28 Mrt 01:46GÜNDƏM / TARİX

UNUTMA: 31 MART SOYQIRIM GÜNÜDÜR!

UNUTMA: 31 MART SOYQIRIM GÜNÜDÜR!
Umuxanım Hüseynzadə

Hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Erməni millətçilərinin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırım uzun bir tarixə malikdir.
Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və 2 il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən 1-ci Pyotr yerli əhalinin sərt müqavimətini gördükdə " Ermənilərdən istifadə kartnı " işə salmış və azərbaycanlıların tarixi torpaqlarında, xüsusi ilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdir. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan Türkünün kütləvi şəkildə qırılmasını, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 31-də Bakı kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar.
UNUTMA: 31 MART SOYQIRIM GÜNÜDÜR!
Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi planı həyata keçirildi. Tarixi sənədlər və baş vermiş hadisələrin mahiyyəti sübut edir ki, məhz bolşeviklər ermənilərin yaxından iştirakı ilə mart hadisələrinin təşəbbüskarı və təşkilatçısı olmuş, Mart Soyqırımını Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevirmişlər. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, Azərbaycan Türkünün öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqaz tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi.
UNUTMA: 31 MART SOYQIRIM GÜNÜDÜR!
Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetrildi. Bu hadisələrin təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə hər zaman maneçilik törədərək Azərbaycan Türkünün mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Məktəbləri, xəstəxanaları, məscid və digər abidələri, milli memarlıq incilərini, dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlılara qarşı törədilmiş bu soyqırım Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.
UNUTMA: 31 MART SOYQIRIM GÜNÜDÜR!
Erməni millətçiləri öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş Sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi. Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-nin digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulurdular. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verirdi. 1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına həmin dövrdə respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədi ilə Bakıya 12-ci Qızıl Ordu qoşunları yeridildi, yüzlərlə azərbaycanlı məhv edildi, yaralandı, şikəst edildi və digər fiziki təzyiqlərə məruz qoyuldu.
UNUTMA: 31 MART SOYQIRIM GÜNÜDÜR!
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsinə, əsir alınmasına, şəhərin yerlə yeksan edilməsinə gətirib çıxardı. Görünməmiş vəhşilikləri ilə müsəlman və türk qanına susayan digər qatillər üçün “vəhşilik nümunəsi” oldular. Hamilə qadının qarnını yarıb uşağı çıxardıb və onları tikə-tikə doğramaq, qucağından körpə uşağı alaraq gənc ananın kürəyinə içi yanar közlə dolu qaynar samavarı bağlayıb işgəncə ilə öldürərək, Quran” kitablarını yığaraq tonqal qalayıb atəşində din xadimlərini yandırmaq, divara mıxlamaq, uşaqlara belə acımadan dərisini soymaq, tikə-tikə doğradıqdan sonra ətini itə atmaq və s. kimi vəhşiliklərə ilk dəfə imza atanlar məhz qansız düşmənimiz ermənilər oldu. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişlər. Ərazimizin 20%-nin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır. Göründüyü kimi, azərbaycanlılara qarşı aşkar soyqırımı həyata keçirən ermənilər Bakı daxil olmaqla, bütün Azərbaycanı özlərinin ərazisinə çevirmək niyyətində idilər. Xalqımız uzun illər bu gerçək tarixdən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənmişdir. Dəhşətli genosidin qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq üzərində Kirovun heykəli ucaldılmış, ətrafda istirahət parkı salmışdılar. Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Bunun müqabilində ermənilər ötən illər ərzində özlərinin saxta iddialarını ictimailəşdirməyə, "erməni soyqırımı" adlı avantüranı geosiyasi amilə çevirməyə ciddi cəhdlə çalışmışdırlar. Qeyd etmək istəyirəm ki, son illər respublikamız bu sahədə fəaliyyətini xeyli gücləndirərək, ermənilərə qarşı effektiv əks-hücum təşkil etmişdir. Bu mənada, mərhum dövlət başçımız Heydər Əliyevin 1998-ci il 26 mart tarixli imzaladığı fərman 200 illik işğal və soyqırımı siyasətinə qarşı çıxarılan tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və vətəninə bağlılığı baxımından da çox əhəmiyyətli olmuşdur. Həmin zamandan bəri hər il Azərbaycanda 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ kimi dövlət səviyyəsində qeyd edilir. Gəlin, tarix boyu xalqımıza qarşı törədilən cinayətləri heç vaxt unutmayaq. Bir olub düşmənimizə qalib gələk.
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ