12 Yan 02:41GÜNDƏM / ARAŞDIRMA

Erkən orta əsrlərdəki Azərbaycan Renessansı

Erkən orta əsrlərdəki Azərbaycan Renessansı
Ramiz Dəniz
Araşdırmaçı, müharibə veteranı


Bəzi alimlər qeyd edir ki, Marağadakı və digər İslam ölkələrindəki alimlər qədim yunan alimlərinin əsərlərindən istifadə edərək, köçürücü funksiyasını yerinə yetirmişdilər.

Əlbəttə, belə bir fikir ilə qətiyyən razılaşmaq olmaz. Qədimdə yaranan elmi əsərlərin surətləri çoxaldılan zaman onların inkişaf etdirilməsində Şərq alimləri elmdə əsl inqilab etmişdilər. Avropadan qabaq Renessans mədəniyyətinin şərqdə yaranmasını iddia etsək, biz bu məsələdə heç də yanılmarıq.

Renessans mədəniyyətini yalnız onun vətəni sayılan İtaliya (XIV-XVI əsrlərdə) və ya Avropaya (XV-XVI, hətta XVII əsrlərdə) aid edən baxış- Şərqi bu prosesdən kənarda qoymağa çalışaraq, onun Qərb mədəniyyətindən gerililiyi, bununla da “Avropa mərkəzçiliyini” təsdiq etməyə cəhd göstərir.

Şərq Renessansı məsələsi Qərb alimləri arasında əsasən bu baxımdan mübahisə törədir ki, İslam Şərqində yaranan mədəniyyət Renessans mədəniyyətini səciyyələndirən əsas əlamətlərdən fərqli olub onların heç də hamısına cavab vermir.

Əvvəla, bu baxışı Qərbin heç də bütün şərqşünasları müdafiə etmir. Məşhur İsveçrə şərqşünası Adam Mets IX-X əsrlər İslam mədəniyyətinin tədqiqinə həsr etdiyi əsərini“Müsəlman Renessansı” adlandırmaqla, İslam aləmində “İntibah” adlandırılan bu mədəniyyətin Qərbdən xeyli əvvəl meydana gəldiyinə işarə edir…
Erkən orta əsrlərdəki Azərbaycan Renessansı



















İtaliya və bütövlükdə Avropa Renessansının ən səciyyəvi əlamətlərdən biri kimi həmin İtaliyanın özündə də qədim Yunanıstanda quldarlıq dövründə formalaşmış antik mədəniyyətə müraciət mühüm yer tutur. Bu baxımdan Şərq Qərbi xeyli qabaqlamış, artıq VIII-XII əsrlərdə Çində, habelə Hindistan və İranda, XII-XIII əsrlərdə Azərbaycanda güclü humanist fəlsəfə və ədəbiyyat yaranmış- dünyəvi elm, o cümlədən astronomiya, riyaziyyat, mineralogiya və başqa təbiət elmləri sahəsində görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin (1201-1274) gətirdiyi mühüm yeniliklər özünü göstərir…

Azərbaycan Renessansında antik mədəniyyətə birbaşa müraciət İtaliya və bütövlükdə Avropa Renessansından heç də zəif deyil. Burada Nizami Gəncəvinin dahiyanə “İsgəndərnamə”poemasını və Nəsirəddin Tusinin bütün Şərqdə ona şöhrət qazandıran “Əxlaqi-Nasiri” kitabını və xüsusən onun son 30-cu fəslini tutarlı nümunə hesab etmək olar. Nizami öz şah əsərinin dərin humanist qayəsini açmaq üçün antik mədəniyyətin ellinist mərhələsinin bünövrəsini qoyan Makedoniyalı İsgəndərin və onu əhatə edən tarixi şəxsiyyətlərin, ilk növbədə müəllimi Ərəstunun (Aristotel – R. D.) obrazından istifadə etdiyi kimi, N. Tusi də qeyd etdiyimiz əsərini qədim yunan filosofu Əflatunu (Platon – R. D.) öz şagirdi Aristotelə vəsiyyəti ilə görkəmli antik filosofun 40-dan artıq ibrətamiz kəlam-öyüdü ilə tamamlayır. Bu faktın özü sübut edir ki, N. Tusi antik mədəniyyətin zəngin fikir xəzinəsinin onun dövründə də idrakı-tərbiyəvi əhəmiyyətini nəinki saxladığını, habelə insanın təkmilləşməsi və inkişafında örnək rolunu bununla təsdiq edir 1.
Erkən orta əsrlərdəki Azərbaycan Renessansı
Elm tarixçiləri arasında belə bir fikir yürüdülürdü ki, IX-XIV əsrin şərq astronomları “arxivarius” rolunu oynayırdılar, yəni, onların işləri əsasən, qədim astronomların elmi işlərini dünya elminə çatdırmaqdan ibarət idi.

“İslam astronomiyasının inkişafında Marağa rəsədxanasının rolu: “Renessansa qədər elmi inqilab” əsərinin müəllifi Kolumbiya universitetinin (ABŞ) alimi C. Saliba qeyd etmişdi ki, XX əsrin 50-ci illərinə qədər şərq astronomlarına olan belə bir münasibət, əsasən məqsədəuyğun sayılırdı. Ona görə ki, həmin dövrə qədər praktiki olaraq, XIII əsrdə Marağa şəhərində (İranın Şərqi Azərbaycan hissəsi) yaradılan “Marağa məktəbinin” nümayəndələrinə məxsus olan elmi əsərləri məlum deyildi. Alim haqlı olaraq qeyd edir ki, yarım əsrə yaxın “Marağa məktəbinin” fəaliyyətinə dair aparılan tədqiqat işlərindən belə nəticəyə gəlmək olar ki, ümumiyyətlə ərəb dövründəki astronomiyanın inkişafında “arxivarius” stereotipindən əl çəkmək lazımdır.

Bundan əlavə 1957-ci ildə amerikan alimi V. Roberts göstərmişdi ki, şərq astronomlarının təqdim etdikləri Kainatın modeli Kopernikin təqdim etdiyi modelinə böyük təkan vermişdi.

“Marağa inqilabına” dair həsr olunan çoxsaylı məqalələrin müəllifləri bildirirlər ki, Kopernik tərəfindən elmi inqilabın həyata keçirilməsində bəşəriyyət marağalıların fəaliyyətinə borcludur. Kopernikin, Marağa rəsədxanasının elmi irsinin öyrənməsinə heç bir şübhə yoxdur. Qətiyyətlə bildirmək lazımdır ki, Polşa alimi Marağa rəsədxanasının “ən yaxşı, istedadlı nümayəndəsi sayılır”.

Marağa rəsədxanasının tərtib etdiyi astronomik cədvəllərin Avropada tərtib edilmiş cədvəllərlə müqayisəli tənqidini verən İran alimi Ustad Məhəmməd Rza Hakimi “Danış-e moslemik” (“Müsəlmanların elmi”) kitabında Con Bernalın bu barədə yazdığı aşağıdakı mülahizələrini nümunə gətirir: “…Orta əsrlərdə elmin inkişafı əvvəlcə ləng getsə də, böyük işgüzarlığın və yaradıcı qüvvələrin meydana gəlməsinə səbəb oldu və bu əslində yeni elmlərin yaranmasına gətirib çıxartdı…”. Ulduzları müşahidə etmək, yeni dəqiq müşahidələrin, hesablamaiarın və uzaqgörənliyin lazım olduğunu o dövrdə elmdə görən islamın nüfuzu artmağa başladı və davam etdi.
Erkən orta əsrlərdəki Azərbaycan Renessansı
Elxanilər zamanında tətbiq edilmiş cədvəllər Renessans dövrünə qədər ulduzşünaslıq sahəsində ən yaxşı cədvəllər hesab olunurdu…

…Xarici alimlərdən bir çoxunun o dövr islam alimlərinin elminin əhəmiyyəti, ədəbiyyatımızın və mədəniyyətimizin əzəməti haqqında xeyli söz söyləmələrinə baxmayaraq, hələ də çox adamlar tapmaq olur ki, özlərini elm, elmlər tarixi, fikir, mədəniyyət, fəlsəfə, tərbiyə, əxlaq, sənət və s. haqqındakı əsərlərdə və məqalələrdə o dövr islam alimlərinin adını çəkmir, hətta müsəlman alimlərinin böyük və yaradıcı xidmətlərinə işarə də etmirlər. Belə demək mümkün olduğunu güman etmirəm ki, bu şəxslər İslamdan və islam irsindən tamamilə bixəbər olsunlar. Daha çox güman var ki, onlar o dövr İslam alimlərininn nailiyyətləri haqqında bir növ “susmaq yolunu” əsas götürərək, beləcə öz əməllərini yerinə yetirirlər… Necə ola bilər ki, bir müəllif nücum elmi, onun inkişafı və yeni asimanşünaslıq haqqında kitab yazsın, ancaq İslam alimlərinin və asimanşünaslarının adını çəkməsin?”1.

Bildirmək lazımdır ki, Tusi rəsədxananın daxilində eyni zamanda tərcümə mərkəzi də yaratmışdı. Corc Sarten “Elm tarixi” əsərində yazır: “Əlbəttə, Azərbaycan Marağa tərcümə mərkəzi Nəsirəddin Tusinin rəhbərliyi altında fəaliyyət göstərirdi. Klassik yunan və ərəb alimlərinin tərcümələri hazırlanırdı… Xristianlar öz məlumatlarını fərasətlə bu kitablardan alırdılar. Bu zaman müsəlmanlar çox inkişaf etmişdilər və xristianlar həmin nailiyyəti əldə etmək istəyirdilər”.

Bu problemə toxunan İran alimi doktor Səfa yazır: “Abbasilər dövrünün əvvəlində hicri VI əsrin sonunadək riyaziyyat sahəsində və riyaziyyat elmi bölmələrində məşhur alimlərin meydana çıxmasına baxmayaraq onların əsərlərində çətin anlaşılan, şübhəli məsələlər çox idi. Bu kitablarda bir məsələlər dəqiqləşdirilməli, şərh olunmalı və izah edilməli idi. Bu böyük işi görə biləcək və onu axıra çatdıra biləcək bir alim var idisə, o da… Xacə Nəsirəddin Tusi idi… o, riyaziyyat sahəsində bir çox tərcümələri diqqətlə, incəliklə öyrənib düzəldir, təshih edirdi və nəticədə sistemli, düzgün nöqsansız əsər yaradırdı”.
Erkən orta əsrlərdəki Azərbaycan Renessansı
“Tusinin bu mühüm fəaliyyəti haqqında yazan alimlərin əksəriyyəti göstərirlər ki, o, bu tərcümələrdə yunan sözlərinin yerinə kor-koranə ərəb sözlərini qoymurdu, yunan müəlliflərinin işlətdikləri qəliz riyazi mətləbləri açmağa cəhd edirdi; mahir bir ustad kimi əsərlərin məqsəd və məfhumlarını açmaq üçün düzgün ibarələr işlədirdi; yunan alimlərinin əsərlərinin tərcümələrini riyaziyyat elmini tədris etmək üçün sistemli şəkilə salırdı(1*).

Fakt odur ki, sonrakı illərdə Tusinin yaratdığı elm ocağında aparılan elmi araşdırmaların nəticələri Yaxın şərqə və Avropaya yayılmışdı. Tərəqqipərvər alimlər əldə olunan elmi işlərdən səmərəli bəhrələnmişdilər.

Dövrünə görə dünyanın ən möhtəşəm Elmlər Akademiyası Marağada olub

Marağa rəsədxanası o dövrdə Şərqdə ilk çoxsahəli elm ocağı olduğundan, oranı dünyanın ən böyük Elmlər Akademiyası da adlandırmaq olardı. Marağada aparılan astronomik müşahidələrin, elmi tədqiqatların və araşdırmaların, astronomik cihazların ixtirası, elmi nailiyyətlərin əldə olunması, tədris proqramlarının çoxsahəli olması, buraya cəlb olunan alimlərin və tələbələrin sayının çoxluğu, yazılan elmi əsərlərin bolluğu miqyasına görə Bağdadın “Beytül hükəması”, Ürgəncin “Məmun Akademiyası”nı və dünyanın başqa elmi ocaqlarını çox-çox geridə qoyurdu. Əsas arqument ondan ibarətdir ki, astronomik müşahidələrin aparılması üçün yaradılan həmin rəsədxanada astronomiya və riyaziyyatla yanaşı, tarix, coğrafiya, həndəsə, botanika, fəlsəfə, meniralogiya, fizika, kimya, təbabət, astrologiya, optika, ədəbiyyat, estetika, hətta musiqişünaslıq sahəsi də dərindən öyrənilib ədəbiyyat vəsaitləri kimi təhsil almağa can atan adamlar arasında geniş təbliğ olunurdu. Hər sahə üzrə də, məşhur mütəxəssislər yetişdirilirdi. Artıq məlumdur ki, XIII əsrin görkəmli Azərbaycan alimi, Marağa rəsədxanasının banisi Nəsirəddin Tusinin (1201-1274) rəhbərliyi altında yüzdən artıq alim işləmişdi. Bunları nəzərə alıb bildirmək istəyirəm ki, həqiqi mənada Marağa rəsədxanasının nəzdində Tusinin təşəbbüsü ilə dünyanın ən böyük “Elmlər Akademiyası” yaradılmışdı.
Erkən orta əsrlərdəki Azərbaycan Renessansı
Akademik Maqsud Əliyev Marağa rəsədxanası və onun banisi Tusi barəsində bu sözləri söyləmişdir: “Nəsirəddin Tusi XIII əsrdə Marağa rəsədxanasında əsl Milli Elmlər Akademiyası yaratmışdır. Burada astronomiya, astronomiyanın müxtəlif sahəsi – cihazqayırma, müşahidə alətləri, nəzəri işlər – riyaziyyat, coğrafiyaşünaslıq, minerologiya, hüquq elmləri, yerşünaslıq, təbiətşünaslıq, ailə və əxlaq problemləri, fəlsəfə, musiqi, həndəsə, triqonometriya, sferik triqonometriyanın əsası qoyulur. Dünyada o vaxt belə bir zəngin Elmlər Akademiyası olmamışdır. Avropada belə bir müəssisə yalnız XV, XVI əsrlərdə yaranmağa başlamışdır(1*).

Sonrakı illərdə Azərbaycan müharibələr burulğanına düşməsəydi və Marağada təbii fəlakət baş verməsəydi, şübhəsiz ki, “Elm və müdriklik evi” kimi tanınan möhtəşəm Marağa “Elmlər Akademiyası” bütün elmlərin inkişaf etdirilməsi üçün bəşəriyyətə qiymətli kadrlar hazırlayar və orada yaradılan elmi nailiyyətlər, dünya elm xəzinəsinə qiyməsiz kəşflər bəxş edərdi.

1271-ci ildən tam istismara verilən Marağa rəsədxanası 1300-cü ilə qədər (həmin ildə baş verən zəlzələ rəsədxananı yararsız hala salmışdı) fəaliyyət göstərə bilmişdir. V. V. Bartold qeyd edir ki, “Marağa rəsədxanasında aparılan tədqiqatların elmin inkişafına göstərdiyi təsir Uluqbəy rəsədxanasına qismət olmadı. Uluqbəyin rəsədxanası onun əsasını qoymuş bu adamın vəfatı ilə eyni zamanda öz fəaliyyətini başa vurdu. Rəsədxananın yeganə əməkdaşı Əli Quşçu Səmərqəndi tərk edib Türkiyəyə gedir və 1474-cü ildə Konstantinopolda vəfat etdi… Uluqbəydən sonra müsəlman astronomiyası heç bir müvəffəqiyyət qazana bilmədi”.

1 Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti 2002 il 28 iyunda dahi Azərbaycan alimi Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr olunmuş “Nəsirəddin Tusinin elmi xidmətləri və Nəsirəddin Tusi yazıçı-tədqiqatçı Ramiz Qasımov yaradıcılığında” mövzusunda keçirilən elmi-praktik konfransda akademik Maqsud Əliyevin çıxışı.

Marağada möhtəşəm rəsədxananın inşası

XIII əsrin ikinci yarısında hər hansı bir dövlət başçısı Azərbaycanda rəsədxana tikdirmək fikrində deyildi. Lakin görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin (1201-1274) şəxsi təşəbbüsü ilə, həmin dövrdə dünyada, zəmanəsinə uyğun olaraq ən böyük rəsədxanalardan biri tikilmişdi. Hələ Bağdadda olarkən alim elm ocağının tikdirilməsi razılığını hökmdardan almışdır. Tusi Hülaku xanı əmin etmışdi ki, belə bir – elmi mərkəzin – yaradılması bir çox elmlərə xeyir verə bilər.
Erkən orta əsrlərdəki Azərbaycan Renessansı





















Rəsədxananın tikintisi həddindən çox məsrəf tələb edirdi. Əvvəlcə bu işi həyata keçirmək məqsədəuyğun sayılmırdı. Həmin tikintinin xeyirli olduğunu Tusi elmi əsaslarla hökmdara izah etmişdi.

Alim Hülaku xana bunu çox sadə üsulla izah etmişdi. Göy guruldaması, şimşək çaxması, ildırım qopması, küləyin əsməsi, tufanın qopması, leysan yağışının yağması, sellərin daşması, quraqlığın yaranması, göy cisimlərinin hərəkəti və onların Yer ilə toqquşmasının mümkünlüyü hər bir hökmdar üçün maraqlı idi. Müharibə başlayanda döyüş zamanı və hərbi yürüş zamanı bütün bu amilləri biləndə, qələbənin sürətlə əldə olunmasına böyük zəmin yaranar.

Bağdad işğal ediləndə Hülaku xanın əlinə böyük qənimət keçmişdi. Fürsətdən istifadə edən Tusi rəsədxananın tikilməsində iştirak edən və həmin elm ocağının fəaliyyətində müsbət rol oynayan alimlərə həmişəlik maaş kəsilməsinə nail olmuşdu. Bu məvacib böyük alimin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi. Ümumiyyətlə, Tusi nəinki özü və ya rəsədxanada çalışan işçilər üçün, hətta Azərbaycanda yaşayan bütün sənətkarların maddi rifahınin yaxşılaşmasına böyük səy göstərmişdi.

Tusi hələ Bağdadda olarkən bütün qiymətli kitabların Marağaya göndərilməsini tapşırmışdı. O, görkəmli və tanınmış alimlərin axtarılıb tapılması ilə ciddi məşğul olmuşdu.

Marağa rəsədxanasının tikintisinə 1259-cu ildə şəhərin qərbindəki təpənin döşündə başlanır. Rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların quraşdırılmasında şəxsən Tusinin özü iştirak etmişdi. Bu tikintiyə bir neçə bacarıqlı arxitektor Marağaya dəvət olunur. Bu işdə alim, Dəməşqdən çağırtdırdığı Müəyyidəddin Ordiyə möhkəm bel bağlayırdı. Tusi görkəmli astronom və konstruktor M. Ordi ilə birlikdə rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırır. Yeni cihazları alimlərin özləri işləyib hazırlayırlar. Bundan əlavə Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədi ilə istifadə olunan Yer və Göy qlobusları da hazırlanmışdı.

Rəsədxananın tikinti layihələri Tusinin rəhbərliyi və iştirakı ilə memar Fəxrəddin Əhməd ibn Osman əl-Əmin əl-Maraği tərəfindən hazırlanmışdı. Tikinti gedən zaman şəxsən Hülakü xanın özü 1262-1263-cü illərdə Marağaya gəlmişdi.

Orada 16 əsas və köməkçi bina tikilmişdi. Binaların birinci əsas qismində astronomik müşahidələr aparmaq üçün lazım olan cihazlar quraşdırılmışdı. İkinci köməkçi binalarda mədrəsə, kitabxana, emalatxana, alimlər üçün iş otaqları yerləşirdi. Rəsədxananın hasara alınmış sahəsində məscid tikilmişdi.
Erkən orta əsrlərdəki Azərbaycan Renessansı
Onlardan yeddisi dairəvi formada idi. Tikililərin ortasında isə rəsədxananın əsas qülləsi ucalırdı. Dairəvi şəkildə olan qüllənin daxildən eni 22 metrə bərabər idi. Elə astronomların və riyaziyyatçıların da əsas iş otaqları həmin qüllədə yerləşirdi. Tusi, Ordi, Fao Mun-Çi, Qütbətdin Şirazi bütün günlərini, qüllədən göydəki ulduzların və başqa Göy cisimlərin müşahidə etməklə, orada keçirirdilər.

1965-1966-cı illərdə İran alimləri dağıdılmış rəsədxananın yerində qazıntı işləri aparmışdılar. Onlar bu haqda böyük hesabat hazırlayaraq, rəsədxana kompleksinin və onun ətrafında olan bütün coğrafi obyektlərin sxemini tərtib etmişdilər.

Qazıntılar zamanı eyni zamanda beş sferik bina aşkar edilmişdir.

Bu tikili həmin dövr üçün ən möhtəşəm elm ocaqlarından biri sayılırdı. XIII əsrin ortasına kimi Şərqin heç bir bölgəsində o irilikdə rəsədxana tikilməmişdi. Xaricdən gələn nümayəndələr xüsusən də, Çindən və Orta Asiyadan gələn monqol nümayəndələri, rəsədxananın möhtəşəm tikintisinə baxanda heyrətlənir və öz vətənlərinə, Tusi və onun həmkarları barəsində yaranan xoş təəssüratlarla yollanırdılar.

Təpənin üstündə uzunluğu 350 metr, eni 150 metr olan bir sahədə, rəsədxananın cihazları yerləşdirilmişdi. Əsas binalarda Göy cisimlərini müşahidə etmək üçün lazım olan cihazlar quraşdırılmışdı. Köməkçi binalarda mədrəsə, kitabxana, cihazqayırma, metaltökmə və başqa emalatxanalar, alimlər üçün iş otaqları yerləşirdi. Rəsədxananın sahəsində məscid də tikilmişdi. Tusinin layihəsinə əsasən, Marağa rəsədxanası nəinki Azərbaycanda yaşayan elm adamları üçün, hətta dünyanın hər bir bölgəsində yaşayan aqil insanların yaşayıb-yaratmasına böyük zəmin yaratmalı idi. O, əvvəlcədən Hülaku xana bildirmişdi ki, rəsədxana hazır olub istismara veriləndən sonra Marağanın qapıları, Azərbaycanın hüdudlarından kənarda yaşayan hər bir əcnəbi adamın üzünə açılmalıdır.

Arada gedən müharibələrə və iğtişaşlara baxmayaraq astronomiya, riyaziyyat, həndəsə, coğrafiya elmləri dünyanın hər bir ölkəsində inkişaf etdirilib yüksək zirvəyə qaldırılmalıydı. Alimin fikrincə, iri bir səltənəti idarə edən hər bir hökmdara müharibələrdən çox, aqil insanların yetişdirilməsi və həmin alimlərin vasitəsilə elmin hər hansı bir sahəsinin inkişaf etdirilməsi lazım idi.

Tarixi qaynaqlara əsasən artıq məlum olub ki, Marağa rəsədxanasından əvvəl Azərbaycanda daha başqa bir rəsədxana olmuşdur. Tarixi sənədlərə istinadən professor E. Mehrəliyev yazır: “O, (yəni, Kafiəddin Ömər Osman oğlu Şirvani – R. D.) Şamaxının yuxarı hissələrində observatoriya da yaratdı. Oraya Əbdülkərim Şirvanini və Fələki Şirvanini, onların tanışlığı ilə başqa bir yerlərin də astronomlarından cəlb etdi. O, elmdə geosentrik sistemin tərəfdarı idi.

460 16/ coğrafi uzunluqda və 370 23/ enlikdə yerləşən Marağa şəhəri Urmiya gölünün şərq sahilindən düz xətlə təqribən 35 km uzaqda və okean səthindən 1613 metr yüksəklikdə idi. Şəhərin istehkamları və şəhər divarları Harun ər-Rəşidin vaxtında tikilmişdi. Yaqut əl-Həməvi yazırdı ki, “Marağa Azərbaycanın ən böyük və məşhur şəhəridir. Burada çoxlu qədim abidələr, mədrəsə, tikintilər vardır… Bu yerlərdə yaşayan azərbaycanlılar xoşxasiyyət, qırmızı yanaq, simaları ağ, xoş münasibətlidirlər”.

Marağa şəhəri ilə bağlı Həmdullah Qəzvini yazmışdı: “Bu böyük şəhərdir, əvvəllər Azərbaycanın paytaxtı olub, şimaldan Səhəd dağı ilə başlayır… Şəhərin türk əhalisi ağsifətlidir. Şəhərdə toxunan tumac və xalçalar məşhur idi. Burada mərmər də istehsal olunurdu”.

Həyatının demək olar ki, bütün hissəsini elmə qurban verən Tusi çalışırdı ki, vaxtı ilə necə Afina, Roma, İsgəndəriyyə dünyanın mədəniyyət, incəsənət və elmi-tədris mərkəzləri sayılırdı, özünün yaşadığı və ondan sonrakı dövrdə Marağa da həmin funksiyanı yerinə yetirsin. Bunun üçün böyük imkanlar vardı: birincisi, İlxanilər dövləti qüdrətli ölkəyə çevrilmək üzrə idi: ikincisi, isə onun taxt-tacında əyləşən hökmdarlar zəmanəsinin əzəmətli hakimləri sayılırdılar. Belə bir ölkəni işğal etməyə heç bir hökmdar cürət etməzdi.

Tikinti ilə bağlı çox az sayda sənədlər gəlib bizim günə çatıbdır. Tusi bu məsələyə müəyyən mənada “Zic Elxani” əsərinin müqəddiməsində toxunur. İlk növbədə alim Marağadakı elm və tədqiqat ocağını həmin dövrə qədər dünyada məşhur olmuş və fəaliyyət göstərmiş başqa rəsədxanalarla müqayisə edərək, onların arasındakı fərqləri sadalamışdı. O, yazmışdı: “Rəsədxana 30 ildən az müddətə, yəni yeddi ulduz dövrü ərzində tikilə bilməz. 30 ildən artıq vaxt lazımdır ki, bu iş təkmilləşdirilsin. Rəsədxananın əsasını qoyan padşahımız buyurdu ki, 12 ilə qurtarsın. Biz ona dedik ki, ruzigar vəfa versə başa çatdırarıq…

Bizdən əvvəl tikilmiş rəsədxanalardan ən mötəbəri Əbərxəs rəsədxanası olmuşdur və onun tikilməsindən bizim dövrümüzədək 1400 ildən artıq dövr keçmişdir. Əbərxəs rəsədxanasından sonra Ptolemey rəsədxanası, o dövrdən sonra Bağdadda Xəlifə Məmunun dövründə müsəlman rəsədxanası tikilmişdir. Həmin rəsədxananın tikilməsi ilə Marağa rəsədxanasının tikilməsinin başlanması arasında 430 il fasilə var.

Sonra o dövrə qədər Şam ətrafında Bəttani rəsədxanası, Misirdə Hakimi rəsədxanası, Bağdadda İbn Ənəm rəsədxanası tikilməyə başlanmış, lakin heç biri başa çatdırılmamışdı. Bizim rəsədxanaya müvafiq olanı Hakimi və İbn Ənəm rəsədxanalarıdır. Hər iki rəsədxananı bizim rəsədxananın tarixindən 250 illik bir dövr ayırır. Bütün keçmiş rəsədxanaların hamısına nəzər saldıq, məlum olan şeyləri tikib düzəltdik. Ömür vəfa etsə dünya padşahının dövlətinin köməyi ilə bundan sonra da bizə nə məlum olsa, qurub yaradacağıq…”

Rəsədxana 12 ilə tikilərək 1271-ci ildə istifadəyə verildi.

Marağa rəsədxanasının binalarının daxili divarlarına çəkilmiş təsviri sənət nümunələri olduqca diqqəti cəlb edir. Bu divarlarda planetlərin şəkilləri, Ayın və onun 12 bürcünün mövqeyinin maketləri, Yer kürəsinin şəkil və təsvirləri, gecə və gündüzün uzunluğu, adaların müxtəlif mövqeləri və coğrafi ərazisi, dənizlərin ölçüləri təsvir edilmişdi. Bir sıra əsərlərdə astronomlar iş fəaliyyəti zamanı, cihazların fonunda təsvir edilmişdir2.

Tusi rəsədxanada aparılan elmi işlərin mahiyyətinə görə orta əsr akademiyası yaratmağa müvəffəq olmuşdur. Monqolların adı Avropa ölkələrində vahimə yaratmasaydı, çox güman ki, xristian dövlətlərində yaşayan, elmə böyük həvəs göstərən tələbələr və humanistlər təhsil almaq üçün elə Azərbaycana gələ bilərdilər.

Mənbə:

2 B. Rzayev. Bəşəri düha: Mühəmməd ibn Mühəmməd ibn Həsən – Nəsirəddin Tusi (XI) “ADPU nəşriyyatı”, Bakı, 2014. səh. 69-70
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ