25 Dek 11:49GÜNDƏM / Köşə

"HƏR SAHƏDƏ UDUZAN JURNALİSTİKAMIZ"

"HƏR SAHƏDƏ UDUZAN JURNALİSTİKAMIZ"

Xaqani Ədəboğlu

Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında yoldaşlıq oyunu keçirilib.
Bu gün futbol oynamağa ölkədə 11 nəfər jurnalist tapılırsa, bu böyük bir nailiyyətdir. Amma gərək ki, bu deputatlara uduzmayaydılar. Onsuz da Azərbaycan jurnalistikası transferlərə öyrəncəlidir. Bu sahə, bütün yarımçıq peşə sahiblərinin meydanıdır. Məsələn, kolxozlar dağılandan nə qədər baytar, zootexnik şprislərini. yabalarını tullayıb bu sahəyə gəldilər. Orada ölmüş heyvanlara akt yazardılar, burada da elə ona oxşar şeylər yazarlar. Hələ santexnikləri, şoferləri, çilingərləri və s. demirəm. Deyəcəyim o ki, gərək atışıb Ronaldodan-zaddan bir günlük icarəyə götürüb bu deputatların dərsini verəydilər. İndi xalq bu deputatların qabağında dura bilməyəcək. Yetəni futbolda duelə çağıracaq və "qələmini sındıracaqlar".

Başqa bir tərəfdən Prezidentin ad gününə həsr olunmuş turnirdən QƏLƏBƏNİ deputatlar ölkə başçısına ərməğan etdilər. Bəs sizin ortaya qoyduğunuz məğlubiyyətin "yiyəsi" kim oldu?

Amma düşünürəm ki, bu ənəni genişləndirmək lazımdır. Elə parlamentin mürgülü iclaslarındansa, bütün qərarları, büdcəni və s. bu cür müzakirə etmək daha məqsəduyğundur. Məsələn büdcə layihəsini müzakirə etməkdənsə, qoy Baş nazirimiz öz komandasını götürüb gəlsin. Parlament komandası qalib gəlsə büdcə layihəsinə deputat maaşlarını hər qola görə bir misil qaldırsınlar. Yox əksinə olsa, büdcəni qəbul etsinlər, iş bitsin. Özü də bilet satışının təşkilini xalqımızın dəyərli reket jurnalistlərinə həvalə etsinlər. İnanıram ki, bu "siyasi oyunlar" barədə bütün dünyada həsədlə danışacaqlar. Həm də idman ölkəsi olduğumuzu bir daha görəcəklər. Yoxsa neçə illərdir ki, mən hər il səbrsizliklə çox hörmətli Artur müəllimin hesabatlarını gözləyirəm. Amma bircə cümlə düzəldib ortaya çıxara bilmədiyimə görə özümü qınayıram. 5 il jurnalistikada oxu, məruzədən bir cümlə tuta bilmə. Elə ona görə də jurnalistikaya qeyri sahələrdən transferi də artırmaq lazımdır...

Jurnalistikamız bu dəfə futbolda bizləri biyabır elədi. Mənzil paylanışından sonra yeni-yeni el arasına çıxırdım ki, bu biyabırçılıq araya düşdü. Yaza bilmirsiniz, deyək cəhənnəm, ondan -bundan çırpışdırıb yola verirsiniz. Bəs heç olmasa topu oğurlayıb gizləyəydiniz də. Kadrlara baxmışam, məncə heç deyəsən meydançada top yox idi? Bəlkə də top yaddan çıxmışdı? Ən yaxşı oynayanlar isə o qara paltarlılar idi. Sən demə onlar da, nə jurnalist, nə də deputat imişlər...

Jurnalistlərimiz deputatlarımıza da uduzdular. Onsuz da udsaydılar da yazacaqdım ki, bu cür futbol oynaya bilirsinizsə, bu jurnalistikada nə ölümünüz var?

Elə yaxşı ki, uduzdunuz. Ən yaxşı yer jurnalistikadır. Çünki jurnalistikada tək qapıya oynayırıq...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ