31 Mrt 11:07GÜNDƏM / Köşə

"ALÇALDILMIŞ VƏ TƏHQİR OLUNMUŞ" JURNALİSTİKAMIZ

"ALÇALDILMIŞ VƏ TƏHQİR OLUNMUŞ" JURNALİSTİKAMIZ
Xaqani Ədəboğlu

Bu gün elmə gərəksiz olan AMEA Coğrafiya İnistitutunun direktoru Ramiz Məmmədova, Modern.az saytının əməkdaşının "küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı və digər" suallar ünvanlayıb və "akademik" bir cavab alıb: “Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri “bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə(!!!) də olsun jurnalist yoxdur”. Daha sonra da öz fikirlərini daha da elmi -zooloji cəhətdən gücləndirərək deyib: "bayaq “küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər. Elə beləcə də yaz!” söyləyib. Axı bu jurnalist hələ də bilmir ki, oradakı adamlar elmi cilovlamaq üçün oraya toplaşıblar. Belə elmi sualın varsa get çayxanada domino oynayan bekarlardan soruş. Əgər bu faktı bilmirsə, o yazarın jurnalistikadan qətiyyətən anlayışı yoxdur.
ABŞ tarixində ilk və hələlik son istefa vermiş prezident Riçard Nikson ömrünün sonunadək özünü günahsız bildiyi olayı işıq üzünə jurnalistlər çıxarmışdı və xalqın dəstəyindən arxayın olan prezident bu "Uotergeyt qalmaqalının" unudulacağına ümüd etsə də qələbə jurnalistlərin oldu. “Uotergeyt“ qalmaqalının mətbuata çıxararaq Niksonun faciəsinin əsasını qoyan “Vaşinqton Post“ qəzetinin iki əməkdaşı Bernşteyn və Vudvord isə məsələ ilə bağlı məlumatı hansı mənbədən aldıqlarını heç vaxt söyləmədilər. Onlar məlumat aldıqları mənbəni “Dərin boğaz“ adlandırmışdılar. Amma ABŞ xüsusi xidmət orqanları bu məsələni mətbuata kimin ötürə biləcəyi məsələsini uzun müddət diqqət mərkəzində saxladılar. Qalmaqalla bağlı baş verən hadisələrdən yalnız 33 il sonra, 2005-ci ilin iyun ayında bu sirri mətbuata ötürən adamın adını müəyyən etmək mümkün oldu. Bu adam o dövrdə Amerika Federal Təhqiqat Bürosu rəhbərinin köməkçisi Mark Felt idi. O, “Vaniry Fair“ dərgisinə verdiyi müsahibəsində bu sirri özü ilə qəbrə aparmaq istəmədiyini və “Uotergeyt“ qalmaqalı barədə mətbuata məlumat sızdırdığını etiraf etdi. Mənbənin məxfiliyini jurnalistlər deyil, faktı sızdıran özü etiraf etdi. Bundan sonra Bernşteyn və Vudvord da məlumatı, məhz Feltdən aldıqlarını təsdiqlədilər.
O tarixcəylə bağlı məğlub olmuş prezident R. Niksonun siyasətçilərə bir ismarıcı qaldı: "Ağıllı siyasətçilər heç zaman jurnalistlərə qarşı mübarizə aparmazlar!" Məntiqlə düşünsək, ya bizdə ağıllı siyasətçi, ya da ki, jurnalist yoxdur. Mənə görə isə, bizdə elə o AMEA kahininin dediyi kimi jurnalıist yoxdur. Olsaydı bunca təhqirlərə toplam bir cavab verilərdi. Yetən jurnalistləri söyür. Bu adamlar mənzil veriləndə, pay-püşt veriləndə jurnalist, söyüş, hədə-qorxu gələndə isə öz ixtisasları üzrə santexnik, mexanik, baytar, həkim, biolog, məşuqə, məşuq, molla, tamada və s. olurlar. Axı özləri də yaxşı bilirlər ki, jurnalistika hara, bu vücud və qələm satanlar hara? Beş para etməzlərin önündə pislikdən konfet düzəldən bu adamlar, öz düzəltdikləri konfetlərlə qonaq edilərkən susmağa üstünlük verirlər. Çörəkləri çıxan təndirin istisindən durub hara getsinlər?
Ona görə də tükdən dırnağa jurnalist olan və təhsilli bir jurnalist kimi o cografi akademikimizə etiraz edirəm və ölkədə əsil jurnalistlərin sayı əsil alimlərin sayından çox olduğunu xatırladıram. Sadəcə bizim Jurnalistikamızı işğal etdiklərini bilib kənardan seyr edirik. Amma o gündə olan elmimizdə isə sizlər öndə olmaq uğrunda savaş aparırsınız. Hörmətli akademik yəqin o bəyənmədiyi "bezdarnıy", "savadsız" və "küçük" jurnalistlərin (bu sözlərə görə üzr istəyirəm) verdiyi bir ayamaya - “Xan Kaspiyskiy” (Xəzərin xanı) ( "Kaspiy" qəzeti) uyğun öz təşəkkürünü bildirir. 300 elmi məqalə yazmış akademikə 1500 jurnalistik məqalə yazmış biri kimi öz etirazımı bildirirəm və bu ölkənin bu an dediyiniz jurnalistləri, elə bu ölkənin alimlərinə öxşayırlar. Lap siam əkizləri kimi...
Amma mənim dərdim öz başıbəlalı sənətimlədir. Jurnalistikanı kimlər bu kökə saldılar və özünə jurnalist elan edənlər niyə susublar?
Bir gün Mətbuat Şurası İH-i üzvləri arasında 1 cüt və 1 tək təhsilli jurnalist olması faktındanmı utanıb susursunuz?
Bir dəfə Jurnalistika fakültəsində mühazirə zamanı müəllimimiz Cahangir Məmmədli adəti üzrə fakültəmizin bizim yetişməyimizdə rolu barədə auditoriyaya sual ünvanladı. Hər kəs öz fikrini bildirdi və növbə mənə çatanda dedim ki, bəli, fakültənin nəyi olmasa da, hər il 29 (1026-cı qrup 29 nəfərdi) nəfəri bir araya gətirib heç olmasa 20 nəfərə adam dilində jurnalist ola bilməyəcəklərini başa salır. Əlbəttə ki, bu fikrlə hər kəs razılaşdı. Çünkü kimin jurnalist ola biləcəyi mübahisə doğurmurdu. Amma bu gün bir uydurma tezis atıblar ortaya ki, yetən mütləq jurnalist ola bilər. Billahi belə deyil. Dünyanın hər yerində jurnalistikaya jurnalistllər başçılıq edirlər. Yalnız sahə jurnalistikasında qeyrilərinə yer ayrılır.
Bizdə nə baş verib? Bizdə televiziyanı tamadalar və artistlər, qəzet sahəsini isə bütün yarımçıq peşə sahibləri öz inhisarlarına keçiriblər. Şeir yazan, roman yazan, dua yazan, mərsiyə deyən, ölü yuyan və hər kəsin olduğu bu sahədə jurnalistlər yoxdu və bu "akademik qiymət" onların halalca malıdır. Halal xoşları olsun. Çünki hər yetənə göz-qaş edən "namuslu" televiziyaların, nə də hər gecəsini biriylə keçirən "bakirə" qəzet və saytların bizim sənətə heç bir dəxli yoxdur. Bu sənəti dərk edən kimsə mənsub olduğu bir sənətə bunca xəyanətlər etməzdi. Bu gün kimsəyə ölkənin savaşaraq əlil olmuş bir jurnalisti olduğumu deməyə utanıram. Allah bəlanızı versin...
Napoleon deyirdi ki, feodalizmi top yıxdı, kapitalizmi isə qələm yıxacaq. Bizim qələm isə gor qazanın linginə oxşayır...
Sərt yanaşmamı anlayanlar bilirlər ki, mən haqlıyam. Anlamayanların rəyini gözləyirəm. Onların da niyə anlamadıqlarından xəbərdaram...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ