12 İyu 09:43GÜNDƏM / POEZİYA

GECİKMİŞ ETİRAF

GECİKMİŞ ETİRAF

Zəlimxan Yaqub

Arımı yemişəm, ar itirmişəm,
Bir dağam zirvəmdən qar itirmişəm,
Qarabağ görkəmdə dünya gözəli,
Şuşa yaraşıqda yar itirmişəm
Öldürün, öldürün, öldürün məni.

Üstə duz səpilmiş yaramdı dünya,
Mənə yaz, düşmənə bayramdı dünya
Tək bircə Kəlbəcər gedibsə əldən,
Mənim kimisinə haramdı dünya.
Öldürün, öldürün, öldürün məni.

Günah işləmişəm səhv eləmişəm,
Səhvimlə özümü məhv eləmişəm...
Torpaq unudulub, yurd yaddan çıxıb,
Qan içən düşməni əhv eləmişəm
Öldürün, öldürün, öldürün məni.

Qatil sifətinə şilləm olmadı,
Cəllad sinəsinə gülləm olmadı,
Vaxtımı boşuna verdim ürəkdən
Ağlım işləmədi, kəlləm olmadı
Öldürün, öldürün, öldürün məni.

Kərəmim ağılsız, Əslim günahkar,
Lələm, tərbiyəçim, nəslim günahkar
Qələbə çalanı bəyənməsək də,
Məğlub günahkardı, təslim günahkar
Öldürün, öldürün, öldürün məni.

Ağladanım çoxdu, güldürənim yox,
Gücüm var, gücümü bildirənim yox,
Gözüm kölgəlidi, başım aşağı
Çoxdan öləsiyəm, öldürənim yox,
Öldürün, öldürün, öldürün məni.

Qaldıra bilməsəm igidlərimi,
Dirildə bilməsəm şəhidlərimi,
Müqəddəs ruhların üstündən keçib
Düşmən tapdalasa meyitlərimi.
Qana qan deyəndə məndən tez durub,
Oğlum eşitməsə öyüdlərimi
Öldürün, öldürün, öldürün məni.

Düşəm at oynadıb Cıdır düzündə
Bizi kökümüzdən qoparacaqsa,
Dərib göy çəməndə Xarı Bülbülü
Yadlara hədiyyə aparacaqsa,
Zaman götürəndə süpürgəsini
Qeyrətsiz damğası vurub üstünə
Bizi zibil kimi süpürəcəksə,
Gələcək nəsillər vətənsiz qalıb,
Çaylarsız, dağlarsız, bulaqsız qalıb
Bizim qəbrimizə tüpürəcəksə,
Hər iki cahanda cəhənnəmliyəm
Öldürün, öldürün, öldürün məni.

Məni basdırmağa fürsət verməyin,
Qəbir qazanlara zəhmət verməyin.
Keçməsin heç kəsdən əziyyət mənə,
Qəti lazım deyil, bu xidmət mənə.
Atın meyidimi, atın çöllərə,
Qurd-quşa yem olan bir cəmdək kimi.
Məni keçmiş kimi unutsun ellər,
Yadına salmasın gələcək kimi.
Torpaq itirəni, torpaq götürməz.
Yalnız igidlərə yer versin vətən,
Yalnız şəhidlərə yer versin vətən,
Qarabağ dərdinə dərman yoxdusa,
Qaytarın sözündə fərman yoxdusa,
Mənim olmadısa mənim olanlar
Ölmürsə, ruhuma qənim olanlar
Sabahı görməyən sözdədi günah,
Səndədi, məndədi, bizdədi günah!
Mənim olmadısa mənim olanlar,
Ölmürsə ruhuma qənim olanlar.
Sabahı görməyən sözdədi günah,
Səndədi, məndədi, bizdədi günah
Öldürün, öldürün, öldürün məni.


GECİKMİŞ ETİRAF
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ