaqları deyil, Arranın digər ərazisi olmuşdur. Məlumdur ki, Arran adı ilə ərəb işğallarından sonra siyasi mövcudluğuna son qoyulmuş Albaniyanın əsas ərazisi nəzərdə tutulurdu. Buna görə də orta əsr yazılı mənbələrində tarixi Albaniya Arran, onun əsas mərkəzi hissəsi isə “Arran Qarabağı” tarixi-coğrafi anlayışı ilə işlənilmişdir.

Ardı var...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ