17 Noy 01:51GÜNDƏM / TƏHSİL

ƏDƏBİYYATŞÜNASLIQDA TƏDQİQ OLUNMAYAN BİR JANR: MƏKTUB ƏKBƏR NƏCƏF


ƏDƏBİYYATŞÜNASLIQDA TƏDQİQ OLUNMAYAN BİR JANR: MƏKTUB ƏKBƏR NƏCƏFAzərbaycan ədəbiyyatında müstəqil bir janra çevrilən məktub və ya məktubat xüsusi bir araşdırmaya mövzu təşkil edəcək qədər geniş və şaxəlidir. Məktub siyasət, diplomatiya, xəbərləşmə sahələrində mühüm bir vasitə olmaqla yanaşı ədəbiyyatımızda ayrı bir janr təşkil edir. Klassik ədəbiyyatımızda bu janrın 16 növü və metodik olaraq 5 qaydası mövcuddur.
Qədim Türk dilində bitig mənasına gələn məktub ədəbiyyatımızda lahika, namə, arzuhal, iltifatnamə kimi adlarla da ifadə edilir. Xalq arasında müxtəlif dövrlərdə kağız, risalə, vərəqə, namiqa, bətik olaraq da adlandırılıb. “Lüğəti-Naci”də məktub belə tərif edilir: “Başqa-başqa yerlərdə olan iki nəfərin bir-birlərinə göndərdikləri kağız, namə və təhrirata məktub deyilir. Qədimdə əmirnamə məqamında yer alırdı”. “Qamusi-Türki”də isə “həm iş, həm də ərzi-məhəbbət və təbrik və təziyə və sairə zimnində bir adəmdən bir adəmə yazılıb göndərilən kağız, bətik, namə, risalə, vərəqə və namika”ya məktb deyilir.
Məktub sözü kitabla eyni kökdən (ktb) olub, mənaca “yazılmış şey” deməkdir. Farsça namə, türkcə bətik və ya bitigdir. Türkcədə bitig sözü eyni zamanda “kitab” mənasına da gəlir.
Məktubun tarixi çox qədimdir. Məktubun yazı ilə paralel orataya çıxdığı şumerlərə aid mixiyazılı mətinlərdən və məktublardan aydın olur. Uzun müddət siyasət və ticarət sahəsində xəbərləşmə vasitəsi olan məktub, hər dövrün və mədəniyyətin üslub və düşüncə tərzinin canlı ifadəsidir. Məktublar dövlət sənədləri və tarix əsərlərindən fərqli olaraq reallığı ən yaxşı əks etdirən mənbə növüdür.

Ədəbiyyatımızda, xüsusilə də divan ədəbiyyatında məktub Səlcuqlulardan (XI-XII əxrlər) etibarən formalaşmağa başlanmış, XIV əsrdən sonra müstəqil bir janra çevrilmişdir. Belə ki, bu dövrdən etibarən mətkublar məcmuə halını almış və münşəat əsərləri ortaya çıxmışdır. Bu münşəat əsərlərinin yazılış və üslub cəhətdən ən nəfis örnəkləri Səfəvilər dövrünə aiddir.

Ədəbiyyatımızda məktub

İslamın ilk dövrlərində inşa elminin bir parçası olan məktub Səlcuqlular dövründə xüsusi bir elmə və sənət əsərinə çevrilmişdir. Sənət əsəri hesab edilməsinə səbəb xətt sənətinin məktublarda xüsusi əhəmiyyətə sahib olmasından və xitabətin bütün incəliklərini ifadə etməsindən qaynaqlanır. Məktub bir fikri, ifadəni çatdırmaq üçün yazan və ya yazdıran tərəflə birlikdə onu yazıya keçirən katibin də ustalığını və elmini nümayiş etdirirdi.
ƏDƏBİYYATŞÜNASLIQDA TƏDQİQ OLUNMAYAN BİR JANR: MƏKTUB ƏKBƏR NƏCƏF


















Ədəbiyyatımızda məktub müstəqil bir janr qəbul edilir. Ədəbi mətinlərdə məktub ərizə, şukka, namə, uhuvvətnamə, məvəddətnamə, məhəbbətnamə, təzkirə, vərəqparə və kağız kimi adlar altında qeyd edilir. Apardığımız araşdırmalar nəticəsində ədəbiyyatımızda bu janrın 16 növünün olduğunu müəyyən edə bildik. Bunlar:
1. Təbriknamə, təhniyətnamə
2. Cavabnamə
3. Məvəddətnamə, uhuvvətnamə, məhəbbətnamə, şövqnamə
4. Təziyətnamə
5. Təşəkkürnamə, şükürnamə
6. Təkriznamə
7. Dəvətnamə
8. Niyaznamə
9. Tələbnamə
10. Şövkətnamə, müavinətnamə, müxlisnamə
11. Tövsiyənamə
12. İrsalnamə
13. İlamnamə
14. Şikayətnamə
15. İyadətnamə
16. Duanamə
Hər biri xüsusi bir məramı və məqsədi ifadə edən bütün bu növlər bəzən öz daxilində də növlərə ayrılır. Münşəat məcmuələrində bütün bu məktub növlərinə aid çox sayda nümunələr yer alır. Hansı məktubun hansı növə aid olduğu məktubların giriş hissəsində mühtəva adlanan yerində qeyd edilir.
Təbriknamə - təhniyətnamə: hər iki kəlmə də “təbrik etmək” mənasına gəlir. Gözəl bir hadisə, sevindirici bir xəbəri ifadə etmək üçün yazılan təbriknamələr əsasən dövlət və əslzadələr tərəfindən tərcih edilmiş məktublardır. Bunlardan təbriknamələr üst sinifin alt sinifə, təhniyətnamələr isə alt sinifin üst sinifə yazdığı məktubları ifadə edirdi.

Cavabnamə: yazılmış bir məktuba və ya yazılı olaraq verilmiş bir suala cavab mahiyyətində yazılan məktubları əhatə edir. Bəzi hallarda dövlət başçıları və məmurları tərəfindən bir məsələnin həlli və öyrənilməsi məqsədilə müxtəlif dövlət dairələrinə və məmurlara suallar tərzində məktublar göndərilir, onlar da həmin məktublara cavabnamələr hazırlayırdılar.
ƏDƏBİYYATŞÜNASLIQDA TƏDQİQ OLUNMAYAN BİR JANR: MƏKTUB ƏKBƏR NƏCƏF

Məvəddətnamə, uhuvvətnamə, məhəbbətnamə, şövqnamə: bir-birinin dostu və qardaşı olan insanların söhbətlərini əks etdirən yazışmalar. Əsasən sevgi, dostluq, qardaşlıq xarakteri daşıyan belə məktublar yazan tərəflərin qarşılıqlı olaraq bir-birinə yaxşılıq, gözəllik, uğur təmənniləri ilə zəngindir. Ədəbi cəhətdən gözəl üslub və söz sənətinin incəliklərini ifadə edən belə məktublar həm yuxarı siniflər, həm də eyni səviyyədə olan insanlar arasında başlıca xəbərləşmə vasitəsi idi. Belə məktuplar Hindistanda türk əslli Baburşahlar dövründə avropalıları çox təsirləndirmiş və başda İngiltərə olmaq üzrə Avropada sürətlə yayılmışdır.

Təziyətnamə: taziyə və ya təziyə “səbr etmək” mənasında ərəbcə əza sözündən yaranıb, baş sağlığı məktubu idi. Həyatını itirmiş şəxsin yaxınlarına göndərilirdi.
Təşəkkürnamə, şükürnamə: göndərilən bir hədiyyə, sovqat və yaxşılıq müqabilində təşəkkür mahiyyətdə yazılan məktublar. Siyasi dairələrdə kiçik rütbəli məmurlar tərəfindən yüksək rütbədəki məmurlara göndərilən belə məktubların bir çox nümunəsi mövcuddur.
Takzirnamə: bir şairin qələmə aldığı əsəri tərifləmək məqsədi ilə məsləkdaşları tərəfindən yazılan məktublar. Belə məktublar əsasən ədiblər və onların himayədarları arasında cərəyan edirdi.

Dəvətnamə: çağrı, ziyafət və dua mənasına gələn dəvət sözündən yaranan dəvətnamələr toy-büsat, düyün-dərnək, məclis, ziyafət kimi həm dövlət, həm də məişət səviyyəsində xəbərləşmə məktublarını əhatə edirdi.
Niyaznamə: istək və dua mənasına gələn niyaz məqsədilə yazılmış məktublar istək, arzu, xahiş məramı daşıyırdı. Niyaznamələr əsasən aşağı sinifdən olan insanların rəsmi dairələrə yazdığı məktublar idi.
Tələbnamə: əldə etmək, istəmək mənasına gələn tələb sözü bu niyyətlə yazılmış məktubların növünü ifadə edirdi. Tələbnamə məktublarının başlıca xüsusiyyəti bir başa bir tələbi ən aciz dillə ifadə etməsi idi. Münşəat dəftərlərində yer alan belə məktublar maaş, yardım, vəzifə tələbi ilə fərqli siniflərdən insanlar tərəfindən yazılıb.
Şövkətnamə, müavənətnamə, müxlisnamə: köməyə və yardıma möhtac insanları himayə etmək üçün yazılan məktublar.
Tövsiyyənamə: birini bir maqama və ya vəzifəyə tövsiyə xarakterli məktublar.
İrsalnamə: hədiyyə ilə birlikdə göndərilən məktub və sifariş xarakterli namələrə verilən ad.
Ilamnamə: ilam “bildirmək, anlatmaq” mənasına gəlir. Məhkəmələrin verdiyi hökmün surətinin yazıldığı məktublar. Orduda və rəsmi dairələr arasındakı yazışmalar da bu növə daxildir.
Şikayətnamə: bir zərəri, çətinliyi, maddi və mənəvi təzyiqi yuxarı maqamlara ərz edən məktublara şikayətnamə deyilirdi. Divan ədəbiyyatında buna ən yaxşı nümunə Fizulinin Osmanlı sultanı Qanuniyə xitabən yazılan “Şikayətnamə”sidir.
ƏDƏBİYYATŞÜNASLIQDA TƏDQİQ OLUNMAYAN BİR JANR: MƏKTUB ƏKBƏR NƏCƏF

İyadətnamə: xəstə olanın halını, birinin vəziyyətini soruşmaq məqsədilə yazılan namələr.
Duanamə: bir nəfərin yaxşılığını istəmək, Allahın rizasını qazanacaq işə və əmələ sahib olmasını dua etmək məqsədilə yazılan məktublar.
Məktup üslubu
Məktublar ifadə, xitab, məqsəd və məram olaraq müəyyən bir üsluba və metodik qaydalara uyğun yazılırdı. Münşəat məcmua\ələrində yer alan məktubların metodik olaraq 5 yazılış qaydasından bəhs edə bilərik:
1. Əlkab
2. Dibaçə
3. Tələb
4. Dua
5. İmza
Əlkab: hər məktubun başında əlkab adlanan məktubu göndərən şəxsin kimliyini, dərəcəsini, maqamını ifadə edən xüsusi işarəni və ya sözü ifadə edirdi. Əlkab “ləqəb qoyma” mənasına gəlir. Burada rütbəni, siyasi, dini, mədəni mövqeyi ifadə edən söz əks olunurdu. Göytürklərdən (VI əsrdən) XX əsrin əvvəllərinə qədər bütün türk (hətta monqol) dövlətlərinin məktubları bir qayda olaraq “Sözümüzdür” və ya “sözümüz” ifadəsilə başlayırdı. Bunun kimi müxtəlif şəxsi məktublarda “baisi-saadətim”, “vəli nemətim”, “göz nurum”, “validə-i şövkət küstərim” kimi xitablara rastlayırıq.
Dibaçə: başlanğıc mənasına gələn məktubun dibaçı hissəsi məktubun yazılma səbəbinə giriş mahiyyətində idi. Burada gözəl sözlər, ifadələr, qəlbi oxşayan cümlələr yer alırdı. Misal üçün “ey mənim can evimin sultanı” kimi...

Tələb: məktubun istək hissəsinə tələb deyilirdi. Tələb məktubun orta və əsas hissəsini təşkil edir və burada tələb edənin istək və xahişləri sıralanırdı. Ümumiyyətlə məktubların bu hissəsi dostluq, qardaşlıq, sevgi, eşq, əhdə vəfa, dilək, istək, düşmanlıq, şikayət, arzu, xahiş, dini, siyasi və təsəvvüfu məsələlərdə sual və cavablar, ədəbi fikir, tənqid, insanın səhhəti və vəziyyətini ifadə edən məsələlər əks olunurdu. Məktubların tələb hissəsi qəlbləşən ifadələrdən aydın olurdu. Bu ifadələr “badə əz-dua mütəvakkidür ki”, “ifadəi-məramımız oldu ki”, “ərizəmiz oldur ki” cümlələri ilə başlayırdı. Belə sözlərə “xilas, qurtuluş” mənasına gələn “xəlas”dan törədilmiş bir ifadə ilə təxəllüs deyilirdi. Tələbin məram hissəsi “ricamızdur”, “məsulumuzdur”, “niyazımdur”, “baki fərman sultanımındur” kimi ifadələrlə aydın olurdu. Əgər bir məktubda tələb hissəsi yoxdursa, həmin məktub əhmiyyət kəsb etmir və sərnamə xarakteri kəsb edirdi.
Dua: Hər məktubun son sətirlərində yer alıb Allaha edilən dua, niyaz və təmənni ifadələrini əks etdirirdi.
ƏDƏBİYYATŞÜNASLIQDA TƏDQİQ OLUNMAYAN BİR JANR: MƏKTUB ƏKBƏR NƏCƏF
İmza: məktubun sonunda yazan və ya yazdıran şəxsin imzası yer alırdı. Məktublarda nadir hallarda tarix qoyulsa da, məktubların imzasız göndərilmədiyi aydın olur. İmza əsasən məktubun altında sol alt boşluqda yer alırdı.

Şah I Təhmasb ilə Qanuni Sultan Süleyman
arasındakı məktuublaşma


Səfəvi şahı I Təhmasb ilə Osmanlı sultanı Qanuni Süleyman müxtəlif məqsədlərlə dəfələrlə məktublaşıblar. Həmin məktubların böyük hissəsi “Düstur əl-inşa”, “Məcmuə-i məkatib-i müluk”, “Münşəat əs-səlatin” və “Münşəat-i ətik” adlı günümüzə qədər qorunan münşəat dəftərləri arasında yer alır. Bu məktublar arasında ən çox diqqəti cəlb edən və divan ədəbiyyatı və diplomatiya tariximiz üçün qiymətli sənəd hesab olunan Şah Təhmasbın Qanuniyə yazdığı və Qanuninin ona cavabladığı məktubdur. Həmin məktublar Türkiyə Milli Kitabxana Əlyazmaları kolleksiyasında 06 Mil. Yz.A.3291-də yer alan və indiyə qədər nəşr olunmayan “Məcmua-i əşar” və “Məcmuə-i məkatib-i müluk” dəftəri arasında qeyd alınıb.

Təhmasb ilə Qanuni arasında gerçəkləşən bu məktublaşma iki Türk hökmdarının şeir dilinin gözəlliyini, üslub zənginliyini, incə zəkasını və bir-birinə nə qədər incə və təsirli ifadələrlə meydan oxuduqlarını əks etdirir. Lirika və ədəbi üsul baxımından (qafiyələrin düzülüşü) Təhmasbın məktubun daha gözəl və mükəmmlə olduğunu da etiraf etməliyik.
Səfəvi şahı Təhmasbın Sultan Süleymana məktubu:
Şahi-Mərdan dövlətində geydiyim narəncidir,
Nara qarşı durmazam, zira məni nar incidir.
Şah Süleyman gəldi bizdən el, vilayət istədi,
Bir yola qoyduq biz onu, yol əri zar incidir.
Xanəsindən çıxıban, dağlara düşsə bir kişi,
Bad əsər, baran yağar, zəhmət çəkər, kar incidir.
Hər nə gəlmişsə cahana, yol ilə gəlmiş durur,
Bir qədəm taşra düşən biganəyi xar incidir.
Şah Tahmasam, cahanda şahbəşah nəsli Əli,
Yar ilə yar olmuşam, sanma məni yar incidir.
(Məcmua-i məkatib-i müluk, 49b)
Osmanlı sultanı Qanuni Süleymanın Şah Təhmasba cavab məktubu:
Al-i Osman dövlətində geydiyim turuncudur,
Mürtədi-din olanı yir yidər, nar incidir.
Qaçuban kanda varasun tərki-diyar eyləyib,
Xainin miracıdır axır onu dar incidir.
Seydi-naxçir etməgə dağlarla dostsa bir kişi,
Adətidir ovçunun daim onu kar incidir.
Görmədin mi seyyidi sən, yol ilə nə etdigin,
Sor elindən Xan Səlim etdiyini ar incidir.
Şah Süleymanam, cahanda al-i Osman nəslim,
Sancağı İslam mənimdir küfr-iman incidir.
(Məcmua-i məkatib-i müluk, 49b-50a)
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ