18 Avq 02:41GÜNDƏM / Köşə

HƏRBİ JURNALİSTDƏN SƏRT ETİRAZ: AZƏRBAYCANIMIZI QORUYAQ!

HƏRBİ JURNALİSTDƏN SƏRT ETİRAZ: AZƏRBAYCANIMIZI QORUYAQ!

Üzeyir Cəfərov

Əziz dostlar! Hörmətli həmkarlar!
Son dərəcə əsəbi və gərgin bir vəziyyətdə bu fikirlərimi sizlərlə bölüşmək istəyirəm. Mənə elə gəlir ki, deyəsən Rusiyanın başıpozuq siyasi-hərbi rəhbərliyi özünü həqiqətən də axırıncı yola qoyub. Və onların bu hoqqabazlığını da bizim bəzi vəzifəlilər ya bilərəkdən, ya da bilməyərəkdən gündəmə gətirməklə onsuz da tarıma çəkilən əsəblərimizi tam pozmaq istəyirlər.
Bir vaxtlar iki dəfə cəhd etdiyim, amma sıralarında məndən daha "layiqli" biznesmen Rüfət Quliyev və ondan da daha imkanlı, daha çox qollu-budaqlı, "cavan oğlan" Hüseynbala Mirələmovun özlərinin, pullarının və daha etibarlı havadarlarının sayəsində özümə yer qazana bilmədiyim Milli Məclisdə kifayət qədər savadlı, ağıllı və Azərbaycana bağlı insanlar hər zaman olub. Və həmən insanlara şəxsən tərəfimdən böyük etiram və sayğı göstərilib və göstərilir. Çünki, məhz onların digərlərindən fərqli yüksək intellekti və bacarığı sayəsində bir sıra mükəmməl qanunlarımız qəbul edilib. 125 nəfərlik deputat korpusunda Azərbaycanı həqiqətən də ürəkdən sevən xeyli ziyalılarımız var. Gizlətmirəm, mənə dost olan xeyli yoldaşlar da orada təmsil olunurlar. Siz o 3-5 nəfər ağzının qatığını dağıdan, danışığını bilməyən bəzi bəlli müftəxorlara fikir verməyin. O bədbəxtlər istər keçmiş SSRİ dönəmində olsun, istərsə də indi müstəqilliyimiz vaxtı hələ də hansı məhsəbə qulluq etdiklərinin özləri üçün ayıra bilməyiblər. Bir sözlə, mövqesiz, hətta ağır səslənsə də, əqidəsiz bir neçə nəfəri çıxmaq şərti ilə, Milli Məclisdə kifayət qədər ciddi insanlar var. Onlardan biri də, hüquqi məsələlər və dövlət quruculuğu üzrə komitəsinin sədri Əli Hüseynlini hesab etmişəm. Ancaq, bu gün onun mətbuatda açıqlanan çox zərərli və Azərbaycanın əsla xeyrinə olmayan fikirləri məni məcbur etdi ki, ona və onun kimi düşünən bəzi şəxslərə sözümü çatdıram. Cənablığı və yoldaşlığı hələ də tam dəqiq bilinməyən həmvətənlərim! Son dərəcə EHTİYATLI və DİQQƏTLİ olun! Azərbaycanın hazırda erməni generalının rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) mümkün üzvlüyü haqqında axmaq və zərərli fikirləri dilinizə belə gətirməyə çalışmayın. Mən sizi anlayıram, amma hesab edirəm ki, deyəsən bu gen-bol, yəqin ki, rus dost-aşnalarınızın çevrəsində keçirdiyiniz yay istirahətinizin proqramı, çox "zəngin və yaddaqalan" olub. Siyasətdən də azdan-çoxdan xəbərimiz də var, məlumatımız da. Şükürlər olsun ki, heç bir siyasi mənsubiyyətimiz olmadan doğma Azərbaycanımızı hər zaman sevmişik, sevirik və inşallah sevəcəyik. Onun uğrunda Siz Əli Hüseynli də daxil olmaqla, ÇOXLARINIZDAN fərqli olaraq əlimizdə silah həmən təriflədiyiniz rus-erməni alçaqlarına qarşı da döyüşmüşük. Lazım olacaqsa, yenə əlimizdən gələni edəcəyik. Çox dərinə getmək istəmirəm. YIĞIŞDIRIN bu axmaq fikirləri! Azərbaycan dövləti nə rusun, nə digərlərinin oynadıqları HEÇ bir siyasi hoqqabazlıqlarda olmamlıdır. Sizin kimi ağıllı insan özü də gözəl bilir ki, bu gün başımıza gəlmiş və gələn faciələrin HAMISINDA Rusiyanın yekəxanalığı və bizə yuxarıdan aşağı baxması durub, durur.
Heç bir KTMT, nə bilim GTMT olmamalıdır və olmayacaq. Başa düşün ki, bu fikir ya sizin özünüzün, ya da sizi qabağa verən kimindirsə, çox yanlış və zərərlidir. 25 ilə yaxındır biz Rusiyanın boşboğaz və məqsədyönlü siyasətinin nə olduğunu işğal altında saxlanılan Qarabağla bağlı həm görmüşük, həm də görürük. Bir söz də deyim, məncə siz anlayacaqsınız. Bizə qardaş olan Türkiyənin son dönəmlərdə üzləşdiyi böyük çətinliklərin də kökündə, rəsmi Ankaranın gedib Moskvanın qucağında yer alması kimi YANLIŞ addımlar durur.
Azərbaycanımızı qoruyaq! Nə qədər çətin, nə qədər ağır şərtlər olsa da belə, bizim haqqımız yoxdur ki, yenə bizə hökmranlıq etməyə can atan Rusiyanın ədabaz, yekəxana, hiyləgər yaramazlarını başımıza çıxaraq. Rusiyanın sonu çox ağır və fəlakətli olacaq. Bunu anlamaq və görmək üçün heç də uzağa getmək, böyük-böyük kitablar oxumaq gərək deyil. Dünya dəyişib, çox şeylər də dəyişəcək.
Tanrı Azərbaycanımızı mövqesiz, düşüncəsi onun-bunun əlində olan zehniyyətlədən qorusun!
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ