30 Mrt 03:18GÜNDƏM / Köşə

ÖZ DƏRDİNƏ ÇALIB OYNAYANLARIN ÖZGƏ DƏRDİNƏ MATƏM TUTMAQLIĞI...

ÖZ DƏRDİNƏ ÇALIB OYNAYANLARIN ÖZGƏ DƏRDİNƏ MATƏM TUTMAQLIĞI...
Xaqani Ədəboğlu

Bu yazı avtomobillərlə vurulmuş süpürgəçi Azərbaycan qadınlarına ithaf olunur...

Fakt: “KamAZ” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəmilə Salahova vurulub və nəticədə piyada hadisə yerində ölüb...

Dahi Üzəyir bəy "Partapart" adlı felyetonunu müxbirimiz Əli Zərdabinin, "bəy, niyə Narkoloji dispanserdə ölənlərə bu cür yas tutmadıq?"-sualına cavab olaraq tam mətnlə vermək qərarına gəldim:

"Durmuşdum, birdən partapart səsi eşitdim. Soruşdum: “O nədir?” Dedilər: “Heç, o yanda müsəlmanlar bir müsəlman öldürdülər”.

Əyləşmişdim, birdən partapart səsi eşitdim. Soruşdum: “O nədir?” Dedilər: “Heç, bu yanda müsəlmanlar bir müsəlman öldürdülər”.

Uzanmışdım, birdən partapart səsi eşitdim. Soruşdum: “O nədir?” Dedilər: “Heç, o tərəfdə müsəlmanlar bir müsəlman öldürdülər”.

Yatmışdım, birdən partapart səsi məni oyatdı. Soruşdum: “Bəs bu nədir?” Dedilər: “Heç, bu tərəfdə müsəlmanlar bir müsəlman öldürdülər”.

“Heç, bir müsəlman öldürdülər...”
Bu sözləri elə bir kəm etinalıq və arxayınlıqla deyirlər ki, guya müsəlman öldürmək elə bil ki, iki dırnağın arasında Molla Nəsrəddinin sözü olmasın, "bit və birə qırmaqdır".

Elə, doğrudan da, müsəlman öldürmək bu saat bit və birə qırmağa dönübdür. Çünki bit-birə qırana heç kəsin etirazı olmaz. Həmçinin müsəlman öldürənlərə də heç bir kəs etiraz eləmir. Mollalar, rəislər, hakimi-vilayət heç kəs bir söz demir...

İndi təzə bir məsələ çıxıbdır. Bu məsələ ibarətdir ondan ki, orucluqda qəzet oxumaq olmaz. Bəzi adamlar deyirlər ki, xeyr, qəzetin orucluğa heç bir dəxli yoxdur. Yalan sözdür, qəzetin orucluğa çox dəxli vardır, çünki məlumdur ki, oruc tutmaq tək bir çörək yeməyib, su içməməkdən ibarət deyildir. Orucluqda gərək insanın qulaqları və gözləri də oruc tutsun. Ona görə lazımdır ki, tamam bir ay qəzet oxumayasan ki, bəlkə dünyada vaqe olan əhvalatı da eşitməyəsən. Qoy tamam bir ay dünyada qəribə-qəribə nəfli və ibrətli hadisələr vaqe olsun, zərər yoxdur, sən gərək bir ay tamam bu əhvalatlardan xəbərdar olmayasan və bilməyəsən ki, görək yazıq müsəlmanların başına nə gəldi! Ona görə lazımdır ki, orucluqda əlinə qəzet almayasan, vəssəlam!"...
Allah sənə rəhmət eləsin, Üzeyir bəy!
Bu xatırlatmadan sonra uzun- uzadı yazıb o qızıldan ucuz vaxtınızı almaq istəmirəm. Çünki bilirəm ki, onsuz da oxumağı tərgitmisiniz. Gedin orda-burda söyüşünüzü söyün. Bu saat söyüşün bazarıdır və yaxşıda pula gedir. Onsuz da o vaxtkı babalarınız orucluqda oxumadığı qəzetlərin əvəzinə, biz indi qəzet köşklərində saqqız satırıq. Jurnalistikanı isə jurnalistlərin əlindən alıb jurnalist olması mənim kosmonavtlığım kimi olan şəxslərin əyninə "geyindiriblər". Bu analoqsuzluğa yol verənlər, ölkədə söyüşcül bir ortam yaradıblar. Hamı söyür. Kim kimi görürsə, salam əvəzinə söyüş söyür. Hətta bir təhsilli jurnalist olan birisi də özünü itirib "söyməklə, sevməyin" sinonimliyini tapıb. Amma bircə ağıllı adam yoxdur ki, ortaya çıxıb soruşa: "Ayə, niyə söyüşürsünüz?"
Nə isə, özləri bilərlər və qoy gedib söyüşsünlər. Amma "qara piyar"la məşğul olmağın jurnalistikaya aidiyyatı yoxdur. Bu sənətdə "Sarı mətbuat" anlayışı var, amma "qarasını" bizim "reketciklər" düzüb qoşublar. Bu gün "alihəzrət faktlara arxa çevirmiş bir faktsız jurnalistika ilə" ortada qalmağımız artıq yaxamızdan yapışan bir faktdır. O boyda MŞ yarat, İdarə heyətində təhsilli 1 cüt və 1 tək jurnalist seç. Bu yazıqlar söyməyib neyləsinlər? Topa güllə qoyası deyillər ki? Olanları budu. Yenə deyirəm ki, özləri bilən məsləhətdi...
Deyirdim axı...
Qarabağda dağ boyda igidlərimiz qanına qəltan edildiyi, günlərdə bu xalq Səddamın boyuna ip ölçürdü.
Xocalıda, Qaradağlıda, Meşəlidə və digər kəndlərdə qətlə yetirilmiş soydaşlarımıza ağlamayanlar Ərəbistan çöllərində qətlə yetirilənlərdən tutmuş fələstinlilərin dərdinə ağlamaqdaydılar...
Murdar qonşularımız SSRİ-nin dağılacağını bildiklərinə görə silahlı dəstələr yaradanda və SSRİ-nin saxlanmasına "yox" dediyi günlərdə, biz referendiumda "hə" deyirdik...
Misirdə özünü yandıran bir ərəbi ağlayan millətimiz, dağ boyda savaş qazisinin halına ağlamadı. Toy kasetlərinə oxşayan televiziyalarımız "manısları" reklam edirdi....
Biz Narkoloji dispanserdə həlak olanları televiziyalarda, küçələrdə şoularla yola verib, uzaq Sibirdə həlak olanları anmaqdayıq...
Elə bilirsiniz ki, bu canıyananlıqda səmimisiniz?

Mən inanmıram, bax Gəncədə bir 18 yaşlı qız özünü yandırıb. Bax, yaşlı süpürgəçi qadını maşınla vurub öldürüblər...
Amma xatırladım ki, o qız da, süpürgəçi də müsəlmandı, üstəlik azərbaycanlıdı...
Babalarımız demişkən, biz də deyək: "heç bir müsəlman öldürdülər"...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ