25 Dek 11:11GÜNDƏM / POEZİYA

Əhməd Cavadın dostundan əzbərləyib, sonra da cırıb atmasını istədiyi məşhur şeiri

Əhməd Cavadın dostundan əzbərləyib, sonra da cırıb atmasını istədiyi məşhur şeiri

1936-cı ildə repressiyaların çağlayan vaxtlarında Əhməd Cavad vaxtilə Gəncədə Kənd Təsərrüfatı İnstitutunda bir yerdə işlədiyi müəllim yoldaşıyla şəhər bağında gəzişirmiş. Oradan-burdan danışandan sonra şair yoldaşından bir xahiş edir...

Deyir ki, indi sənə bir şeir verəcəm, onu oxu, əzbərlə və cır. Zamanı gələndə üzə çıxar. Müəllim şairin sözlərinə əməl edir. Şeiri əzbərləyir, kağızı cırır. 1937-ci ildə Əhməd Cavadı tuturlar. Və bir müddət sonra 15-20 dəqiqə sürən “məhkəmə”ylə güllələnir...

Şairin müəllim yoldaşı uzun bir ömür yaşayır. Şeir də heç kəsə söylənmədən onun yaddaşında qalır. Ta 1988-ci ilə kimi. Ölümünə bir az qalmış müəllim oğlunu yanına çağırır və şeiri öz oğluna əzbərlədir. Hələ Sovetlər dağılmayıb. Odur ki, ata oğluna şeiri yaddaşında saxlamağı xahiş edir. “Susmaram!!!” bu dəfə oğulun hafizəsinə köçür .

90-cı illərdə təhlükənin sovuşduğunu görən oğul – Fazil Məmmədov şeiri yaddaşından dilinə ötürüb, ara-sıra məclislərdə səsləndirir. Nəhayət, bir xeyirxah təşəbbüslə şeir 2004-cü ildə “Gəncəbasar” qəzetində çap olunur. 68 ildən sonra üzə çıxan şeir budur:

Susmaram!!!
Mən bir qulam, yük altında
əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məhkumam,
ahu-zardır sirdaşım...
Damğa vurub, zəncirləyib
tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər
məskən olmuşdur mana...
Mənə «dinmə, sus!» - deyirsən,
nə vaxtacan susacam?
Böhranların, hicranların
məhbəsində qalacam?!
Niyə susum, danışmayım,
insanlıqda payım var,
Mənim ana Vətənimdir
talan olan bu diyar?!
Niyə susum, danışmayım,
türk yurdudur bu torpaq?!
Oğuzların, Elxanların
Vətənində kimdir bax!
Susmayacam!!! Qoy atsınlar
yük altında ölüncə
Təhqirlərə dözə-dözə
düşmən mənə gülüncə...
Süd verərkən doğma anam
belə demişdir mənə:
Səni qurban bəsləyirəm
türk yurduna-- Vətənə!
Bu dünyada azadlığı
şan-şöhrətdən üstün tut,
Alçaqlığı, yaltaqlığı,
rəzilliyi sən unut!
Sənin sevgin Vətən olsun,
millət olsun, mən olum,
Südüm sənə haram olsun
xəyanət etsən, oğlum!
Necə susum, danışmayım,
mən eləyim xəyanət?
Hanı sevgi, hanı Vətən,
di harada qaldı millət?!
Mən bir qulam, yerim altun,
suyum gümüş, özüm ac...
Atam məhkum, anam salih,
elim hər şeyə möhtac!
Dil yaranıb danışmağa
mən danışa bilmirəm,
Aç qəlbimi, yar sinəmi
ciyər vərəmdir-vərəm...
Koramal tək sürünməkdə
denən varmıdır məna?
Nə vaxtacan çörək üçün
girək hər alçaq dona?
Mən Azəri övladıyam,
dərin əqlim, zəkam var,
Nə vaxtacan çiynimizdə
gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var,
məhkumluq var, mən varam!
Zülmə qarşı üsyankaram,
əzilsəm də SUSMARAM!!!
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ