Postmüharibə sindromu

Vahid Qazi

29 yanvar, 2021

Sovetin təzəcə çökən vaxtları idi. Turist firması Ladoqa gölündə yerləşən Valaam adasına iki günlük gəmi səfəri təşkil edirdi. Sankt-Peterburqa gəlmişkən oranı da görək deyib dostlarla səyahətə çıxmışdıq.

O vaxt Valaam pravoslav monastırı fəaliyyətini bərpa etməyə başlamışdı. Əvvəl əlillər eviymiş. Sonralar oxudum ki, bu gözəl ada və yaraşıqlı qədim dini abidəni kommunistlər dəhşətli bir evə çeviribmiş. Niyə? Necə?

1941-1945 müharibəsindən sonra sovet xalqı qələbənin eyforiyasını yüz minlərlə əliliylə birgə yaşayırdı. Kinolarda görmüş olarsınız, əlini, ayağını, gözünü itirmiş müharibə veteranlarını – qoltuq ağacı ilə şəhər meydanlarını dolaşan, döyüş şücaətlərindən şövqlə danışan, qarmon çalan, içib keflənən, yoldan keçənlərlə zarafatlaşan gülərüz qəhrəmanları.

Əslində reallıq başqa idi. Qalib ölkə onu canı bahasına xilas edən müharibə əlillərinə yiyə dura, onların qayğılarını qarşılaya bilmirdi. ”Heç nəyə yaramayan” yüz minlərlə qolsuz, ayaqsız əlil talenin ümidinə buraxılmışdı, səfalət içində sürünür, küçələrdə dilənçilik edirdi.

1940-cı illərin sonunda Stalin rejimi problemi özünə xas metodla həll etməyə girişdi – sovet xalqının gözünü “mazol” eləmiş, sinəsində medallar cingildəyən “dilənçiləri” küçələrdən yığışdırmaq qərarına gəldi.

Yevgeni Kuznetsov “Valaam dəftəri” kitabında bu haqda belə yazır: “…Bunun qeyri-formal, həqiqi səbəbi yüz minlərlə əlsiz, ayaqsız, dilənçi təəssüratı yaradan əlilin vağzallarda, qatarlarda, küçələrdə, harada gəldi orada müzəffər sovet xalqının gözünü yağır eləməsi idi. Sinəsi ordenlə dolu biri çörək dükanın qarşısında dilənir. Yaramaz belə! Nə olur-olsun bunlardan can qurtarmaq gərəkdir! Amma necə etməli, hara yığmalı?

Adalara, köhnə monastırlara! Gözdən-könüldən uzağa. Bir neçə ay ərzində qalib ölkə küçələri “ayıb”dan təmizlədi! Beləcə Kirillo-Belozer, Qoritsk, Aleksandro-Svirsk, Valaam və başqa adalarda əlil evləri yarandı…”

Bir dəfə yazmışdım ki, demokratik toplumlarda olduğu kimi despotik cəmiyyətlərdə də vətəndaşlar bərabərdir. Amma birincidə onlar hər şeydir, ikincidə heç nə.

Bilmirəm postmüharibə sindromu bizdə araşdırılıbmı?! Açığı, rastıma çıxmayıb.

Tibb elmində adına posttravmatik stress pozuntusu deyilən bu sindromu ağır müharibələrdən keçmiş bütün toplumlar yaşayıb. Bunun həmin toplumların demokratik, yaxud despotik olmasına dəxli yoxdur. İstər Vyetnam müharibəsində məğlub olmuş ABŞ kimi azadlıqlara açıq, istərsə də 1941-1945 müharibəsini udmuş SSRİ kimi totalitar ölkə.

Məsələ bundadır ki, bu sindromu tək məğlub tərəf ağrılı keçirmir, elə qaliblər də yaşayır. Söhbət birinin eyforiya, o birinin depressiya halından getmir. Keyi açılan yaranın ağrısı başlayan kimi, müharibə havası çəkildikcə toplumda onun ağır fəsadları yavaş-yavaş boy verir.

Müharibədən çıxmış insanın (toplumun) psixoloji durumundan bəhs edən çox kitab yazılıb, film çəkilib, incəsənət nümunəsi yaradılıb. Məsələn, bu yazı üçün seçdiyim amerikan rəssam və yazar Tomas Linin ”İki min yardlıqdan baxış” rəsmi kimi.

Yaxud çoxunuzun gördüyü ”Rembo: ilk qan” filmi kimi. Stallonenin ən çox bəyəndiyim filmidir.

ABŞ-da Vyetnam müharibəsinin faciələri, travması uzun illər keçməsinə baxmayaraq indi də müzakirə mövzusuna çevrilir. Azadlıqlara qapalı ölkələrdən fərqli olaraq azad və güclü dövlət ən ağrılı problemlərin belə açıq müzakirəsindən qaçmır, həll yollarını cəmiyyətlə birgə tapmağa çalışır.

Özümüzdən danışaq.

Son vaxtlar şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının üzləşdiyi problemlərlə bağlı yazılar ölkə gündəmində daha çox yer almağa başlayıb. Əsgər intiharı, şəhid qəbirləri, əsgər maaşlarının ikiqat azaldılması və bu sayaq xəbərlər fonunda müharibədən qayıtmışların psixoloji durumu, toplumun nəbzi daha aydın duyulur, görünür. Bunlar həmin sindromun ilkin əlamətləridir.

44 günlük qalibiyyət müharibəsindən sonra bizim də təkrar belə bir sindrom yaşayacağımız gözləniləndi. Əvvəlki Qarabağ müharibəsində bu sindromun o qədər də qabarıq üzə çıxmamasının səbəbləri vardı – 20 yanvar şoku, Xocalı qırğınının travması, siyasi təlatümlər sözügedən sindromu kölgədə qoyurdu. İndi də güman etmək olardı ki, sindromu koronavirus pandemiyası və onun daha da qəlizləşdirdiyi işsizlik, yoxsulluq arxa plana keçirər. Amma görünür, belə deyil. Problem üzdədir və getdikcə özünü göstərir.

TV-lərdə gördüyüm odur ki, bizdə şəhid ailələrinə, Qarabağ qazilərinə, müharibə veteranlarına qayğı var: ”YAŞAT” Fondunun yaradılması, evlərin, maşınların verilməsi, əzalarını itirənlərin protezlə təmini, psixoloji yardım üçün Türkiyədən psixoloqların dəvət olunması və başqa işlər. Bunlar problemin həllinə yetərlidirmi? Baxaq görək.

Dövlətimiz varlıdır, bu, postmüharibə sindromunu nisbətən yüngül keçirməyimizə imkan verir – sosial, məişət problemlərini həll etmək baxımdan deyirəm. Amma fikrimcə, bu sindromun ən ağrılı halını bizə Qarabağda rus qoşunlarının, erməni separatçılarının mövcudluğu yaşadacaq.

Əgər Azərbaycan xalqının postmüharibə sindromunu, ələlxüsus da onun depressiv halını yaşamasını istəmiriksə, dirəniş göstərib Rusiya qoşunlarını torpaqlarımızdan çıxarmalıyıq.

Əks halda toplum bu sualla üz-üzə qalacaq: minlərlə qurban Qarabağın yarısı rusa-erməniyə qalsınmı deyə verildi?

Hələ çapovulçu, rüşvətxor, güllə səsi eşitməyən, fərari, mənəvi aşınmış məmur ordusu ilə üz-üzə qalan şəhid ailələrinin, qazilərin yaşadıqları haldan danışmıram…

Bu xəbəri paylaşın: