25 İyu 01:15GÜNDƏM / TARİX

Müsəlmanların ilk qibləsi hara olub? Yerusəlim, Məkkə, yoxsa…?

Müsəlmanların ilk qibləsi hara olub? Yerusəlim, Məkkə, yoxsa…?

Bu gün dünya əhalisinin təxminən yarısı islam dininə sitayiş edir. Hər bir müsəlman gündə beş dəfə namaz qılır, dinin müxtəlif rituallarına əməl edir. Hər il milyonlarla müsəlman həcc ziyarətinə gedir, Məkkədə, Kəbə ətrafında müxtəlif dini ayinləri yerinə yetirirlər. Bu gün Məkkə dünya müsəlmanlarının əsas şəhəri, qibləsi hesab olunur. Bütün müsəlmanlar tərəfindən inanılır ki, Məkkə islamın ilk şəhəridir, “bütün şəhərlərin anası”dır (Um-əl Korra). Lakin son illər arxeoloji tədqiqatlar, eləcə də o dövrdə yaşamış tarixçilərin, səlnaməçilərin əsərlərinin diqqətli təhlili onu göstərir ki, Məkkə İslamın ilk şəhəri olmamışdır. Çünki bu günkü Məkkə şəhərinin altında heç bir arxeoloji tapıntılar, qədim şəhərin qalıqları aşkar olunmayıb. Bu gün Ərəbistan yarımadasında həyata keçirilən tikinti işləri zamanı mütləq Mədəniyyət nazirliyinin bir nümayəndəsi iştirak etməlidir. Lakin günümüzün Məkkəsində aparılan çoxsaylı tikinti işləri gedişatında buna şahid olmuruq. Bundan başqa, maraqlıdır ki, “Quran”da “Məkkə” adı yalnız bir dəfə – “Qadağan olunmuş yer”, “Müqəddəs ev” və “Ağlaşma yeri” (Bəkkə) kimi xatırlanır. Üstəlik, “Məkkə” adına 740-cı ilədək heç bir mənbədə rast gəlinməmişdir. O dövrün xəritələrinə nəzərə saldıqda açıq-aşkar görünür ki, Məkkə heç karvan yollarının üzərində də yerləşmirdi. Bundan başqa, Buxari və digər tarixçilərin qeyd etdiyi kimi, Məkkə yaşıllıqların, meyvə ağaclarının, su kanallarının bol olduğu yer deyildi. Heç burada məhsuldar torpaqlar da yox idi.

Bəs min illərdir İslamın əsas şəhəri, qibləsi deyilən yer hara idi?

Tarixçilərin, eləcə də, arxeoloqların tədqiqatlarına görə, bu şəhər hazırda İordaniyada yerləşən qədim Petra şəhəri olmuşdur. Bu gün Petra şəhəri turistlərin üz tutduqları ən gözəl yerlərdən biridir. Petranın müsəlmanların ilk şəhəri, ilk qibləsi olması fikri bir neçə istiqamətdə sübut olunmuşdur. Əvvəla, onu qeyd etmək yerinə düşərdi ki, islam tarixçilərinin, eləcə də qədim mətnlərin göstərdiyi bütün əlamətlər bu şəhərə uyğun gəlir. Petra şəhəri Nəbatilər dövlətinin paytaxtı olub. Məhəmməd peyğəmbərin babası və atası da bu şəhərdə anadan olub. Petra şəhərində məhsuldar torpaqlar, bol meyvəli bağlar, su kanalları mövcud olub. Üstəlik, şəhər ticarət yollarının kəsişməsində yerləşirdi. Buxarinin öz əsərində “Məhəmməd Məkkəyə yuxarı tərəfdən daxil olur, aşağı tərəfdən isə çıxırdı” ifadəsi Məkkənin coğrafi mövqeyi ilə heç cür uzlaşmır, əksinə Petra ilə bütünlüklə üst-üstə düşürdü.

Bu gün aparılan tədqiqatlar nəticəsində İslamın ilkin dönəmlərində tikilmiş bir neçə məscidin qibləsinin təyin edilməsindən aydın olur ki, onların hamısı Yerusəlim şəhərindən cənubda – Petra şəhərinin üzərində kəsişir. Belə ki, 627-ci ildə tikilmiş Çinin Quanjou, 641-ci ildə Misirin Fustat, 700-cü ildə Cənubi İordaniyanın Umayyad Sarayı, 701-ci ildə Livanın Ba’albek və İordaniyanın Əmman, 705-ci ildə Yəmənin Səna, 706-cı ildə İsrailin Xirbat-əl-Minya, İraqın Vasit və Yerusəlimin Əl-Əqsa, 724-cü ildə Qərb sahilində yerləşən Xirbat-əl-Mafjar və Livanın Əncar məscidlərinin qibləsinin təyin edilməsi nəticəsində sübut olunur ki, bütün bunların hamısı bir nöqtədə – Petra şəhərinin üzərində kəsişir. Bu məscidlərdən bir çoxunun isə sonralar yenidən inşa edilərək, qiblələrinin dəyişdirilərək bu günkü Məkkə şəhərinə istiqamətləndirildiyi bilinir.

Bəs zahiri cəhətədən “Məkkə” sözü ilə oxşarlıq təşkil edən “Bəkkə” haradır? Yuxarıda da qeyd etdiyimiz kimi, “Bəkkə” sözünün mənası “ağlaşma yeri” deməkdir. Lakin bu, indiki Yerusəlimdə Ağlama divarı ilə heç bir eynilik təşkil etmir. Hətta İsmayılın anası Həcərin su tapmaq üçün var-gəl etdiyi, ağladığı yer də Bəkkə ola bilər. Son tədqiqatlardan bu nəticəyə gəlmək olur ki, Bəkkə elə Petra şəhərində olub. Çünki Məhəmmədin anadan olmasından 19 il əvvəl, yəni 551-ci ildə Petra şəhərində dağıdıcı zəlzələ baş vermiş və çoxlu insan tələfatı olmuşdur. Bəlkə də “ağlaşma yeri” ifadəsi elə buna görə yaranmışdır.

Məhəmmədin qəbiləsinin – Qüreyşilərin yaşayış yerinin də indiki Məkkə və Məkkə civarında olmadığı qeyd olunur. Buranın lokalizasiyası Petra şəhərindən 45 km məsafədə yerləşən Umeyma şəhəri ilə üst-üstə düşür.

Əgər doğrudan da, İslamın ilk şəhəri, ilk qibləsi Məkkə deyil, Petra şəhəri olubsa, bunun İslam dininin doqmalarına, min illərdir insanların beyinlərinə hopan ehkamlara nə kimi təsir göstərəcəyini deyə bilmərik. Amma doğrudan da, bütün tədqiqatların ucu bizi Petra şəhərinə gətirib çıxarır.

Bu tədqiqatların başında ömrünün 20 ilindən çoxunu Ərəbistan çöllərində yaşayaraq, araşdırmalar aparan tarixçi Dan Gibson durur. (libre.az/)


Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ