09 Fev 01:20GÜNDƏM / POEZİYA

VƏTƏNSİZ ÖLƏNLƏR, NECƏ CAN VERİR?

VƏTƏNSİZ ÖLƏNLƏR, NECƏ CAN VERİR?
Əlövsət Saldaş

Dərmanım tapılmır, ağır xəstəyəm,
Köhnə yaralarım, hələ qan verir.
Mən diri şəhidəm, ayaq üstəyəm,
Vətənsiz ölənlər, necə can verir?

Əlim ki bir qaşıq aşına çatır,
Başım tez fələyin daşına çatır
Gücüm gözlərimin yaşına çatır,
Ürəyim gözümdən imtahan verir.

Döyür qapımızı qəhər, o başdan,
İçirir doyunca zəhər, o başdan,
Oyadır yuxudan, səhər o başdan,
Dərdlərim xoruzla birgə ban verir.

Cəlladım müntəzir əldə kiriş var,
Bir vaxtsız ölümlə vaxtsız görüş var,
Bir haqsız divanda çətin bir iş var,
Fağırın fərmanın qudurğan verir.

Vədə küləkləri əsdi, Əlövsət,
Bəllidi zamanın qəsdi, Əlövsət
Çalışdın, vuruşdun, bəsdi, Əlövsət,
Sahilə tələs ki, gəmi yan verir.


GETDİM

Dağ başında duman idim,
Meh əsdi, çəkildim getdim.
Çiçəyim bara dönməmiş,
Vədəsiz töküldüm, getdim.

Çıxdım yolların ağına,
Gəldim sözün sorağına,
Düşdüm dəli yığnağına,
Yavaşca əkildim, getdim.

Başı çəkən bəla mənəm,
Düz bilmisən, bala, mənəm,
O sarsılan qala mənəm,
Laxladım, söküldüm, getdim...

Mən dururdum, mən varıydım,
Köhlən ata suvarıydım,
Bir könülün qübarıydım,
Gözündən töküldüm, getdim.

Dağlanmışa dağ nə gərək?
Güllü çəmən, bağ, nə gərək?
Mən qəribə ağ nə gərək?
Ruhuma büküldüm getdim.

Dərd əlində qaldı yaxam,
Sındım oldum oxam-oxam,
Görərsən ki, bir gün yoxam,
Torpağa əkildim, getdim...

VƏTƏNSİZ ÖLƏNLƏR, NECƏ CAN VERİR?
VƏTƏNSİZ ÖLƏNLƏR, NECƏ CAN VERİR?
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ